Əlaqə Arxiv
news Image
2015.10.10
10:00
| A A A
Azərbaycana daha çox miqrant gəlməyə başlayıb
Azər Allahverənov: “Ölkəmizə gələn miqrantların sayının sürətlə artmasına təsir edən başlıca amil Azərbaycanın siyasi cəhətdən kifayət qədər sabit bir ölkə olması ilə bağlıdır”

Dövlət Miqrasiya Xidmətinə sentyabr ayında olduğu yer üzrə qeydiyayta düşməklə bağlı 53 min 776 əcnəbidən müraciət daxil olub. Bu da Azərbaycanda əcnəbilərin əvvəlki illərə nisbətən daha böyük sürətlə artdığını göstərir.

Qeyd edək ki, artıq 10 ilə yaxındır ki, Azərbaycana da bir sıra ölkələrə olduğu kimi əcnəbi miqrantların marağı yaranıb. Ölkəmizdə hökm sürən sabitlik, iqtisadi inkişaf, bu fonda həyata keçirilən iqtisadi layihələr Azərbaycanı əcnəbilər üçün də maraqlı edib.

Ekspert Azər Allahverənov bildirdi ki, Azərbaycanda sabitliyin mövcudluğu və iqtisadi inkişafı getdikcə daha çox əcnəbini ölkəmizə gəlməyə cəlb edir: "Statistik rəqəmlərə nəzər saldıqda şübhəsiz ki, ölkəmizə gələn miqrantların sayının artdığını görürük. Lakin hələlik bununla bağlı illik yekun vurulmayıb. Yəqin ki, bu yaxınlarda 9 aylıq yekunlar işıq üzü görməlidir. Yəni, bu ilin 9 ayı ərzində Azərbaycanda olan miqrantların sayını dəqiq bildikdən sonra ötən illərə nisbətən gələn miqrantların çox və ya az olduğunu söyləyə bilərik.

Hətta nəinki qeydiyyatla bağlı müraciət edənlərin sayının artdığı deyilir, həm də qeyri-qanuni miqrantların sayının da çoxaldığı müşahidə olunur. Bu da onu göstərir ki, miqrantların ümumi çəkisi artdıqda faiz nisbətilə həm də qeyri-qanuni əsaslarla yaşayan insanların da sayında artımların olduğu ehtimal oluna bilər. Buna isə müxtəlif səbəblər təsir edir. Ölkəmizə gələn miqrantların sayının sürətlə artmasına təsir edən başlıca amillərdən biri Azərbaycanın siyasi cəhətdən kifayət qədər sabit bir ölkə olması ilə bağlıdır. Miqrantlar da həmişə ancaq siyasi cəhətdən sabit və inkişaf etmiş ölkələrə üz tuturlar. Azərbaycana üçüncü ölkələrdən gələn insanlar məhz bu prinsipi əsas tutmaqla ölkəmizə gəlir. Onlar daha yaxşı həyat tərzi axtararkən məhz Azərbayacanı seçirlər. Onların da bir qismi müəyyən müddət Azərbaycanda qaldıqdan sonra buradan başqa ölkələrə getmək istəyində olan insanlardır. Çünki daimi olaraq daha yaxşı həyat axtarışında olurlar. İqtisadi motiv və siyasi məsələlər bir növ onları qərar verməyə sövq edən elementlərdir. Öz ölkələrində siyasi qarşıdurma, hərbi əməliyyatlar, münaqişəli ocaqlar, yoxsulluq, kütləvi işsizlik kimi məsələlər insanları başqa ölkələrə miqrasiya etməyə sövq edir. Bu baxıman da ölkəmizə daha yaxın olan Əfqanıstan, Pakistan, İran kimi ölkələrdən miqrantlar gəlir. Amma coğrafi baxımdan nəzər saldıqda görürük ki, Türkiyə, Gürcüstan, Rusiya, İran kimi ölkələrdən daha çox miqrant axını var. Türkiyədən gələnlər burada əmək fəaliyyətilə məşğul olmaq istəyən insanlardır. Rusiyadan gələnlər isə daha çox qohumluq əlaqələrinə görə gəlir ki, onların da böyük qismi etnik azərbaycanlılar və yaxud vaxtilə ölkəmizdə yaşamış insanlardır, vaxtaşırı ölkəmizə gəlirlər. Gürcüstandan olan azərbaycanlıların da əksəriyyəti soydaşlarımızdan ibarətdir. Amma qanunvericiliyə görə, vaxtaşırı qeydiyyata düşürlər. Yəni, Azərbaycan reallıqlarına nəzər saldıqda görürük ki, ölkəmizdə sadaladığım ölkələrdən miqrant kimi gələnlərin çoxu məhz həmin səbəblərdən burada yerləşiblər".

Həmsöhbətimiz bu qənaətdədir ki, qeydiyyata düşən miqrantların sayının artması dövlət büdcəsinə əlavə vəsaitlərin gəlməsinə rəvac verəcək: "Şübhəsiz ki, ölkə ərazisində məskunlaşan miqrantlar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində burada yaşayır. Hər şey kimin hansı məqsədlə gəlməsindən asılıdır. Məsələn, 90 gün müddətinə gəlirsə, burada qohumlarının yanında qalmaq, mədəniyyətimiz, tariximizlə tanış olmaq istəyir. Onlar da yaşadıqları yer üzrə qeydiyyata düşdüyündən miqrantlardır. Amma eyni zamanda, burada əmək fəaliyyətilə məşğul olmaq üçün gələnlər də var. Əmək fəaliyyətilə məşğul olan insanların sayı da ildən-ilə artır. Azərbaycan üçün bu fonda önəmli olan əmək bazarında gərginliyə səbəb olmayacaq siyasətin həyata keçirilməsidir. Bu da bilavasitə əmək bazarına çoxsaylı əməkçi miqrantların daxil olmasından irəli gəlir. Azərbaycan hökuməti əmək miqrasiyası ilə bağlı elə bir siyasət həyata keçirməlidir ki, bu ölkənin əmək bazarına bütövlükdə mənfi təsir göstərməsin. Həmçinin, bu vəziyyət ölkə iqtisadiyyatına öz dividendlərini verməlidir. İxtisaslı, bilikli, bacarıqlı miqrantların sonradan təcrübələrini burada bölüşmələri əsasında iş prosesinə cəlb olunması iqtisadiyyatımıza müsbət təsir göstərən məsələdir. Digər tərəfdən hökumət çalışmalıdır ki, ölkəmizdə əmək fəaliyyətilə məşğul olan miqrantlar qanuni əsaslarla məşğul olsunlar. Vaxtaşırı keçirilən reydlərdə də məqsəd bu qeyri-qanuni işə cəlb etmə məsələsinin qarşısını almaqdan ibarətdir. Bu istiqamətdə ciddi irəliləyişə nail olunacaqsa, bu, bütövlükdə dövlət büdcəsinə əlavə vəsaitlərin köçürülməsinə gətirib çıxarar. Ən azından burada qeyri-qanuni əmək fəaliyyəti ilə mübarizə müəyyən nəticələr verə bilər və verir".



Sizin Reklam Yeriniz