Yaxın vaxtlarda Səhiyyə Nazirliyinin bir sıra səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi gözlənilir. Movqe.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, hansı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi barədə müzakirələrə də başlanılıb. Əldə etdiyimiz digər xəbərə görə isə, Səhiyyə Nazirliyinin digər səlahiyyətlərinin itirilməsi isə dövlət xəstəxanalarının özəlləşdirilməsi əsasında baş tutacaq. Məlumata görə, bu prosesə icbari tibbi sığortanın tətbiqindən sonra başlanılması nəzərdə tutulub. Movqe.az məlumatların dəqiqləşdirilməsi üçün Səhiyyə və ƏƏSMN ilə əlaqə saxlayıb. Səhiyyə nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlarda bu barədə məlumat yoxdur. ƏƏSMN-dan isə bu məsələnin onların səlahiyyətində olmadığını, bu barədə məlumatlı olmadıqlarını söyləyiblər. İqtisadçı Azər Mehtiyev Movqe.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanı həyata keçirilməsi istiqamətində islahatlara başlansa, dövlət xəstəxanalarının bəziləri özəlləşdirə bilər: "Dövlətin balansında bu qədər geniş xəstəxana şəbəkəsinin olmasına ehtiyac yoxdur. Bir halda ki, o xəstəxanalar dövlət büdcəsindən maliyyələşir, bu zaman xəstəxanaların maliyələşməsi üçün yeni maliyə mənbələrinin axtarılması labüddür. Amma indidən xəstəxanaları özəlləşdirməklə bir nəticə əldə etmək də mümkün deyil. Çünki, hazırda ölkədə kifayət qədər sayda özəl klinikalar mövcuddur. Bu rəqabətdə dövlət xəstəxanalarının daha üstün olması praktiki olaraq mümkün deyil. Amma icbari tibbi sığortanın tətbiqinə başlanılarsa, bəzi dövlət xəstəxanalarının özəlləşdirilməyə çıxarılması məsələsi gündəmə gələ bilər".