Əlaqə Arxiv
news Image
2015.10.02
10:45
| A A A
Dağılan ailələrin sayı artır
Mehriban Zeynalova: “Boyüklərin ailə quranlara pozitiv müdaxiləsi məsələsi bilərəkdən, yaxud bilməyərəkdən kənara atılıb”

Dövlət Statistika Komitəsinin son açıqlamasında, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 7,5 min boşanma halı qeydə alınıb ki, bu da hər 1000 nəfərə 1,4 boşanma deməkdir. Son 3-4 ilin rəqəmlərinə baxanda görürük ki, boşanmaların sayında daima artım müşahidə olunur. 2012-ci ildə hər 1000 nəfərə 1,2 boşanma düşürdüsə, 2013-2014-cü illərdə bu rəqəm 1,3 təşkil edib. Buradan göründüyü kimi, vəziyyət ildən-ilə daha kritik hal alır. Görəsən, ölkəmizdə boşanma hallarının artması nə ilə bağlıdır?

"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, boşanma hallarının artması çoxsaylı səbəblərlə bağlıdır ki, burada obyektiv və subyektiv amillərin də rolu vardır:

"Boşanma hallarının artması məsələsinə birmənalı və yaxud bir bucaqdan baxmaq, problemin əhatə dairəsini dəqiq çatdırmaq çətindir. Söhbət ondan gedir ki, boşanma ilə bağlı müxtəlif səbəblər irəli sürülür. Bu səbəblərdən biri də ailə münasibətlərində tərəflərin bir-birinə qarşı hörmət və inamının olmamasıdır. Baxmayaraq ki, evlənirlər, amma qarşılıqlı inam yoxdur. Əvvəlki illərdə isə ailə quran şəxslər bir-birinə daha çox etibar edib ailə qurarkən də güvənli idilər. Bu gün isə ailə quran bəri başdan gələcək taleyini düşünür. Buna görə də bəzi hallarda rəsmi nigaha getmirlər, bəzi hallarda nigah müqaviləsini də bağlamırlar.

Kənar müdaxilələr də ailədə boşanmaların baş verməsinə təsir etməkdə davam edir. Ağsaqqallar institutunun yoxa çıxması belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Boyüklərin ailə quranlara pozitiv müdaxiləsi məsələsi bilərəkdən, yaxud bilməyərəkdən kənara atılıb.


İndi ailə quranlar daha çox tək yaşamağı düşünür ki, bu da müəyyən mənada ailənin dağılmasına təsir edir. Eyni zamanda, aqressiyalar ailənin dağılmasına səbəb olur. Ailədə zorakılıq halları da kifayət qədərdir ki, bu amilin ailənin dağılmasında rolu az deyil. Bir sıra hallarda güclü cinsin nümayəndələri zərif cins nümayəndəsinə qarşı zorakı hallara yol verir. Buna dözməyən qadın da sonda çıxış yolunu boşanmada axtarır. Ailə quran şəxslərdən bəzilərinin psixoloji durumunda da problemlər olur. Yəni, kifayət qədər gərginlik də ailə münasibətlərinə öz təsirini göstərir. Uşaq dövründə vəhşiliyi tərənnüm edən internet oyunlarına baxanlarda şüuraltı zorakılıq faktoru güclənir. Onlar da bu zorakılığı ailə quranda yoldaşına, övladlarına qarşı tətbiq etməyə meylli olurlar. Bu da hazırda ailə münasibətlərinə öz mənfi təsirini göstərir. Kifayət qədər oturuşmuş, düşünülmüş, məsuliyyəti dərk etmədən ailə quranlar da vardır. Məsələn, aşiqlik sindromu altında evlənənlər də var. Amma evlənəndən sonra bəlli olur ki, bu aşiqlər heç bir-birinə uyğun belə deyillər. Qohumların təsiri, maraqlar çərçivəsində ailə quranlar da var ki, bunlar da sonradan özünü doğrultmur. Tərəflər anlayır ki, onların birgə yaşaması mümkün deyil və beləcə boşanırlar.

Bəzi hallarda boşanmalar cüzi bir məsələdən yaranır. Hansı ki, həmin məsələni qısa zamanda həll etmək mümkündür. Amma bu yolu seçməkdənsə, tərəflər vəziyyəti gərginləşdirərək düşünmədən boşanma yolunu tuturlar. Yəni, sülhpərvər olmamaları da ailənin dağılmasına gətirib çıxarır".



Sizin Reklam Yeriniz