Əlaqə Arxiv
news Image
2015.09.23
10:30
| A A A
Hava ilə gələn təhdid
Fəridə Hüseynova: “Bu gün Bakıda həddindən artıq nəqliyyat vasitəsi var” Araz Əliyev: “Çirkli hava insanlarda tənəffüs yolu xəstəliklərinin artmasına səbəb olur”

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 3 milyondan çox insan çirkli havanın səbəb olduğu xəstəliklərin qurbanı olur. Əgər zərərli qazlara qarşı tədbir görülməsə, 2050-ci ilədək bu say təqribən 2 dəfə artaraq ildə 6,6 milyon nəfərə çatacaq. Bütün xəstəliklərin kökündə çirkli hava dayanır.

Atmosferin toksik qazlarla çirklənməsi hipertoniya, onkoloji, xüsusən də tənəffüs sistemi xəstəliklərinin artmasına səbəb olur. Monitorinqlər ölkəmizdə havanın ekoloji vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Lakin bu, çirkli havadan tam sığortalandığımıza zəmanət vermir. Azərbaycan Yaşıllar hərəkatının sədri, ekoloq Fəridə Hüseynova hesab edir ki, Azərbaycanda bu sahədə vəziyyət nisbətən yaxşıdır: "Bir zamanlar ölkəmizdə sənaye müəssislərinin fəaliyyəti dayanmışdı. Yenidən işləməyə başlayanda isə həmin müəssisələrin modernləşməsi aparıldı. Ona görə də əvvəlki illərə nisbətən tullantıları azdır. Bu, ekoloji vəziyyəti yaxşılaşdırıb. Amma eyni zamanda bu gün Bakıda həddindən artıq nəqliyyat vasitəsi var. Hansı ki, onların da çox fiziki şəxslərə aiddir. Hətta avtobusların hansı yanacaqdan istifadə etməsi qanunla tənzimlənmir. Onlar da əsasən dizel yanacağına üstünlük verirlər. Dizel yanacağı isə benzindən fərqli olaraq daha çox tullantı ixrac edir. Avtomobilin özünün istismar müddətinin çox olması ilə əlaqədar isə havaya daha çox tullantı buraxılır. Amma artıq benzində "avro-4" standartına keçdiyimiz üçün nisbətən vəziyyət yaxşılaşıb. Azərbaycanda havanın çirklənməsinin əsas səbəbləri bunlardır. Havanın çirklənməsi həmçinin atılan zibilin səviyyəsindən asılıdır. Zibillər preslənir. Preslənmiş zibili isə çeşidləmək çətindir. Qarışıq zibilin yandırılması zamanı isə zərərli maddələr çox olur".Ekoloqun fikrincə, hazırda Bakı şəhərini Sumqayıtdan daha çirkli hesab etmək olar: "Amma rayonlarda da zibillənmə problemləri var".

Ekoloq Araz Əliyev bildirir ki, ölkəmizdə havanın çirklənmə dərəcəsi regionlar üzrə müxtəlifdir: "Kənd yerlərində də hava çirkliliyi müşahidə etmək mümkündür. Amma havanın çirklənməsi əsasən şəhərlərin payına düşür. Havanın küləkli olması isə onun təmizlənməsinə müsbət təsir göstərir. Ancaq meteoroloji hadisələrin də hava çirklənməsində rolu var. Bundan başqa, soyuq hava şəraiti də çirkləməni artırır. Çünki, soyuq havada insanların isinməyə daha çox ehtiyacı yaranır. Müxtəlif istilikvercilərdən istifadə edirlər ki, bu da çirklənmə dərəcəsini artırır. Odur ki, ölkəmizdə oktyabr-dekabr aylarında hava çirkliliyinə rast gəlinir. Bu proses mart-aprel ayının sonuna qədər davam edir. Bundan başqa, səhər 5.00-08.00 radələri, eyni zamanda 16:00 - 20:00 saatları arasında çirklilik daha da çoxalır".

Ekoloqun sözlərinə görə, Bakının havası ağır və nisbətən çirklənmiş hesab olunur: "Amma Bakı küləklər şəhəridir. Buna görə də hava təmizlənir. Ümumiyyətlə, təmiz hava üçün ilk növbədə yaşıllıqlar artırılmalıdır. Həmçinin, sənaye müəssisələrinin bacaları filtrlə təmin edilməli, evləri qızdırmaq üçün yüksək kalorili kömürdən istifadə olunmalıdır. Eyni zamanda hər il baca və soba boruları təmizlənməlidir. Həm də aşağı kalorili, havanı çirkləndirdən kömürdən istifadə olunmamalıdır. Paralel olaraq qızdırıcı və təbii qaz qazanlarına periodik nəzarət yetirilməlidir. Binalarda mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmalıdır. Ən əsası, ictimai nəqliyyat vasitələrinin mühərriklərinə nəzarət artırılmalıdır".

Müsahibimiz əlavə etdi ki, çirkli hava insanlarda tənəffüs yolu xəstəliklərinin artmasına səbəb olur: "Həmçinin, genlərə də təsir göstərir. Çirkli hava şəraitində anadan olan uşaqlarda anadangəlmə qüsurlar olur".



Sizin Reklam Yeriniz