Əlaqə Arxiv
news Image
2016.02.03
07:00
| A A A
Dərmanların qiyməti yenidən ucuzlaşacaq
Vüqar Bayramov: “Bazarda qiymətlərin tənzimlənməsi üçün indiki məqamda dərmanların idxalına tətbiq edilən ƏDV-nin ləğv edilməsi müsbət addımdır” Adil Qeybulla: “Müvafiq qərarın verilməsi insanların gündəlik işlətdiyi dərmanların alınması üçün xeyli faydalı olacaq”

Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi yenidən gündəmə gəlib. Baş nazirin müavini Əli Əhmədov bu məsələsi üzərində düşünüldüyünü açıqlayıb. Onun sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrində dərmanların əlavə dəyər vergisindən azad olunması, habelə bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var: "Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq. Bütövlükdə, Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin".

Xatırladaq ki, Azərbaycana idxal edilən dərmanlardan 18% əlavə dəyər vergisi tutulur. Ekspertlər dərmanların əlavə dəyər vergisindən azad olunmasını müsbət qarşılayırlar. Təxminən qiymətlərin 18% ucuzlaşacağını düşünürlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, manatın xüsusən sonuncu devalvasiyasından sonra dərman vasitələrinin qiymətində artım müşahidə edilməyə başladı: "O baxımdan dərman bazarında qiymətlərə yenidən baxılması zərurət yarandı. Bazarda qiymətlərin tənzimlənməsi üçün indiki məqamda dərmanların idxalına tətbiq edilən ƏDV-nin ləğv edilməsi müsbət addımdır. Bu, dərmanların xərcinin 18 faiz azalmasına gətirib çıxaracaq. Ancaq taktiki addımdır. Taktiki olaraq qiymətlərin qiymətinə təsir göstərir. Ancaq paralel olaraq strateji addımların da atılmasına ehtiyac var. Strateji addımlar kimi hökumətin uzun müddət müzakirə etdiyi dərmanların yerli istehsalının təşkil edilməsini göstərmək olar. Amma dərmanların yerli istehsalının təşkili zaman tələb edən məsələdir. Ancaq taktiki olaraq hazırda qiymətlərin tənzimlənməsi üçün ƏDV-nin götürülməsi məqsədə uyğundur. Bu, dərmanların qiymətinin ƏDV dərəcəsinə yaxın azalması deməkdir. Dərmanlar vətəndaşlar üçün bir qədər də əlçatan olacaq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirir ki, dərmanlar üzərindən ƏDV-nin götürülməsi onların qiymətində təxminən 18 faiz ucuzlaşma yaradacaq: "Ancaq əsas məsələ bunun öz həllini tapmasıdır. Bu, öz həllini taparsa, vətəndaşlara böyük yardım olacaq. Müvafiq qərarın verilməsi insanların gündəlik işlətdiyi dərmanların alınması üçün xeyli faydalı olacaq. Amma daha yaxşı olardı ki, bu məsələ sadəcə, qərarlar yox, sistem şəklində həll olunsun".

Professor qeyd etdi ki, Avropa ölkələrində dərman preparatlarının qiyməti bizə nisbətən bahadır: "Yaxşı olardı ki, Azərbaycana Ümumdünya Səhiyyə Təşkilatının reyesterində dərman preparatı kimi qəbul olunan dərmanlar idxal olunsun. Bu dərmanlar Almaniya və digər ölkələrinin birbaşa aptek şəbəkəsindən alınmasından xeyli ucuz başa gələcək. Çünki, məhz bazadan alınacaq. Bundan başqa əhalinin gündəlik tələbatı olan bəzi mühüm dərmanlar icbari tibbi sığorta paketinə daxil edilməlidir. Bu, əhalinin həmin dərmanarı pulsuz almasını təmin edəcək. Beəl hal daha yaxşı sosial müdafi formasından biri hesab olunur".


Sizin Reklam Yeriniz