Əlaqə Arxiv
news Image
2015.09.08
15:32
| A A A
Ümumdünya Səhiyyə Təşkilatından Azərbaycanda peyvəndlərin təhlükəsizliyi ilə bağlı-Açıqlama

Bu gün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda "Vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər üzrə ÜST-ün Avropa regional müşavirəsi" keçirilib.  Movqe.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan institutun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bu cür seminarların keçirilməsinin Səhiyyə Nazirliyi tərəfindən dəstəkləndiyini söyləyib. N. Quliyev bildirib ki, vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlərlə bağlı müşavirənin  məhz K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilməsinin böyük əhəmiyyəti var: "Ölkə başçısının səhiyyə sahəsinə diqqəti, Səhiyyə Nazirliyinin bu cür tədbirlərə dəstək verməsi ölkədə uşaqların sağlamlığının qorunmasının priotet olduğundan xəbər verir. Bizim institutun qapısı hər zaman bu cür marifləndirici tədbirlərin keçirilməsinə açıqdır. İnanıram ki, bu tədbirdə ediləcək məruzələr uşaqların peyvənd edilməsinin nə qədər əhəmiyyətli olmasını bir daha önə çəkəcək".  

Daha sonra çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisində yeni vaksinlərin tədqiqi üzrə eksperti Dr. Ludmila Mosina Azərbaycanda peyvəndləmənin əhatə dairəsinin qaneedici olduğunu söyləyib: "Azərbaycanda vaksinlər üzrə əhatə dairəsi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qane edəcək səviyyədədir. Sizin ölkəniz Avropa ölkələrindən peyvəndləmənin əhatə dairəsinə görə, heç də geridə qalmır. Yalnız bəzi hallarda vaksinlərin tətbiqində gecikmələr olur". 

L. Mosina bildirib ki, Azərbaycanda peyvəndləmənin əhatə dairəsi qaneedici olsa da, ən yüksək nəticə üçün ÜST tərəfindən bu cür seminarların təşkili məqsədəuyğundur. L. Mosinanın sözlərinə görə, bəzən Azərbaycanda 1 yaşında vurulacaq peyvənd uşaqlara 2 yaşa yaxınlaşdıqda vurulur. Buna səbəb isə bəzi xəstəliklərə görə uşaqlarda peyvəndin müvəqqəti dayandırılmasıdır. L. Mosina bəzən Azərbaycanda uşaqlara göy öskürəyə qarşı peyvəndin  edilməsindən valideynlərin imtina etməsi halları olduğunu, bunun düzgün olmadığını söyləyib: "Sizin ölkənizdə peyvəndləmənin əhatə dairəsinin geniş olması aidiyyatı səhiyyə qurumlarının bu işdə öz üzərinə düşən vəzifəni yerinə yetirdiyindən xəbər verir".

Daha sonra tədbirdə çıxış edən vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər üzrə ÜST-ün məsləhətçi eksperti Federika Martinon Torres Azərbaycanda vaksinlərin keyfiyyəti ilə bağlı yaranmış narahatçılıqlara aydınlıq gətirib: "Azərbaycanın istifadə etdiyi vaksinlər də digər Avropa ölkələrinin istifadə etdiyi vaksinlər kimi təhlükəsizdir. Çünki, vaksinlər istehsal olunduqdan sonra bir neçə dəfə testlərdən keçirilir. Eləcə də satışa buraxılmazdan öncə təkrar yoxlanılır. Eyni zamanda istifadəyə buraxlarkən monitorinqi aparılır". 

ÜST-ün eksperti çox nadir hallarda peyvəndin fəsadlarının yarandığını söyləyib. Onun sözlərinə görə, Milli İmmunlaşdırma proqramına daxil edilən hər bir peyvəndin təhlükəsizliyinə 100 faiz zəmanət verilir.













Sizin Reklam Yeriniz