Rusiyanın Sverdlovsk vilayətində Azərbaycandan idxal olunan meyvə və tərəvəzlər üçün logistika mərkəzi yaradılacaq. Ardınca daha bir neçə vilayətdə də belə logistika mərkəzinin yaradılması nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycandan Rusiyaya daha çox meyvə və tərəvəz ixracına hesablanıb.
Ümumiyyətlə, Azərbaycan Rusiyanın meyvə və tərəvəz məhsulları ilə təmin edilməsində mühüm rola malikdir. Bu ölkəyə Qərbin tətbiq etdiyi sanksiyalar və ona cavab olaraq Moskvanın Avropadan meyvə və tərəvəz idxalına embarqo qoyması Azərbaycana imkan verdi ki, şimala daha çox miqdarda həmin məhsullardan göndərsin. Hazırda yaradılan loqistika mərkəzləri ən azından gətirilən meyvənin uzun müddət keyfiyyətli şəkildə qalmasına şərait yaradacaq.
Əməkdar kənd təsərrüfatı
işçisi Çingiz Fərəcovun fikrincə də, yaradılan loqistik mərkəzləri
ölkəmizdən Rusiyaya meyvə və tərəvəz ixracının artmasına stimul
verə bilər: "Vaxtilə Azərbaycandan meyvə və tərəvəz məhsulları
Rusiyanın müxtəlif bölgələrinə vaqonlarla daşınırdı. O vaxtlar
Rusiyada belə loqistik mərkəzlər olmayıb. Ona görə də göndərilən
tərəvəz və meyvənin 25-30 faizi tullantı kimi atılırdı. Belədə
çətinliklər yaranırdı. Tərəvəzin keyfiyyəti 67-70 faiz dərəcəsində
qiymətləndirilirdi. İndi isə böyük imkanlar yaradılıb. Ona görə də
Rusiyanın Sverdlovsk və başqa vilayətlərində loqistik mərkəzlərin
yaradılmasını məqsədəuyğun sayıram. Düzdür, həmin obyektlərin kimin
hesabına tikiləcəyini deyə bilmərəm. Həmin obyektlərin Rusiya
hesabına tikilməsi daha yaxşı olardı. Azərbaycanın hesabına
tikiləcəksə, maliyyə cəhətlərinə diqqət yetirmək lazımdır. Loqistik
mərkəzlərdə gətirilən meyvə-tərəvəz yığılacaq, buradan da Rusiya
şəhərlərinə tədricən tələb olunan səviyyədə satışa buraxılacaq.
Belə mərkəzlərdə temperatur tənzimlənir, meyvə və tərəvəzin
vaxtından əvvəl xarab olmasına imkan verilmir, məhsullar standarta
uyğun olaraq yerləşdirilir.
Belə loqistik mərkəzlərinin olması Azərbaycandan Rusiyaya tərəvəz və meyvə məhsullarının ixracının xeyli dərəcədə artmasına və onun hesabına Azərbaycan sahibkarlarının gəlirlərinin artmasına ciddi təsir göstərəcək".
Kənd təsərrüfatı üzrə
mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, loqistik mərkəzlər
yaradılmamışdan öncə, məhsulun keyfiyyəti və maya dəyərinin aşağı
olması kimi məsələlərə diqqət yetirilməldir: "Bir ölkənin istehsal
etdiyi məhsulu digər ölkəyə ixrac etməsi üçün istehsal edilən
məhsulun rəqabət qabiliyyətli olması vacibdir. Yəni, məhsulun maya
dəyəri, satış qiyməti göndərilən ölkədəki bazarda mövcud olan
qiymətdən yüksək olmamalıdır. İndiyə kimi Rusiya bazarında
Azərbaycan meyvə və tərəvəzinin satılmasında münbit şərait var idi.
Rusiya bu sahədə ciddi nailiyyətlər əldə edə bilməmişdi. O cümlədən
qonşu ölkələr də Rusiyaya bu adda meyvə, tərəvəz ixrac etmək
iqtidarında deyildi. Çünki, onlarda da ciddi istehsal səviyyəsi yox
idi. Son zamanlar isə apardığımız araşdırmalar onu göstərir ki,
Rusiyanın Şimali Qafqaz bölgəsində, Dağıstan, Çeçenistan, Rostov,
Krasnodar, Stavropol vilayətlərində meyvə və tərəvəz istehsalı çox
sürətlə artır. Bu da ciddi şəkildə özünü göstərməyə başlayıb. Digər
tərəfdən, Sverdlovsk vilayətinə Özbəkistan və Qazaxıstandan daha
çox meyvə və tərəvəz göndərilir. Son zamanlar Qazaxıstan taxıl
ixracını azaldaraq, meyvə, tərəvəz istehsalına daha çox fikir
verməyə başlayıb. Ona görə də Azərbaycan ilk növbədə hansı ölkədəsə
loqistik mərkəzin yaradılması və orada dominantlığı əldə edəcəyi
barədə düşünməməlidir. Dominantlığı əldə etmək üçün ölkə bazarına
keyfiyyətli, maya dəyəri aşağı olan məhsul istehsal etmək gərəkdir.
Belə olan halda bizim digər ölkələrdə birgə bazar yaratmağa
ehtiyacımız da olmayacaq. Çünki, digər ölkələrin sahibkarları
özləri Azərbaycana üz tutaraq burada yerli fermerlərlə sövdələşmə
əsasında onların məhsulunu ixrac etmək barədə düşünəcəklər.
Azərbaycanda bu il xurma və alma ixracı barədə düşünən yoxdur.
Əvvəllər isə bu dövrdə xaricə həmin məhsulu çıxarmaq istəyən
sahibkarlar sifariş verirdi. Loqistik mərkəzlərin yaradılmasından
öncə dediyim kimi, keyfiyyətli, maya dəyəri aşağı olan məhsullar
istehsal etmək lazımdır ki, gedib sağ-salamat satış məntəqələrinə
çatsın. Çəkilən xərci istehsala yönəltmək, burada qablaşdırmanı
yüksək səviyyədə təşkil etmək lazımdır. Bunlar olarsa, xaricə meyvə
və tərəvəz ixracı da arta bilər. Çünki, bu halda xaricilər
ölkəmizdən meyvə və tərəvəz almaqda maraqlı olacaq".