Əlaqə Arxiv
news Image
2015.09.23
13:25
| A A A
Azərbaycanda 700-ə yaxın vakant dövlət qulluğu üçün imtahan keçirilir
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 avqustda elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 55 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan 693 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı mərhələsi bu gün – sentyabrın 23-ü başlayıb.


Komissiyadan verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 6585 nəfər qeydiyyatdan keçib. Onlardan 5112-ni gənclər təşkil edir. Test imtahanı qrafiki Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.


Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında ətraflı tanış ola bilərlər. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanı üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Həmçinin Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub da göndərilir.


İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.


Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:


- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;


- qanunvericilik sahəsində - 40 test tapşırığı;


- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;


- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.


Hər bir namizədə test imtahanını bitirdiyi an dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilir. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilir.


Maraqlanan şəxslər Komissiyanın rəsmi internet saytı vasitəsi ilə test imtahanlarının gedişini onlayn izləyə bilərlər.

Sizin Reklam Yeriniz