Əlaqə Arxiv
news Image
2012.10.31
16:57
| A A A
Ukraynalı tələbələr BSU-da “Yay məktəbi”ndə

Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələri surətlə inkişaf etməkdədir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur və müəllim-tələbə mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Universitetimiz Rusiya, Ukrayna, Bolqarıstan, Belarusiya, Polşa, Çexiya, Rumıniya, Fransa, Böyük Britaniya, Türkiyə, Yunanıstan, Moldova, İsveçrə, Almaniya, Gürcüstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx və çoxşaxəli əlaqələr yaratmış və qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışdır. BSU-nun elmi və mədəni həyata verdiyi töhfələrdən də göründüyü kimi, imzalanmış müqavilələr kağız üzərində qalmır və öz əməli təsdiqini tapır.

Bu əlaqələrin məntiqi davamı olaraq 28 oktyabr 2012-ci il tarixlərində Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin Ukrayna və xarici dillər kafedrasının müdiri prof. Bobux Hadejda Nikolayevnanın rəhbərliyi ilə və universitetin bir qrup tələbəsi – Maaliyyə və uçot fakültəsindən 3 tələbə, yeyinti sənayesi texnologiyaları, mehmanxana-restoran və turizm biznesi fakültəsindən isə 2 tələbə "Yay məktəbi"ndə iştirak etmək üçün BSU-ya gəlmişlər. İki həftə ərzində BSU-nun aparıcı professor və müəllimləri "Müasir Azərbaycan inkişaf yolunda", "Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində", "Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri", "Dünya təcrübəsi kontekstində Azərbaycanda turizm fəaliyyətinin hüquqi-normativ bazasının dövlət tənzimləməsi", "Azərbaycan və Ukrayna iqtisadi əlaqələri", "Ümummilli lider Heydər Əliyevin xarici siyasət strategiyası", "Azərbaycanın bank və maaliyyə kredit sistemi" və "Azərbaycanın müasir iqtisadiyyatının infrastrukturu", "Azərbaycanın xarici siyasətində neft amili" və digər maraqlı mövzularda mühazirələr oxuyacaqlar. Ukraynalı tələbələr öz praktik məşğələləri çərçivəsində "Hilton", "Kempinski Hotel Badamdar", "Jumeirah Bilgah Beach Hotel" mehmanxanaları və "Unibank"ın fəaliyyəti ilə tanış olacaqlar. Eyni zamanda, BSU-nun ukraynaşünas tələbələri üçün ukraynalı prof. N.N.Bobux tərəfindən "Ukrayna dili" fənnindən ustad dərslər keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, bu günlərdə ukraynalı qonaqlar üçün BSU- tələbələrinin iştirakı ilə "Azərbaycan mətbəxi gecəsi" təşkil olunacaq və onlar BSU tələbələrinin konsert proqramına qatılacaqlar.

Nəzərə çatdırmaq lazımdır ki, məşğələlərlə yanaşı ukraynalı qonaqlar üçün geniş mədəni proqram da hazırlanmışdır. Belə ki, tələbələr Bakının zəngin tarixi abidələri ilə tanış olacaq və Oğuz rayonuna ikigünlük səfər edəcəklər.

Sizin Reklam Yeriniz