Küçə ticarətinə qarşı reydlər gücləndiriləcək
Bakı küçələri yenədən alver meydanına dönüb. Artıq payız fəsli
olduğundan, əksər meyvələrin yığım mövsümünün olması küçələrdə
meyvə-tərəvəz ticarətini daha da gücləndirib. Bakının müxtəlif
yerlərində yenədə qabaqlarında vedrə mer-meyvə, küçənin bir
küncündəcə əllərində səbət göyərti, portağal satanlara rast
gəlinir. Hətta indi Bakının ətraf qəsəbələrində də dayanacaqların
ətrafında şıdırğı balıq alveri də gedir. Apardığımız müşahidələr
göstərdi ki, küçə alverinin və səyyar ticarətin qarşısını almaq
hələdə mümkün olmayıb. Binəqədi rayonunun eyni adlı qəsəbəsində,
qəsəbənin mərkəzində dayanacağın ətrafında böyük bir bazar açılıb.
Burada yerə düzülmüş iri ləyənlərdə balıqdan tutmuş, yolun sağ
tərəfində səkidə meyvə-tərəvəzə, göyərti və quş ətinə qədər
məhsullar satışa çıxarılıb. Burada səkini küçə alverçiləri elə
tutub ki, gedib-gələnlər mağazaların qarşısındakı pilləkənlərə
dırmaşaraq gedib-gəlirlər. Bir qədər kənarda isə elə yerdəcə
müxtəlif ədvalar, lavaş, qutab, mer-meyvə və sair satılır.
Paytaxtın Nəsimi rayonu ərazisində də eyni vəziyyət müşahidə
olunur. Yolkənarı binaların qarşıları kənd-təsərrüfatı məhsulları
satanlara hələ də rast gəlinir. Satıcılar isə küçədə ticarətin
bazardan heç də pis getmədiyini söyləyirlər. Apardığımız
müşahidələrdən belə nəticəyə gəldik ki, paytaxtda hələ bir neçə il
bundan öncə qanunsuz küçə ticarətinə qarşı tədbirlər planı
hazırlansa da, səmərə verməyib. Bakı Şəhər Ticarət və Xidmət
Departamentinin mətbuat katibi Əliabbas Bağırov isə küçə və
meydanlarda gediş-gəlişə mane olan bütün səyyar ticarət
obyektlərinin ləğv edildiyini söylədi. Onun sözlərinə görə, əvvəlki
kimi metronun giriş-çıxışlarında alver aparmağa qadağa qoyulub:
"Biz bazarların qarşısında da reyd aparmışıq. Demək olar ki, heç
bir bazarın qarşısında küçə ticarətinə yol verilmir. Bazar
rəhbərləri ilə danışıq aparmışıq ki, həmin insanlara ticarət üçün
bazarın içərisində yer verilsin. Sizin dediyiniz ərazilərə yenidən
baxış keçiriləcək".
Ə. Bağırov deyir ki, ölkədə yoxlamaların iki illik dayandırılması barədə Prezidentin fərmanı olsa da, bu küçə ticarətinə aid edilmir: "Küçə ticarətinə qarşı reydlər dayandırılmayıb. Bu gün də davam etdirilir. Küçədə bazar açmaq qadağan olduğundan, bizim Xidmət tərəfindən reydlər davam etdiriləcək".