Əlaqə Arxiv
news Image
2015.09.10
22:00
| A A A
Hotel və restoranlar milli xörəkləri necə təbliğ edir?

Azərbaycanda fəaliyyət göstərən hotel və restoranlarda milli xörəklərin təbliğatı yüksək səviyyədə təşkil olunmalıdır. Movqe.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.


O, qeyd edib ki, bu bir dünya təcrübəsidir: "Təbii ki, hər millət öz yeməklərini təqdim edir. Demək olmaz ki, yalnız Azərbaycan xörəkləri verilsin. Ancaq istər-istəməz Azərbaycanda fəaliyyət göstərən hotellərdə milli xörəklər təbliğ olunmalıdır. Bu, eyni zamanda, turizm siyasəti baxımından əhəmiyyətli bir metoddur".


N.Cəfərovun sözlərinə görə, demək olmaz ki, hotellərdə milli xörəklərin təqdimatı pisdir, amma bunu daha yaxşı səviyyədə təşkil etmək olar.


"Kulinariya mədəniyyəti haqqında" qanun layihəsinin hazırlandığını deyən N.Cəfərov bildirib ki, bu qanun da məsələyə müəyyən təsir göstərəcək: "Ən azından qanun hotellər qarşısında bir mənəvi şərt qoya bilər. Digər tərəfdən də qanun varsa, istər-istəməz bir məsuliyyət də yaranır".


Məsələyə münasibət bildirən Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov hotel və restoranlarda milli xörəklərin təbliği səviyyəsindən razı olmadığını bildirib.


Onun fikrincə, hotel və restoranlarda bu istiqamətdə idarəetmə dəyişməlidir, daha çox milli xörəklər təqdim olunmalıdır: "Dünya Turizm Təşkilatının 80 ölkə üzrə apardığı tədqiqatların nəticələrinə görə, ölkə turistlərin yadında 82 faiz milli mətbəxinə görə qalır. Yəni əgər bu rəqəm 82 faizdirsə, Azərbaycanda olan hotel və restoranların menyularında da xörəklərin ən azı 82 faizi milli xörəklər olmalıdır. Turist başqa ölkəyə öz yeməklərini yemək üçün getmir".


Sizin Reklam Yeriniz