Əlaqə Arxiv
news Image
2015.09.30
10:35
| A A A
İcbari tibbi sığorta problemi çözülür…
Adil Qeybulla: “Mühüm dərmanların həmin sığorta paketinə daxil olması işi xeyli dərəcədə yaxşılaşdıra bilər” Samir Əliyev: “Dərmanların qiymət enməsi tibbi sığortanın maya dəyərinin, ona çəkilən xərclərin aşağı düşməsinə kömək edərdi”

Azərbaycanda Tarif Şurasının qərarından sonra dərman preparatlarının qiymətində enmələr baş verdi. Bundan başqa ölkəmizdə tibbi sahə ilə bağlı icbari sığorta məsələsi hələ də aktual olaraq qalır. Uzun müddətdir ki, icbari tibbi sığortanın tətbiq edilməsinin vacibliyi vurğulanır. Lakin hələ də bu məsələdə irəliləyiş yoxdur.

Bu mənada görəsən, son zamanlar dərmanların qiymətinin enməsi tibbi sığortanın tətbiqini də tezləşdirə bilərmi?

Tibb elmləri doktoru Adil Qeybulla birmənalı olaraq bildirdi ki, dərmanların qiymət məsələsinin tibbi sığortanın tətbiqinə hər hansı bir aidiyyatı yoxdur ki, həmin qiymət enmələri sözügedən sığortanının işıq üzü görməsini nəhayət sürətləndirsin: "Tarif Şurasının dərman preparatlarının qiymətilə bağlı verdiyi qərarın nətəcələrini yaxın gələcəkdə görəcəyik. Ona görə də bu istiqamətdə hələlik bir söz söyləmək çətindir. Amma icbari tibbi sığortanın tətbiqi tamamilə başqa məsələdir.

Dərmanın qiymətinin enib-enməməsindən asılı olmayaraq, bəzi mühüm dərmanların həmin sığorta paketinə daxil olması işi xeyli dərəcədə yaxşılaşdıra bilər. Yəni, vətəndaşı ağır yükdən azad edə bilər. O baxımdan da tibbi sığortanın tətbiqi tamamilə başqa məsələ olmaqla sosial müdafiənin bir elementidir. Bu, mütləq olmalıdır. Lakin dərmanın qiyməti ilə bağlı məqamın sığorta məsələsinə aidiyyatı yoxdur. Tarif Şurasının dərmanların qiymətini endirməsinə gəldikdə, bu əhalinin çox istifadə olunan dərmanları ala bilməsinin mümkün olması üçün atılan addımdır. Əslində, normada bunu icbari tibbi sığorta həll etməlidir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliiyev isə istisna etmədi ki, dərmanların qiymətinin düşməsi tibbi sığortanın tətbiqi məsələsini də sürətləndirə bilər: "Dərman qiymətlərinin tənzimlənməsi məsələsi əslində, qısamüddətli effekt verir. Eyni zamanda, tibbi sığorta məsələsi də çox qəlizdir. O baxımdan ki, çox ölkələrdə tətbiq olunsa da, onunla bağlı problemlər hələ də qalmaqdadır. Ancaq düşünürəm ki, dərmanların qiymətinin ucuzlaşması tibbi sığortanın tətbiqi mexanizminə keçidin nəhayət reallaşmasını da istisna etməməlidir. Bu zaman prosesdə dövlət də yaxından iştirak etməlidir. Xüsusən də aztəminatlı ailələrin tibbi sığortasının dövlətin öz üzərinə götürməsi daha geniş müsbət nəticələrə gətirib çıxara bilər.

Eyni zamanda, bu qənaətdəyəm ki, dərmanların qiymətinin endirilməsindənsə, tibbi sığortanın tətbiqi daha çox səmərə verərdi. Hardasa, dərmanların qiymətinin ucuzlaşmasının tibbi sığortanın tətbiqinə müəyyən mənada müsbət təsirləri olar. Belə ki, tibbi sığorta ilə xəstəxanaya müraciət edən vətəndaşın müalicəsini həmin qurum özü həyata keçirir. Bu zaman lazım olan vəsaiti də sığorta şirkəti ödəyir. Bu addım bəlkə də sığorta şirkətlərinin xərcini azaldar. Amma ümumən götürəndə, qiymətlərin endirilməsi müsbət hal olsa da, tibbi sığortanın maya dəyərinin, çəkilən xərclərin aşağı düşməsinə kömək edərdi".



Sizin Reklam Yeriniz