Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Heydər Əliyevin xatirəsinə həsr olunan kişilər arasında peşəkar kikboksinq turniri keçirilib. Movqe.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Açılışda çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra çıxış edən natiqlər bölgələrdə belə tədbirlərin keçirilməsini cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət etdiyini vurğulayıblar. Qeyd ediblər ki, bu turnirdə 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi müəyyən ediləcək.
Tədbir zamanı AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu diplomla təltif edib.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblər Ruslan Musayev, Qiyas Şairmərdanov, İbrahim Məmmədov, Rauf Qarayzadə, Emil Mövsümzadə və Bəybala Quliyev kikboksinqin k-1 və lou-kik versiyasında döyüşərək rəqiblərini məğlub edib və müvafiq medallarla təltif olunublar, həmçinin məşqçi və müəllim heyəti, kikboksinq idman növünün inkişafında göstərdiyi səylərə görə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman idarələrinin nümayəndələri mükafatlandırılıblar.
Turniri Ağdam rayonunun icra başçısı RİH müavini, əməkdar idman ustası Eduard Məmmədov, Ehram Məcidov, beşqat dünya çempionu Pərviz Abdullayev yarışı izləyib.