Oktyabrın 6-da Sumqayıt "ASAN xidmət" mərkəzində kağız tullantıların toplanmasına həsr olunan "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" sosial aksiyası keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, aksiya IDEA İctimai Birliyi, "ASAN xidmət" və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə reallaşacaq.
Kağız tullantıların bir yerə toplanması ilə simvolik "dağ" düzəldilməsi nəzərdə tutulan aksiya sosial məsuliyyəti anlayan bir qrup insanı bir yerə toplayacaq və "yaşıl" gələcək üçün çağırış edəcək.
IDEA İctimai Birliyi, "ASAN xidmət" və "Azersun Holding" MMC dövlət qurumlarının, özəl sektorun nümayəndələrini, qeyri-hökumət təşkilatlarını və vətəndaşları ətraf mühitin mühafizəsi naminə "Yaşıl dağ" aksiyasında iştiraka dəvət edir.
İştirak etmək istəyən şəxs özü ilə birlikdə ən azı 5 kiloqram tullantı kağız gətirərək aksiyaya qoşula bilər.
"Hər kağızı bir yarpağa dəyişək" layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə "ASAN xidmət" mərkəzlərində ASAN könüllüləri tərəfindən "Yaşıl ASAN" təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilib.