Əlaqə Arxiv
news Image
2015.09.24
11:35
| A A A
21 bəy-gəlində SPİD tapıldı

"2015-ci il iyunun 1-dən indiyə qədər təxminən 37 min nəfər nikahdan əvvəl tibbi müayinəyə cəlb edilib, bunlardan təxminən 3000 nəfərdə talassemiya daşıyıcılığı, 115 nəfərdə sifilis, 21 nəfərdə isə QİÇS aşkarlanıb".


Bu faktlar APA TV-də yayımlanan "Sosium" proqramında səsləndirilib.


Proqramın qonağı, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva nikahdan əvvəl tibbi müayinəyə cəlb olunan hər kəsin qanun layihəsinə müsbət yanaşdığını deyib: "Nikahdan əvvəl cütlüklərin tibbi müayinədən keçməsini nəzərdə tutan proqramın məqsədi məhz irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların doğulmasının qarşısını almaqdır. Hər bir ailə həm mənəvi, həm də bioloji baxımdan sağlam təməl üzərində qurulmalıdır. İrsi qan xəstəliklərinin daşıyıcıları praktik olaraq tam sağlam insanlar hesab olunurlar. Lakin ailə quran cütlüklərdən hər ikisi daşıyıcı olarsa, bu zaman dünyaya gələn uşaqlar xəstə, sağlam və xəstə genin daşıyıcısı ola bilərlər. Əgər ailə quran cütlüklərin birində talassemiya daşıyıcılığı olarsa, bu ailə üçün heç bir təhlükə yoxdur. İndiyə qədər müayinə olunanlar arasında 30 cütlükdə hər iki tərəfdə talassemiya daşıyıcılığı aşkar edilib. Belə cütlüklərə ailənin planlaşdırılmasına dair tibbi-genetik və tibbi-psixoloji məsləhətlər verilir.


Lakin heç bir halda belə cütlüklərin ailə qurmasına qadağa qoyula bilməz. Müayinələrin nəticələri həkim sirridir, digər tərəfin razılığı olmadan cütlüklərə bu barədə məlumat verilmir. Hər bir şəxsə onun sağlamlığı barədə məlumat verilir və verilən arayışda müayinənin nəticəsi göstərilmir. Artıq respublikanın bütün rayonlarında hematoloji kabinetlər fəaliyyət göstərir. Nazirlik tərəfindən müəyyən edilmiş bu müəssisələrə cütlüklər müraciət edirlər, orada qan nümunələri götürülür, İlkin qan nümunəsi skrininq test olunur. Digər qan nümunələri isə Elmi-Tədqiqat Hematologiya İnstitutuna göndərilir. Burada talassemiyanın təsdiqedici testləri, infeksiyalar – QİÇS və sifilisə görə müayinələr olunur".


Proqrama qonaq olan Respublika QİCS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov artıq bütün dünyada HİV və QİÇS-in sağalmaz xəstəlik hesab olunmadığın deyib: "Azərbaycanda hamilələrin və qan donorlarının HİV testinı cəlb olunması 100 faizdir. Ölkəmizdə həyata keçirilən HİV proqramının əsas mahiyyəti insanların öz HİV statusu barədə məlumatlı olması və bu müayinələrin əlçatanlığı idi.


Hazırda respublikanın istənilən tibb müəssisəsinə müraciət edən şəxs kart-testdən keçməklə dərhal HİV statusu barədə məlumat ala bilər. Bu istiqamətdə həyata keçirilən dövlət proqramının da məqsədi partnyorların HİV-ə yoluxma hallarının və HİV virusu ilə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2012-ci ildən etibarən bu xəstəlik uzunmüddətli, ağır gedişli xəstəliklər kateqoriyasına aid olunub. HİV artıq xroniki xəstəlik hesab olunur. Tibbi müayinə zamanı HİV aşkar olunan 21 nəfərdən 4-ü artıq ailəli şəxslərdir. Çox vaxt da rayonlarda ailə qurulur, uşaq məktəbə gedəndə, sənəd lazım olanda ailələr nikaha girirlər. Belə ailədə HİV aşkar olunanda uşaqları da yoxlayırıq, onlar arasında HİV-ə yoluxanları da var, lakin xoşbəxtlikdən bəzi ailələrdə hələ uşaq yoxdur. Onlar həkim nəzarəti altında sağlam uşaq sahibi ola biləcəklər. Bizə o zaman müraciət edirlər ki, artıq dəvətnamələr paylanıb, toyu təxirə sala bilmərik. Ona görə də bizim əsas mesajımız ondan ibarətdir ki, son anda yox, vaxtında müraciət etsinlər ki, fikirlərini dəyişmək imkanı olsun. Çox təəssüf ki, xəstəlik aşkar etdiyimiz o şəxslərin heç biri nikahdan imtina etməyib. Həyat yoldaşını HİV-ə yoluxdurduğu təqdirdə qarşı tərəfin ona qarşı cinayət işi açmaq hüququ var, lakin bunu bildiyi halda ailə quran şəxs belə iddia qaldıra bilməz. Tərəflərdən biri HİV infeksiyasına yoluxubsa xüsusi müalicə ilə onun virus yükü aşağı salınır və xəstəliyi digərinə keçirmək ehtimalı azalır, lakin burada 100 faiz qorunma mümkün deyil".


Zöhrə Əlimirzəyeva cütlüklərdən ikisi də irsi qan xəstəliyi daşıyıcısı olarsa, sağlam uşaq dünyaya gətirməyin mümkünlüyünü bildirib: "Əgər ailə qurmaq istəyənlərin hər ikisi daşıyıcıdırsa, onların ailəsində xəstə uşaq doğulma ehtimalının yüksək olduğu barədə məlumatlandırırıq. Hamiləliyin ilk aylarında, 12-18 həftəlikdə döldən analiz götürülür və genetik müayinə aparılır, körpənin xəstə, daşıyıcı, və ya sağlam olması müəyyənləşir. Bu müayinə də dövlət hesabına aparılır və Azərbaycanda müayinəsi üçün şərait və avadanlıq var. Xəstə uşaqdan imtina etmək valideynlərin ixtiyarına buraxılır. İl ərzində 190 min insanın müayinəsi planlaşdırılır". İnstitut direktoru Azərbaycanda sümük iliyi transplantasiyasının uğurlu nəticələri barədə də məlumat verib: "Son illərdə respublikamızda dövlət hesabına talassemiyanın radikal müalicəsi olan sümük iliyi transplantasiyası da həyata keçirilir. Artıq 20-yə yaxın xəstə bu yolla müalicə olunub və nəticə uğurludur. Lakin bu böyük bir məsrəfdir, riskli əməliyyatdır, burda bacı və ya qardaşın donor olması vacibdir".


17 yaşından sonra hər kəsin könülü şəkildə öz HİV statusunu öyrənmək hüququ olduğunu deyən Natiq Zülfüqarov bu şəxslərin nəticələrinin anonim qaldığını bildirib: "Cinsi həyat fəaliyyətinin erkən yaşlarda başlanması, narkotik istifadəsinin cavanlaşmasından biz də sığortalanmamışıq. Ona görə biz tez-tez məktəblərdə, şagirdlər və müəllimlər arasında maarifləndirici işlər aparırıq. Ancaq biz heç vaxt 17 yaşına çatmamış bir şəxsi, valideynin razılığı olmadan müayinə edə bilmərik, çünki bu qanunla qadağan olunmuşdur. Hazırda bizdə ağız suyunun müayinəsi ilə onlar HİV-i aşkarlayan testlər var, onların həssaslığı 99,9 faizdən yüksəkdir. Qapalı otaqda vərəmli xəstənin yoluxdurma ehtimalı 70 faizdir, ancaq HİV-li şəxslə qanı ilə təmasınız olmayıbsa, cinsi əlaqə yoxdursa yoluxmaq mümkün deyil".


Qonaq valideynlərə təhlükəsizliklə bağlı da xəbərdarlıq edib: "Əgər uşaqlarınız həyətdə oynayarkən təsadüfən əlinə şprisin iynəsi batırsa, yaxud da tibbi müdaxilə zamanı tibb işçisi xəstənin qanı ilə zədələnmiş alətlə dəri tamlığını pozulursa, 72 saatdan gec olmayaq mütləq Respublika QİÇS Mərkəzinə müraciət etsinlər. Belə hallarda biz onlara postkontakt terapiya tətbiq edirik, 28 gün müddətində yoluxma riskini demək olar ki, sıfıra endiririk. Bundan əlavə, əgər özünüzdə və yaxınlarınızda naməlum səbəbli iştahasızlıq, arıqlama, xəstəliklərə qarşı davamsızlıq, öskürək, təngnəfəslik varsa, mütləq həkimə müraciət edib, HİV-ə görə müayinə olunun. Yaxşı olar ki, əhali müayinə olunmaq üçün nikaha nə vaxt girməyi gözləməsin. Eyni zamanda əgər valideynlər övladının riskli davranışını, ətrafındakı dostların dəyişdiyini hiss edərsə, müayinəyə gətirsin. HİV birinci mərhələdə aşkarlanarsa, bu insan ömrünün axırına qədər yaşayır, dünyaya sağlam uşaq gətirir".

Sizin Reklam Yeriniz