Qloballaşan dünya müsbət tərəfləri ilə yanaşı, qorxulu üzünü dil mövzusunda da göstərir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da illər öncə ilə müqayisədə yad sözlərin sayı artır.
Mövzu ilə bağlı "Mövqe"yə fikirlərini açıqlayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Müasir Azərbaycan dili" kafedrasının professoru, magistratura və doktorantura şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İbrahim Bayramov bildirdi ki, hazırda yad sözlər dilimizə ciddi təsir etmir: "Çünki, Azərbaycan dili qədim dildir. Azərbaycan dili tam formalaşmış, dünya dilləri arasında öz leksik zənginliyi, lüğət tərkibi, bütün qrammatik quruluşu, möhkəmliyi ilə seçilən bir dildir.
Nə qədər Azərbaycan dilində danışan kəslərin dilində yad kəlmələr olsa da belə, bu, dilimizə xələl gətirə bilməz. Dilimizin tarixi çox qədimdir. Bu dil yazıya alınmış "Kitabi-Dədə Qorqud"dan bu günə qədər özünün qrammatik quruluşu, zəngin lüğət tərkibi ilə möhkəmliyini qoruya bilib. Digər tərəfdən bu dil vaxtı ilə olduğu kimi, indi də Qafqazda ünsiyyət dili səviyyəsindədir. Ona görə də yad kəlmələlər Azərbaycan dilinə qətiyyən təsir etmir. Sadəcə olaraq, nitqi korlaya bilər. Səməd Vurğun "Yevgeni Onegin" əsərini Azərbaycan dilinə tərücmə edəndə deyirdi: yanmadım ömrümün iki ilinə, Rusiya şairinin şah əsərini çevirdim, Vaqifin şirin dilinə". Yəni, bu dilin zənginliyi, ahəngdarlığı, səlistliyi onun ünsiyyət vasitəsi, yazı dili kimi möhkəm dil olduğunu təsdiq edir".
Professor əlavə etdi ki,
ümumiyyətlə, yad ifadələr dillə yanaşı, xalqın varlığına ciddi
təhlükə yarada bilir: "Düzdür, hansısa dil yalnız öz sözlərindən
ibarət ola bilməz. Dil qarşılıqlı şəraitdə inkişaf edir. Hər bir
dil iki yolla - dilin daxili, yəni öz hesabına, o biri isə alınma
sözlər hesabına zənginləşir. Yəni, hər dildə başqa dildən keçən
sözlər var. Eləcə də Azərbaycan dilinə keçmiş sözlər mövcuddur.
Onlar Azərbaycan dilində vətəndaşlıq hüququ qazanıblar, dildən
çıxara bilmərik. Bu gün televizor, radio, spiker, kompüter,
respublika və s. sözlər var ki, onları dilimizdən çıxartmaq mümkün
deyil. Onlar bu gün dilimizin zənginliyinə kömək edir. Bu, elmi,
publisistik, hətta bədii üslubda da öz əksini tapır. Lakin çox
təəssüf ki, bu gün dilimizə yad kəlmələri gətirmək istəyən
vətəndaşlarımız da var. Onları mətbuatda, televiziyada tez-tez
görürük. Məsələn, "şoppinq etdim" ifadəsi çox geniş yayılıb. Bu
ifadəni əsasən Avropaya gedib-gələn insanlar, müğənnilərdən eşitmək
mümkündür. Bu, alış-veriş deməkdir. Sadəcə olaraq, "şoppinq etdim"
deməklə, özünü "savadlı" göstərməyə çalışırlar. Yaxud da əla,
yüksək sözlərinin əvəzinə "super" deməyin də mənası yuxarıda
söylədiyimiz kimidir. Ancaq bununla Azərbaycan dilinin yalnız
gözəlliyini pozurlar. Adətən bizim dildə danışa bilməyənlər bu
ifadələrə üstünlük verirlər".
Ekspert qeyd etdi ki, bu mövzuda Azərbaycana ən çox təsiri olan ölkələr var: "Məsələn, Azərbaycan ikinci dəfə müstəqillik əldə edənə qədər dilimizə əsasən rus dilindən sözlər keçirdi. Ondan əvvəl isə Azərbaycan dilində ərəb və fars sözlərinə rast gəlinirdi. Azərbaycana Rusiya təsiri gələndən sonra rusdilli məktəblər açıldı. Rusiyanın həm ziyalıları, həm də üsul idarəçiləri Azərbaycanda bərqərar olduqdan sonra dilimzə rus sözləri keçdi. Onların da bir neçəsi dilimizdə qaldı.
Eyni zamanda dilimizə Avropa – yunan, ingilis, fransız, alman, italiyan dilindən sözlər rus dili vasitəsi ilə keçdi. Lakin müstəqillik əldə etdikdən sonra Azərbaycan artıq birbaşa ingilis və digər Avropa dillərindən sözlər götürdü. Hazırda Azərbaycan dilinə yad kəlmələr daha çox ingilis dilindən gəlir. Hətta türk dilində olan sözlər işlətməklə bəzi şəxslər özlərini "savadlı" göstərmək istəyirlər. Türkçülük və türkiyəçilik anlayışlarını fərqləndirmək vacibdir. Türkçülük yaxşı prinsip olduğu qədər türkiyəçilik qorxulu tendensiyadır. İndiki halda dilimiz ən çox ingilis dilindən sözlərlə gəlsə də, hamısı yer tapa bilmir. Ümumiyyətlə, ikitərəfli münasibətlər qurulduqca həmin ölkələrdən sözlərin keçməsi qaçılmazdır".