Nəqliyyat vasitələrinin rahat və
maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks
tədbirlər çərçivəsində Binəqəqdi rayonunda bir-neçə küçənin
kəsişmələrinin təmirinə başlanılıb. Nəqliyyat
Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, təmir olunan ərazi
Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə
küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək
olan hissələridir. Uzun müddət təmir olunmadığı üçün yolun hərəkət
hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani
küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan
hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin
kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsindən
keçir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyac olan yerlərdə yol yatağı bərkidiləndən sonra əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burada 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq və 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə start verilib.
Nəqliyyat naziri və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdiriləcək. Bütün işlər yüksək keyfiyyətlə tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranmış müvəqqəti narahatçılığa görü üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarına çağırır.