Əlaqə Arxiv
news Image
2015.10.17
10:00
| A A A
İnternetin təhsilyin keyfiyyətinə təsiri mübahisə doğurdu
Məlahət Mürşüdlü: “Uşaqların internetdən daha çox hansı məqsədlər üçün yararlanmağa çalışdığını araşdırmaq lazımdır” Vaqif Abışov: “Mənfi tərəfləri müsbətlə müqayisədə daha çoxdur”

Bu gün dünyanı informasiya-kommunikasiya texnologiyaları, internet olmadan təsəvvür etmək qeyri-mümkündür. Dünyada təhsil sistemində də internetdən istifadə geniş vüsət alıb. Şagirdlər, tələbələr dərs prosesində lazım olan informasiyanı, bilgiləri internetdən istifadə etməklə də əldə edə bilir. Azərbaycanda da son illər internetdən istifadə geniş vüsət alıb. Bu prosesdə xüsusən də gənclər, orta məktəb şagirdləri daha aktivdirlər.

Bundan başqa, sirr deyil ki, şagirdlər məktəbdən kənar vaxtlarda da internet klublara gedərək, burada da çox vaxt keçirirlər. Amma aparılan araşdırmalar onu da göstərir ki, şagirdlər internet klublarda təhsillə bağlı məsələlərdən daha çox, müxtəlif oyunlara daha çox üstünlük verir.

"Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü internetdən istifadə hallarının artmasının təhsilin keyfiyyətinə müsbət çalarlar gətirdiyini düşünür: "İnternetdən istifadə hallarının şagirdlər arasında artması əslində, çox yaxşı haldır. Bu, o deməkdir ki, ona geniş maraq var, uşaqlarımız dünyanı öyrənmək, dərs proqramlarından əlavə bilgilərə yiyələnmək istəyir. Bu fonda da düşünürəm ki, şagirdlər arasında internetdən istifadənin artması müsbət haldır. Sözsüz ki, bu hal təhsilin keyfiyyətinə də müsbət təsir edir. Müəllimlər də bu istiqamətdə şagirdlər qədər aktiv olmalıdırlar ki, müasir dövrün tələblərinə cavab verə bilsinlər. Amma uşaqların internetdən daha çox hansı məqsədlər üçün yararlanmağa çalışdığını araşdırmaq lazımdır. Sadəcə olaraq, müəyyən oyunlar onlarda informasiya-kommunikasiya texnologiyalarına maraq oyadıb, yoxsa onlar dərslik və proqramla bağlı əlavə bilgilər əldə etmək üçün internetdən yararlanırlar. Bu istiqamətdə sorğu aparıb müəyyən nəticəyə gəldikdən sonra internetdən istifadənin təhsilin keyfiyyətinə təsiri barədə yekun bir rəyə gəlmək olar. Digər tərəfdən, onu da qeyd edim ki, məktəblərimizin informasiya-kommunikasiya texnologiyaları baxımından təmin edilməsi sahəsində Azərbaycan Qafqazda birinci yerdədir. Düşünürəm ki, məktəblərdə də internet vasitələrindən istifadə müəyyən proqram çərçivəsində aparılır. Bu yol şagirdlərə az zaman kəsiyində daha çox bilgi verməyə imkan verir".

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov isə bu qənaətdədir ki, məktəblilər arasında internetdən istifadənin artması təhsilin keyfiyyətinə daha çox mənfi mənada təsir edir: "İnternetdən şagirdlərin istifadə etməsi məktəbləri, validenyləri maraqlandıran mühüm mövzulardan biridir. Şagirdlərin internetdən istifadəsinin təhsilin keyfiyyət göstəricisinə təsirləri barədə dəfələrlə kütləvi informasiya vasitələrində söhbətlər gedib.

Fikrimcə, internetdən istifadənin şagird kollektivi arasında artması halının müsbət və mənfi tərəfləri var. Özü də mənfi tərəfləri müsbətlə müqayisədə daha çoxdur. Uşağa məktəbdə hər hansı bir mövzu ilə bağlı tapşırıq verilir. O da gəlib internetdə həmin mövzunu hazır tapır və belədə köçürdür. Amma həmin mövzu ilə bağlı kitab əldə etmək, mövzu ilə birbaşa olaraq ilkin mənbədən tanış olmaq daha çox əhəmiyyətlidir. İnternetə bağlanmaqla isə onun mövzu ilə bağlı məlumatları geniş olmur. İkinci bir tərəfdən, uşaq psixologiyası elədir ki, o internetlə məşğul olduqda onu buradakı digər mövzular, oyunlar da cəlb edir. Belədə başı əsasən internet oyunlara qarışır və digər fənləri öyrənməyi ümumən unudur. Başqa bir tərəfdən, internet vasitəsilə uşaqlar psixologiyasına, həm də yaşına uyğun olmayan mövzulara da müraciət edir. Eyni zamanda. internetdən çox istifadə uşağın gözünə, orqanizminə təsir göstərir. Bu fonda düşünürəm ki, şagirdlər arasında internetdən istifadənin artması ilə bağlı olaraq mənfi məqamlar müsbət məqamları üstələyir. Düzdür, hazırkı dövrü informasiya-kommunikasiya texnologiyası olmadan təsəvvür etmək mümkünsüzdür. İnsanın inkişafında bu vasitələrin özünəməxsus əhəmiyyəti var. Amma o da var ki, hazırkı şəraitdə belə vəziyyət uşaqların təhsilində müəyyən qədər mənfi təsirlərə rəvac verir. Dərs prosesində uşağın diqqətini müəllim cəlb etməlidir. Ona görə də fikrimcə, əvvəlki tədris proqramları uşaqlara daha yaxşı təsir göstərirdi, nəinki indi".



Sizin Reklam Yeriniz