Əfqanıstanın səlahiyyətli
şəxslərinin Qunduz şəhərində "Sərhədsiz həkimlər" beynəlxalq
humanitar təşkilatının xəstəxanasının atəşə tutulmasının
təfərrüatları barədə bəyanatları hücumun bilərəkdən edildiyi
anlamına gəlir. Bu barədə təşkilatın baş direktoru Kristofer Stoks
oktyabrın 4-də yayımladığı bəyanatında bildirir.
Movqe.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, Kristofer Stoks Kabilin hospitalın "Taliban" hərəkatı tərəfindən hərbi məqsədlər üçün istifadə olunduğu barədə iddialarını təkzib edib. Onun sözlərinə görə "xəstəxanada "Taliban" döyüşçülərinin olduğu barədə bəyanatlar birlikdə hərəkət edən əfqan və ABŞ qüvvələrinin 180 əməkdaş və pasiyentin olduğu funksional hospitalı təməlinədək məhv etməyi qərara aldıqlarını göstərir". Bu bəyanatlar ABŞ hökumətinin hücumun məqsədini yayındırmaq və hadisəni "müşayiət olunan zərər" kimi xarakterizə etmək cəhdləri ilə tərs mütənasibdir.
Xatırladaq ki, hazırda əldə olan informasiya görə, oktyabrın 2-dən 3-nə keçən gecə Qunduz şəhərindəki hospitala ABŞ Hərbi Qüvvələrinin təyyarələri zərbə endirib. Hadisə nəticəsində "Sərhədsiz həkimlər" təşkilatının 12 əməkdaşı və aralarında 3 uşağın da olduğu 10 pasiyent həlak olub. Təşkilatın 19 əməkdaşı və 18 pasiyent isə yaralanıb.