Əlaqə Arxiv
news Image
2012.11.21
11:43
| A A A
Yodlaşdırılmamımş duzlardan gələn təhdid davam edir
Adil Qeybulla: “Yodlu duzla bütün regionların təmin olunması yox, məhz endemik, yodun çatışmadığı regionların təmin olunması çox vacibdir” Mübariz Əliquliyev: “Yoxlamalar müntəzəm olaraq keçirilməlidir ki, bu sahədə olan özbaşınalığın qarşısı alınsın”

Azərbaycanda yodsuz duz istehsalı, satışı və idxalı qadağandır. Lakin mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən duzların satışı hələ də davam etməkdədir. Bakı şəhərindəki çörəkbişirmə və pendir sexlərində bəzi hallarda mənşəyi bəlli olmayan, sağlamlıq üçün təhlükə törədən duzlardan istifadə olunur.

Bu hal həmin sahədə problemin ciddiliyindən xəbər verir. Rəsmilər dəfələrlə bildiriblər ki, yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədi ilə müxtəlif tədbirlər görülüb. Hətta Milli QHT Forumu ilə birgə maarifləndirmə aksiyaları keçirilib. Bu tədbirlərdə məqsəd ictimaiyyətin diqqətini yodsuz duzdan istifadənin fəsadlarına yönəltmək olub. Həmçinin İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin birgə işi nəticəsində yodsuz duzların satışının qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Eyni zamanda, "Azərsun Holdinq" tərəfindən inşa olunmuş Masazır duz zavodu da ölkə əhalisinin sağlam duza olan tələbatının ödənilməsi məqsədi ilə istehsal gücünü artırıb. Hazırda həmin zavodda yüksək texnologiya ilə istehsal olunan yodlu "Azərduz" markası bütün satış nöqtələrində istehlakçılara təklif olunur. İmkanlarını genişləndirən zavod təmiz duz istehsalını 90 min tona çatdıracaqdır ki, bu da Azərbaycanın duza olan tələbatını tamamilə ödəyəcəkdir.

Xatırladaq ki, keyfiyyətsiz duzdan istifadə edən insanlarda immunitet aşağı düşür, zob xəstəliyi yaranır, uşaqlarda isə əqli və fiziki inkişaf ləngiyir. Ona görə də insanlar duz alarkən ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə məlumatlara görə yodlaşdırılmamış duzdan istifadə insanlarda 40-dək xəstəliyin yaranmasına əsas verir. Lakin maraqlıdır ki, bütün görülən tədbirlərə rəğmən yodlaşdırılmamış duz satışı hələ də geniş vüsət almaqda davam edir.

İstehlakçıların Maarifləndirilməsinə Dəstək İctimai Birliyi sədrinin müavini Mübariz Əliquliyev yodsuz duzların bazarda geniş vüsət almasını nəzarətin zəif olmasında görür: "Yodlaşdırılmamış duz məhsulunun bazarı bürüməsinin başlıca səbəbi onun ciddi surətdə yoxlanılmaması ilə bağlıdır. Belə vəziyyətdən istifadə edən işbazlar da həmin saxta məhsulun satışını daha da artırırlar. Yoxlamalar müntəzəm olaraq keçirilməlidir ki, bu sahədə olan özbaşınalığın qarşısı alınsın".

Tibb elmləri doktoru Adil Qeybulla yodlu duzla bütün regionların deyil, yodun çatışmadığı ərazilərin təmin olunmasının vacib olduğunu qeyd etdi: "Sovet dövründə müxtəlif endemik zonalar vardı ki, orada içməli su və torpaqda yod çatışmırdı. Qida rasionunda yodun çatışmadığı rayonlar üçün yodlaşdırılmış duz verilirdi. Şəki, Zaqatala rayonlarında məhz belə idi. Ümumiyyətlə Böyük Qafqaz regionu sularında müxtəlif mikroelementlər, o cümlədən yod çatışmırdı. Ona görə də bu sulara yodun qatılması vacib komponet hesab olunur. Onu da qeyd edim ki, yodlaşdırılmış duzun ömrü çox azdır. Yod parçalanır və müəyyən dövrdən sonra yod öz effektivliyini itirir. O baxımdan da onların saxlama müddəti çox qısadır. Bəzən satışda olan duz məhsuluna yodlaşdırılmış duz şəklində etiketlər vurulsa da, amma onun standartlara nə dərəcədə uyğun olduğunu söyləmək çətindir. Hesab edirəm ki, bu gün də Azərbaycanda yodun çatışmadığı regionlara yodlu duz verilməlidir. Həm də onlardan istifadə qaydaları barədə əhali məlumatlandırılmalıdır ki, onlar vaxtı keçmiş yodlu duzu almasınlar. Bu məsələ əslində dövlət standartlaşdırma sisteminə daxil olan məsələdir. O baxımdan da yodlu duzla bütün regionların təmin olunması yox, məhz endemik, yodun çatışmadığı regionların təmin olunması çox vacibdir.

Sizin Reklam Yeriniz