Əlaqə Arxiv
news Image
2012.10.12
13:04
| A A A
Uşaqlara hansı adları qoymaq olmaz?..

Yeni doğulan uşağa əsasən doğulduğu gecə, yaxud doğumunun üçüncü və ya yeddinci günündə ad qoyula bilər. İslama görə, bu adı qoymaq, ilk növbədə, atanın, daha sonra isə ananın əsas vəzifələrindən biridir. Bir çox insanlar bunu müstəhəb, bəyəniləcək bir əməl kimi övladlarına müqəddəs kitabımız Quranda işlədilən sözlər arasından ad seçməyə üstünlük verirlər. Ancaq valideynlər övladlarına Qurandan ad qoymaq istəyərkən adın mənasına diqqət etməlidirlər. Bu barədə türkiyəli din xadimi, professor Xeyrəddin Öztürk xəbərdarlıq bildirib.

Onun sözlərinə görə, elə adlar var ki, xoş olmayan anlam daşıyır. Ancaq valideynlər bunun fərqində olmadan övladlarına belə adlar qoyurlar: "Quranda elə sözlər var ki, mənası bəla, sıxıntı deməkdir. Ancaq bunlara fikir vermədən uşaqlara belə adlar seçilir". Professor Quranda işlədilən hər kəlmənin ad olaraq istifadə edilə bilməyəcəyini qeyd edib: "Qurandan seçilərək ad qoyulan çoxlu sayda sözlər var ki, mənaları yanlış anlaşılır. Hansı ki, həmin sözlərin gerçək mənası ad olaraq qoyula bilməz. Buna görə də, ad seçərkən bəzi məqamlar düşünülməlidir".

O bildirir ki, uşağa ad qoymaq mədəni, sosial və dini baxımdan çox vacib bir məsələdir. Bu mənada Qurandan ad seçərkən mütəxəssislərə məsləhət etməyin, həmçinin, həmin sözlərin həqiqi mənasını ad kitablarında və internetdə də açıqlanmasının vacib olduğunu bildirib: "Məsələn, birdən elə ad qoyurlar ki, mənası yalançı deməkdir. Deməli, biz də həmin uşağı "yalançı, yalançı" deyə çağırmaq məcburiyyətində qalırıq. Yaxud da "Üstümüzə bəla, sıxıntı axsın" mənasını verən ad seçib uşağa qoyurlar".

O xüsusilə uşağa Allahın isimlərindən hər hansı birinin qoyulmasını düzgün hesab etmədiyini vurğulayıb: "Uşağa Allah adı qoyulmaz. Allahdan başqa İlahi olarmı?"

Professor dinimizdə məkruh sayılan adları da açıqlayıb. Onun sözlərinə görə, Rəsul, Nəbi, Cəbayıl, Əzrayıl, Mikayıl, İsrafil adlarını seçməyin düzgün və xoş olmadığını bildirib: "Bu, sadəcə Allaha məxsus bir vəziyyətdir, ad olaraq istifadə edilə bilməz".

O qeyri-müsəlman sözlərin də uşaqlara ad olaraq seçilməsini düzgün hesab etmir. Ancaq Öztürk bildirib ki, bütün dillərdən ad seçilə bilər, əsas olan mənasının gözəl olması və yaşadığı cəmiyyətə, mədəniyyətlərinə yad olmamasıdır: "İslam böyüklərindən xatirə qalan adlardan istifadə etmək olar. Fatimə, Aişə, Əhməd, Məhəmməd, Mustafa, Zeynəb kimi adlar artıq cəmiyyət tərfindən mənimsənilib".

İlahiyyatçı İlqar Kamilin fikrinə görə isə, gözəl ad qoymaq valideynin, gözəl ad qazanmaq övladın borcudur: "Hədislərdən birində deyilir ki, valideynin övlad üzərində 3 borcu var; Ona Qurani-kərimi öyrətmək, Peyğəmbər (s) və onun pak əhli-beytini (ə) sevdirmək və ona gözəl ad qoymaq. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və təlimlərinə uyğun olması lazımdır".

İlqar Kamil qeyd edir ki, mənası İslam təlimlərinə uyğun olmayan, dinin yasaqladığı bir məna daşıyan adların uşaqlara verilməsi düzgün deyil: "Ad məsələsi o qədər önəmlidir ki, Peyğəmbər (s) yeni müsəlman olanların cahiliyyə dövründəki adlarının arasında mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənləri, misal üçün, müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkabə və ona bənzər adları dəyişdirdi.

Ona görə də, Firon və Qarun kimi zülm və küfür simvolları olan adların da uşalara verilməsi dini baxımdan düzgün deyil".

İ. Kamil bildirir ki, uşaqlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, İslamı qayələrə və insan heysiyyətinə uyğun, xüsusi ilə də qulağa xoş gələn, İslam böyüklərindən xatirə qalan mənası gözəl olan adlardan hər hansı biri ola bilər: "Eyni zamanda, heç duyulmamış, anlamsız ifadələr daşıyan adların uşaqlarımıza ad olaraq verilməsi doğru deyil. İslam təlimlərində adların mistik məna daşıdığı da qeyd olunur. Belə ki, İslami hədislərdə "adlar təsadüfi deyil, səmavidir" kimi mistik təlimlərə də rast gəlmək mümkündür. Yəni insanın öz adı ilə bir başa səmavi və İlahi bağlılığı olduğu qeyd olunur. Məsələn, əgər insanın adı Səxavət qoyulursa, deməli, həyatda da o hökmən səxavətli insan olacadır". Həmsöhbətimiz bu mənada valideynləri övladlarına ad seçimində çox diqqətli olmağa çağırır.

Apardığımız kiçik sorğunun nəticəsinə görə, valideynlər uşaqlarına daha çox müasir adlar qoymağa üstünlük versələr də, İslama uyğun və Qurandan ad seçməyi doğru hesab edənlər də az olmadı. Onu da qeyd edək ki, islam saytlarına gələn oxucu sualları arasında Qurandan ad seçmək barədə suallar çoxluq təşkil edir. Suallardan insanlarda mənasını bilmədikləri halda, Quranda işlədilib deyə ad qoymaq istəyinin olduğu məlum olur. Ona görə də, bildirilir ki, Bir sözün Quranda olmağı o demək deyil ki, onu uşaqlara ad qoymaq olar. Uşağa bir ad qoymaq üçün o adın Quranda olmağı da lazım deyil. İslam araşdırmaçıları qeyd edir ki, mədəniyyətimizdə, eləcə də İslamda belə bir qayda və şərt yoxdur. Uşaqlara adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan adların qoyulması məsləhət görülür. Bu adların həm yazılışının, həm də tələffüzünün münasib olması da şərtdir.

xezerxeber.com

Sizin Reklam Yeriniz