Əlaqə Arxiv
news Image
2015.12.16
12:49
| A A A
Bakıda suçiçəyi xəstəliyi belə yayılır...

Bakıda Binəqədi rayonu ərazisində suçiçəyi xəstəliyi yayılıb. Movqe.az-ın məlumatına görə, bu rayonun eyni adlı qəsəbəsində son bir ay ərzində 20-dən çox sakində suçiçəyi xəstəliyi qeydə alınıb.Onların arasında məktəblilər də var. Movqe.az-a sözügedən ərazidə son bir ayda bu xəstəliyə yoluxmuş 10-da çox şəxsin adı bəllidir. Onların 4 -ü məktəb yaşlı, yerdə qalanları isə yaşı 25-dən yuxarı olan şəxslərdir. Suçiçəyi xəstəliyinə yoluxanlar həkimə müraciət etmədiklərindən, onlar barədə ərazi polikilinikasında da qeydiyyat aparılmayıb. Suçiçəyinə yoluxan uşaqlar ev şəraitində müalicə aldıqlarından, xəstə olduqları dövrdə həkim müayinəsindən keçmədiklərindən, məktəbə də xəsləliklə bağlı arayış təqdim etmirlər. Nəticədə xəstəlik ərazidəki məktəblərdə uşaqlar arasında da yayılır. Bu isə bu xəstəliklə bağlı rəsmi statistikanın düzgün aparılmamasına da gətirib çıxardır. Səhiyyə NazirliyininRespublika Gigiyena və Epidemiologiya MərkəzininHava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova Movqe.az-a açıqlamasında bildirib ki,rəsmi olaraq xəstəliyin artımı müşahidə olunmur. "Ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyinə yoluxma halları artmayıb".


N. Mürsəlova deyib ki,qaydaya əsasən suçiçəyi olan şəxs barədə dərhal ərazi polikilinikasına məlumat verilməlidir. Onun sözlərinə görə, uşaq suçiçəyi olduğu üçün dərsə getmirsə, dərhal məktəbdəki tibb məntəqəsindən bu barədə ərazi polikilinikasına məlumat verilməlidir: "Əgər sinifdə bir uşaq bu xəstəliyə yoluxubsa, həmin sinifdə 21 gün karantin elan olunur. O sinifin otağının havası tez-tez dəyişilməli, otaqda qoruyucu maskalardan istifadə olunmalıdır. Həmçinin sinifdən-sinifə uşaqların köçürülməsi yolverilməzdir.Məktəbdə mütləq qapılara xlorlu tənzif bağlanılmalıdır ki, xəstəlik, digər uşaqlara keçməsin".


N. Mürsəlova suçiçəyinə yoluxma halı olarsa, dərhal ərazi polikilinikasına məlumat verilməli olduğunu söyləyir. Onun sözlərinə görə, xəstəlik hava-damcı yolu ilə yayıldığından gigiyenik tələblərə əməl etmək şərtdir: "Mütləq bu xəstəliyə yoluxan şəxs həkim tərəfindən müayinə olunmalı, müəyyən məsləhətlər almalıdır. Uşaqların immun sistemi zəif olduğundan mütləq həkimə müraciət olunmalıdır. Çox təəssüf ki, bəzən valideyinlər bu xəstəliyi evdə özləri müalicə edirlər. Həkimdən heç bir məsləhət almırlar. Bu doğru deyil. Həkimə məlumat verdikdə, həkimdən xəstəliklə bağlı arayış aldıqda məktəb də bu barədə məlumatlanır və gigiyenik tədbirlər görülür. Məktəbin suçiçəyinə yoluxmuş uşaq barədə məlumatı olmursa, bu zaman xəstəliyin digər uşaqlara keçə ehtimalı da böyük olur".


N. Mürsəlovanın sözlərinə görə, suçuçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiya nəzərdə tutulmayıb. Həmsöhbətimiz bildirir ki,dünyada suçuçəyinə qarşı peyvən işləri aparılsa da bizim peyvənd təqviminə daxil olunmayıb:"Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Bu, hava-damcı yolu ilə keçən virus xəstəliyidir. Bu virus uşaqlarda suçiçəyi formasında, böyüklərdə isə dəmro (herpes zoster) xəstəliyi kimi özünü göstərir. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur. Praktik olaraq bütün insanlar uşaqlıqda su çiçəyi xəstəliyinə yoluxurlar. Daha çox qış və yaz aylarında müşahidə olunur. Bu xəstəliyi hər bir insan keçirə bilər. Əsas insanın immun sistemi güclü olmalı və xəstəliyə qarşı qabaqlayıcı profilaktik tədbirlər aparılmalıdır. Xəstəliyin əvvəlində uşaqda qızdırma, titrəmə halları baş verir, onun ümumi halı, iştahası və yuxusu pozulur. Bəzi hallarda isə, kürək və sinəsində ağrılar olur. Xəstədə səpgilər əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər. Suçiçəyi xəstəliyinə tutulmuş xəstələr adətən ev şəraitində müalicə edilir. Xəstə 7-10 gün müddət ərzində ev şəraitində olmalıdır. Evdə havalandırma sistemi normal olmalı, yataq otağının havası tez-tez dəyişdirilməli və hər gün nəm əsgi ilə təmizləmə işləri aparılmalıdır.Xəstə bol-bol su içməli, immun sistemini artıran qidalar qəbul etməlidir. Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir. Xəstəlik zamanı uşağın immun sistemi daha zəif olduğundan onu bir müddət qorumaq lazımdır. Evdə qalması, məktəbə və ya bağçaya getməməsi məsləhətdir. Müalicə müddətində çox nadir hallarda baş verən fəsadlar zamanı həkim xəstəyə


antibiotiklər yaza bilər".




Sizin Reklam Yeriniz