Əlaqə Arxiv
news Image
2015.10.20
16:14
| A A A
Millət vəkili rayonlardan gələn taksilərə xüsusi lisenziya verilməsini təklif edib

"Nazirlər Kabinetinin rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmaması ilə bağlı qərarına tərəddüdlə yanaşıram. Bu qərar rayon camaatını narahat edir".

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik və əlavələr müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib.

O, bu məsələdə ortaq məxrəcin tapılmasının vacibliyini qeyd edib: "Təklif edirəm ki, rayonlardan gələn taksilər üçün xüsusi lisenziya verilsin, bu lisenziyanın məbləği artırılsın. Onlar bu lisenziya əsasında Bakıya daxil ola bilsin. Taksi fəaliyyəti ilə məşğul olanlar lisenziyanı yolda olanlara ödəyir və yaxşı olardı ki, bu gəlir dövlət büdcəsinə daxil olsun. Bundan başqa, elə millət vəkilləri var ki, onların maşınları rayon qeydiyyatındadır və onlar da Bakıya daxil olanda problemlə qarşılaşır".

Bundan başqa, millət vəkili taksi sürücüləri üçün vahid geyim formasının tətbiqini təklif edib. Onun fikrincə taksi sürücülərinin geyimi bəzi hallarda nəqliyyatın təhlükəsiz idarə olunmasına problem yaradır. M. Quliyev taksi sürücülərinin avtomobildə siqaret çəkməsinə qadağa qoyulmasının da tərəfdarıdır. Onun fikrincə, taksi sürücülərinin siqaret çəkməsi ölkəyə gələn qonaqlar və xidmətdən istifadə edənlərin sağlamlığına zərər vurur.

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarının fikirlərini dəstəkləyib. Q. Həsənquliyev bildirib ki, taksi sürücüləri ölkə haqqında çox mənfi imic formalaşdırırlar. "Avtobus və taksi sürücüləri fasiləsiz olaraq avtomobilləri idarə edirlər. Bizim yollarımızda baş verən avtoqəzaların çoxunun səbəbi sürücülərin sükan arxasında yatmasıdır. Biz xaricdə çox şahidi olmuşuq. Avropada cihazlar var ki, avtomobilin sürətini yoxlayır və 2 saatdan çox fasiləsiz idarəetmədən sonra avtomobili söndürür ki, 10-15 dəqiqə dincəlməlisən. Hesab edirəm ki, lisenziya verilməsi üçün tələb olunan şərtlərdən biri də həmin avtomobillərin müvafiq cihazlarla təmin edilməsi olmalıdır. Sivil ölkə kimi biz bu normaları tətbiq etməliyik. Biz də digər Avropa ölkələri kimi bu cür problemləri nəhayət ki, aradan qaldırmalıyıq".

Millət vəkili Adil Əliyev də bütün taksilərdə taksometrlərin quraşdırılmasını təklif edib: "Bu çox pis adət yaradıb. Taksiyə oturursan, sürücü deyir ki, nə versən, verərsən. Hesab edirəm ki, taksimetrdən istifadə olmalıdır".

A.Əliyev əlavə edib ki, yeni salınan qəsəbə və məhəllələrə də marşrutlar açılmalıdır.


Sizin Reklam Yeriniz