Əlaqə Arxiv
news Image
2015.09.10
09:00
| A A A
Miqrant böhranı Avropanın iç üzünü faş etdi
Elman Məmmədov: “Avropa ölkələrinin, Qərbin ərəb dünyasında apardığı siyasət bu fəlakətə gətirib çıxarıb” Musa Qasımlı: “Əzilmiş, yaşamaq üçün ümidlərini itirmiş, həyatları viran qalmış qaçqınlara Avropada mənfi münasibətin bəslənilməsi “qoca qitə”nin mənəvi böhranının göstəricisidir”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev öz yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə Avropaya son zamanlar uz tutan miqrantlar məsələsinə də toxunub. Çıxışı zamanı prezident miqrantlara qarşı Avropada geniş bir kampaniya aparılırmasını da sərt tənqid etdi: "İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın,- hansı ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar,-Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir. Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə, onların fəlakətidir. Avropa İttifaqının siyasətinə gəlincə, indi həyat göstərər Avropa İttifaqı bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiqdir. İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara işgəncələr verilir, onların ləyaqəti alçaldılır. Onlara qarşı sanki geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var. Biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq. Bütün məsələlərlə bağlı bizim mövqeyimiz ədalətli mövqedir. Biz ədalətli mövqeyi müdafiə edərək bu siyasətlə, bu işlərlə barışa bilmirik. Bir sözlə, bu gün dünya xəritəsində dəyişikliklər baş verir".

Xatırladaq ki, son zamanlar hərbi əməliyyatların getdiyi Suriya, İraq, Əfqanıstan və bəzi Afrika ölkələrindən Qərbi Avropaya geniş miqrant axını baş verir. Amma hər zaman insan haqlarından danışan Qərb həmin qaçqın miqrantlara münasibətdə özlərinin bu dəfə vəhşi simasını ortaya qoyur.

Millət vəkili Elman Məmmədov hesab edir ki, Avropanın miqrantlara münasibətdə yeritdiyi yarıtmaz siyasət bu məkanda mənəvi dəyərlərin tam olaraq aşınmasının nəticəsidir: "Yaxşı atalar sözü var, "dərin qaz, özün düşəcəksən". Yaxud da, "nə əkərsən, onu da biçərsən". Hazırda Avropa ölkələrinin, Qərbin ərəb dünyasında apardığı siyasət bu fəlakətə gətirib çıxarıb. Yəni, hazırkı vəziyyətin yaranması, Avropaya olan miqrant axını, Qərbin ərəb dünyasında uzun illər apardıqları siyasətin, orada yaratdıqları münaqişə və müharibələrin, fəlakətlərin nəticəsidir. Bu birmənalıdır. Heç kim doğma ata-baba yurdunu, öz evini-eşiyini qoyub heç yana getməz. Hamı bu müharibə, fəlakət və aclıqdan canını götürüb qaçır. Onların hərəkət etdiyi məkan da Avropadır. Amma Qərb həmin miqrantlar arasında dini, irqi ayrı-seçkiliyə yol verir. Belədə özlərinin elan etdikləri insan azadlıqlarını ən kobud şəkildə pozurlar, dini dözümsüzlüyə yol verirlər. İndi də Avropa özünün törətdiyi siyasət nəticəsində yaranan miqrant, qaçqın axınının qurbanına çevrilib. Bu vəziyyəti yaranmasına səbəb də Qərb tərəfindən ərəb ölkələrində törətdikləri fəlakətlər olub. Belədə Avropanın borcudur ki, həmin qaçqınlara sahib dursun, onlara şərait yaratsın. Lakin Qərbin dini dözümsüzlük nümayiş etdirməsi, müsəlman qaçqınlara münasibətdə amansız olması insan haqlarının kobud şəkildə pozulması halıdır.

1992-1993-cü illərdə 7 milyonluq Azərbaycan özünün 1 milyonluq qaçqın və məcburi köçkününə sahib oldu, onları yerləşdirdi, qayğısına qaldı, problemlərilə məşğul oldu. Ancaq bu gün yarım milyarda yaxın əhalisi olan Avropa 150-200 min miqrant və qaçqının əlində qalıb və nə edəcəklərini bilmirlər. Amma həmin Qərb ölkələri indi Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır. Onlar Azərbaycanın o dövrdəki vəziyyəti ilə özlərinin hazırkı vəziyyətlərini müqayisə etsin və qiymət versinlər. Orada miqrantlara qarşı nə edirlərsə, bu Qərbin öz problemidir. Ancaq miqrantlara qarşı belə münasibət Avropanın özündə öz vətəndaşları arasında da qarşıdurmalara səbəb olacaq. Onlar da sonda miqrant, qaçqın axını ilə hesablaşmağa məcbur olacaq".

Millət vəkili Musa Qasımlının fikrincə, Avropada miqrantlara qarşı yarıtmaz münasibət "qoca qitə"nin mənəvi böhrana uğramasının nəticəsidir: "Əzilmiş, yaşamaq üçün ümidlərini itirmiş, həyatları viran qalmış qaçqınlara Avropada mənfi münasibətin bəslənilməsi "qoca qitə"nin mənəvi böhranının göstəricisidir. Özlərinin yürütdüyü siyasət üzündən ali hüquq olan yaşamaq hüququnu itirən bu insanlara əl uzatmaq, qucaq açmaq əvəzinə, onları sıxışdırmaq Avropanın bəzi dairələrinin iç üzünü, əsl simasını açıb göstərir. Bu münasibətin demokratiya ilə, bütövlükdə insanlıqla heç bir əlaqəsi yoxdur. Mühacirlərə olan münasibəti gördükdə tam olaraq belə bir fikir formalaşır. İnsanlara bir tikə çörək verməyən, sığınacaq ayırmayan, ali hüquq olan yaşamaq hüququnu təmin etməyən Avropa ölkələrinin demokratiya və insan haqlarından danışmağa mənəvi haqları yoxdur".




Sizin Reklam Yeriniz