Əlaqə Arxiv
news Image
2015.10.23
11:10
| A A A
Yuxarı sinif şagirdləri narkotestdən keçirilə bilər
Leyla Yolçiyeva: "Hazırda məktəblərin yuxarı siniflərində şagirdlər arasında narkotiklərin yüngül növündən istifadə edənlər var"

Dünyanın bir çox ölkələrində yuxarı sinif şagirdlərinin qanlarında zərərli maddələrin və narkotikin aşkarlanması üçün testdən keçirilir. Əksır məsi nəzərdə tutulur. Bu qanunvericilikdə öz əksini tapıb. Azərbaycanda da orta məktəb şagirdləri arasında narkomaniya geniş yayılmasa da, narkotik maddə istifadəçilərinin olması barədə rəsmi məlumatlar var. Bəs görəsən Azərbaycanda ümumtəhsil müəssisələrində yuxarı sinif şagirdlərinin narkotik testdən keçirilməsi nə dərəcədə vacibdir?

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında deyib ki, hazırda məktəblərin yuxarı siniflərində şagirdlər arasında narkotiklərin yüngül növündən istifadə edənlər var. Həmsöhbətimizin sözlərinə görə, aparılan araşdırmalar zamanı narkotacirlərin yeniyetməlik dövründə olan məktəbliləri müxtəlif üsullarla narkotikə cəlb etdiyi də öz təsdiqini tapıb. L. Yolçiyeva deyir ki, məktəblərin yuxarı siniflərində oxuyan şagirdlər əvvəlcə müxtəlif üsullarla narkotik maddəyə alışdırılır: "Onlara əvvəlcə narkotik həblər pulsuz verilir. Narkotikə alışdırdıqdan, asılılıq yaratdıqdan sonra yuxarı sinif şagirdləri onların müştərisinə çevrilir. Məktəb şagirdləri bu zaman narkotacirlərin "tələ"sinə də düşürlər. Onlar pulsuz narkotik əldə etmək üçün narkotacirlər üçün narkokuryer kimi, çalışmağa razılıq verirlər. Ona görə də, yuxarı sinif şagirdləri arasında narkomanlara az sayda da olsa rast gəlinir".

L. Yolçiyevanın sözlərinə görə, əvvəllər narkotacirlər yalnız yuxarı sinif şagirdləri olan oğlanları hədəf seçirdilərsə, indi məktəbdə oxuyan həddi-buluğa çatmış qızlar da onların qurbanı olur. 

Həmsöhbətimiz deyir ki, narkotik vasitələrdən məktəbliləri qorumaq, onları "ağ ölüm"ün pəncəsindən qurtarmağın yolu marifləndirmədir: "Məktəblərdə narkomaniya ilə mubarizə aparmaq üçün Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Təhsil Nazirliyi ilə birgə "Narkotiklərlə baglı Məktəb Kurrikulumu" adli kitabca hazırlayıb. Gələcəkdə məktəblilər üçün bunun ayrıca bir dərs kimi də tədris edilməsi nəzərdə tutulur". 

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev Movqe.az-a açıqlamasında bildirib ki, məktəblərin yuxarı siniflərində kütləvi şəkildə şagirdləri narkotik testdən keçirmək əks effekt verə bilər. Millət vəkili deyir ki, məktəblərdə elə şagirdlər var ki, narkotik maddənin nə olduğundan xəbərsizdir: "Mən bir müddət narkoloq həkim kimi fəaliyyət göstərmişəm. Təcrübəmdən bilirəm ki, narkotik məsələsində xüsusilə uşaqlara həssas yanaşmaq lazımdır. Uşaq psixologiyası belədir ki, bir şey haqqında ona məlumat verildikdə əli ilə toxunaraq, dadaraq onun nə olduğunu dərk etməyə çalışır. Mən deyərdim ki, "yatmış cinləri oyatmayaq". Əgər məktəbdə narkotik maddə istifadəçiləri varsa da, bütün məktəbliləri testdən keçirib ayıq salmaq lazım deyil. Hər bir məktəbin direktoru, müəllim kontingenti var. Hansısa sinifdə narkotik maddə istifadəçisi varsa, direktor, müəllim, həmin uşağın valideyni bu məsələni müzakirə edib həlli yollarını aramalıdır. Bütün sinifi, məktəbi duyuq salmaq düzgün deyil. Narkotik maddənin zərəri barədə şagirdlər marifləndirilməlidir. Hesab edirəm ki,orta məktəblərdə narkotiklərin zərəri barədə marifləndirmə belə başlamalıdır. Uşağa narkomaniyanın insan üçün gətirdiyi bəlalar təlqin olunmalıdır. Marifləndirmə elə aparılmalıdır ki, uşaq onun nə olduğunu öyrənmək, araşdırmaq istəməyə can atmasın. Bu yolla məktəblilər arasında narkomaniyaya düçar olanların sayını minimuma endirmək olar".

Xatırladaq k, Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək.Bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda nəzərdə tutulub. Məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.

Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. 

Sizin Reklam Yeriniz