Bakıda bir sıra yollar bağlanır. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, bəzi yolların asfalt örtüyündə dəyişiklik olunmasına ehtiyac var. Bu məqsədlə paytaxtın Xaqani küçəsindən Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlı olacaq. "Formula 1" yarışları ilə bağlı dəyişiklik ediləcək yollar, təmirə bağlanacaq növbəti küçə və ya prospektlər haqda bir neçə gün öncədən ictimaiyyətə məlumat veriləcək. Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları 2016-cı ilin yayında keçiriləcək. Yarış üçün trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib. Yarışları keçirəcək "Baku Grand Prix" şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1" yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir. Debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək.