Əlaqə Arxiv
news Image
2015.09.15
11:42
| A A A
“Papanın gül balalarını” məktəbə gətirən avtomobillərin özbaşınalığı cəzasız qalmır

Sentyabrın 15-də səhər tezdən başlayaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM), Dövlət Yol Polisinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bir sıra orta təhsil müəssisələrinin, xüsusilə yaxınlığında piyada keçidlərinin olduğu məktəblərin qarşısında birgə reydlər keçirilməsinə, əhali arasında yerindəcə maarifləndirmə işlərinin aparılmasına başlanıb.


Bunu Movqe.az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.


Ş.Mehmanqızı qeyd edib ki, reyd zamanı bir sıra məktəblərin qarşısında sürücü və piydaların yol hərəkəti qaydalarının kütləvi şəkildə pozduqları müşahidə edilib: "Reyd zamanı "papanın gül balalarını" məktəbə gətirən avtomobillərin ərazidə qanunsuz park etmələri müşahidə etdik. Məsələn, 132 saylı məktəbin qarşısında metronun "İçərişəhər" stansiyasının qarşısında yol polisi əməkdaşlarının ərazidə dəfələrlə xəbərdarlığına baxmayaraq, yolun hər iki tərəfi qanunsuz olaraq saxlanmış avtomobillərlə dolu idi. Yol polisləri də bort-kompüterlər vasitəsilə ucdantutma, kimliyindən asılı olmayaraq, sahibli-sahibsiz onların hamısını cərimələdilər. Lakin təəssüf ki, cərimə olunmalarına baxmayaraq, yenə də sürücülər qanunsuz park etməkdə davam edirdi. Görünür, belə sürücülərə qarşı daha təsirli cəza tədbirləri görülməlidir".


NİİM-in sözüçüsü bildirib ki, gələn həftədən etibarən məktəblərdə şagirdlərə ictimai nəqliyyatdan və piyada keçidindən istifadə qaydaları ilə bağlı hamının anlaya biləcəyi üslübda hazırlanmış braşürlər paylanacaq və bu işlər davamlı olacaq: "Bu gün məktəbə gələn valideyn və şagirdlər piyada keçidi olduğu halda birbaşa yolun hərəkət hissəsi ilə keçib təhlükəli vəziyyət yaradırdılar. Kim yolu qaydasız keçirdisə, onlara nəzakətlə yaxınlaşıb deyirdik ki, burada piyada keçidi var və əgər siz keçə bilmirsizsə, gəlin biz sizi keçirdək. Onlar heç cərimə də olunmurdu. Qaça-qaça yolu keçən məktəblilərə yaxınlaşıb onlara qaydaları izah edirdik. Məqsədimiz ilk növbədə əhalini maarifləndirməkdir. Biz belə reydlərin və tədbirlərin sayını getdikcə artıracağıq".

Sizin Reklam Yeriniz