Əlaqə Arxiv
news Image
2015.09.22
18:34
| A A A
Ukrayna İTTİ-nin professoru İnna Malyukova ADNSU-nun qonağı oldu

Sentyabrın 22-də (bu gün) Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru, professor İnna Malyukova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı oldu. Professor-müəllim heyəti, tələbələrin iştirakı ilə akt zalında keçırilən görüşdə rektor Mustafa Babanlı çıxış etdi, qonağı salamladı və bu görüşün məqsədləri barədə məlumat verdi. 

Tədbirdə əsasən İnnovativ layihələrin ADNSU-nə gətirilməsi, Star-tap məktəblərin yaradılması, Texnologiyaların transferi üzrə mütəxəssis hazırlığı, İxtisasdəyişmə, ixtisasartırma və 2-ci təhsil üzrə məsələlərə yeni yanaşma metodları ətrafında müzakirələr oldu. Tədbirdə çıxış edən rektor M.Babanlı və İ.Malyukova ADNSU-nun nəzdnində Star – tap məktəbinin yaradılması ideyasını ortaya qoydular.

Professor İnna Malyukova çıxışı zamanı Star – tap layihələrdə gənclərin öz biznes ideyalarını uğurla həyata keçirmək üçün təlimatlandırılacağını dedi. Onun sözlərinə görə, bu təhsil proqramıdır və bunun üçün birinci növbədə məktəblər yaradılmalı, istəyi, marağı olan kreativ gənclər, o cümlədən aspirantlar, doktorantlar, eləcə də ideyaları olan aktiv tələbələr orada toplanmalıdırlar. 

O, təhsil naziri Mikayıl Cabbarovla görüşdə gəldiyi nəticələrə əsaslanaraq, Azərbaycanda bu cür layihələrin həyata keçirilnməsinə hərtərəfli dəstəyin veriləcəyinə ümid etdiyini qeyd etdi. 

"Biz Star-tap məktəblərində o insanları bir araya gətirdik ki, onlar biznes qurmağı və öz ideyalarını gerçəkləşdirməyi hər şeydən çox istəyirlər. Biz onlara öz kiçik biznes kampanıyalarını qurub, biznes ideyalarını gerçəkləşdirməyin yollarını öyrədirik. Birinci mərhələdə bütün istəyi olanları, texniki biliklərinin olub -olmamağından asılı olmayaraq qəbul edəcəyik. Sonrakı mərhələlərdə istər-istəməz seçim baş verəcək. Burada bacarığı, savadı olan kreativ gənclər qalacaq. Dərslər həftədə bir dəfə, tələbələrin dərs vaxtından sonra başlayacaq". 

Bu layihələrdə hələlik əsasən "SABAH" qruplarında oxuyan 100 nəfər gəncin iştirakı nəzərdə tutulur. Lakin istəyi və istedadı olan hər bir tələbə bu layihəyə qoşula bilər. 

Daha sonra rektor M.Babanlı və İ.Malyukova professor və tələbələrin suallarını cavablandırdılar. Görüş səmimi ortamda davam edən müzakirələrdən sonra yekunlaşdı. 



Sizin Reklam Yeriniz