Əlaqə Arxiv
news Image
2015.09.07
14:20
| A A A
Yeni tədris ilində 3472 şagird təmayül siniflərində təhsil alacaq

Yeni tədris ilində 3472 şagird təmayül siniflərində təhsil alacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayül sinfi yaradılıb. Təmayül sinifləri olan məktəblərin 42-si Bakıda, 4-ü Gəncədə, 5-i Sumqayıtda, 3-ü Mingəçevirdə, 1-i Şirvanda yerləşir. Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, təbiət və humanitar fənlər üzrə bölünüb. Ən çox şagird riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdədir. Təbiət təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı isə digərlərindən azdır.

Tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət olub.

Nazirlikdən bildiriblər ki, layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyl və arzularına uyğun təşkil edildiyi üçün təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.



Sizin Reklam Yeriniz