Əlaqə Arxiv
news Image
2016.02.10
07:00
| A A A
Ərzaq məhsulları bələdiyyə yarmarkaları ilə daha da ucuzlaşacaq
Samir Əliyev: “İndiki dövrdə bələdiyyələrin bu işi görməsinə çox böyük ehtiyac var” Vüqar Tofiqli: “Bələdiyyələr konkret layihələr təklif etməlidirlər ki, dövlət də həmin layihələrə vəsait ayıra bilsin”

Biləcəri bələdiyyəsi kənd təsərrüfatı yarmarkasının tikintisinə start verib. Bu barədə Binəqədi rayon Biləcəri qəsəbəsinin sədri Hikmət Quliyev bildirib. Onun sözlərinə görə, 700 kvadratmetrlik ərazidə inşasına başlanılacaq tikintinin ilkin layihə-smeta sənədləri hazırlanır.

Sədrin sözlərinə görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun beş bələdiyyəsinin hər birində belə yarmarkanın inşasına başlanılacaq. Əsasən əhalinin sıx məskunlaşdığı ərazilərdə istifadəyə veriləcək yarmarkalarda bələdiyyələrin əməkdaşlıq etdiyi rayonların Gədəbəy, Şəmkir və İsmayıllı rayonlarından olan kənd təsərrüfatı məhsulların satışı təşkil ediləcəkdir. Artıq Biləcəri bələdiyyəsinin daxili imkanları hesabına qəsəbənin X.Məlikaslanov küçəsi döngə 7 ünvanda kənd təsərüfatı yarmarkasının tikintisinin ilkin mərhələsinə start verilib.

Qeyd edək ki, oxşar təcrübə qonşu Türkiyədə uzun zamandır tətbiq edilir. Belə ki, orada bələdiyyələt hər həftə öz ərazilərində ucuz yarmarkalar təşkil edir. Ekspertlər bu təcrübənin ölkəmizdə daha da geniş vüsət almasını təklif edirlər.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, Azərbaycanda xüsusən də indiki dövrdə büdcə xərclərinin azaldılmasına ehtiyac var: "Bu işdə bələdiyyələrin fəaliyyətini artırmaq lazımdır. Amma bu gün Azərbayanda bələdiyyələrin fəaliyyəti demək olar ki, yox səviyyəsindədir. Maliyyə imkanları zəifdir. Bu baxımdan hazırki durumları ilə Azərbaycan bələdiyyələrin yarmarkalar təşkil etməsi çox çətin görünür. Düzdür, rayon yerlərində ona oxşar müəyyən təşəbbüslər irəli sürülür. Amma ümumən bələdiyyələrin belə bir yarmarkalar təşkil etmələrinə rast gəlinməyib. Rayon icra hakimiyyətləri tərəfindən bu cür tədbirlərin təşkil edilməsi mümkün görünür. Lakin indiki dövrdə bələdiyyələrin bu işi görməsinə çox böyük ehtiyac var. Çünki, kənd yerlərində bələdiyyələr təsərrüfat işlərinə kifayət qədər yaxındır. Özləri birbaşa məşğul olmasalar da, bələdiyyələrin yaratdıqları müəssisələr təsərrüfat işlərini həyata keçirirlər. Bələdiyyələr yarmakarlar təşkil edilərsə, həmin müəssisələrin istehsal etdiyi məhsulların yarmarkalarda satışı həyata keçirilə bilər. Bələdiyyələr əhalinin hansı məhsulları satdığını, əkdiyini, becərdiyini yaxşı bilir.O baxımdan bu işi bələdiyyə daha yaxşı qura bilər. Ancaq Azərbaycanda yarmarkalar daha çox paytaxtda təşkil edirlir. Yaxşı olar ki, regional yarmarkalar təşkil edilsin. Yəni, bir neçə rayon birləşərək yarmarka təşkil etsin".

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirir ki, bizdə artıq bu istiqamətdə müəyyən addımlar atılır: "Binəqədi bələdiyyələri ilə Gədəbəy, Şəmkir, İsmayıllı bələdiyyələri arasında müqavilə bağlanıb. Gədəbəy, Şəmkir və İsmayıllıdan olan bələdiyyələrinin fermer təsərrüfatları ilə birgə istehsal etdiyi məhsullar Binəqədi bələdiyyələrinin təşkil etdiyi yarmarkalarda satışa çıxarılacaq. Artıq Sabunçu rayon bələdiyyələri də Xaçmaz bələdiyyələri ilə birgə müqavilə bağlayıblar. Xaçmazda istehsal olunan məhsullar Sabunçu bələdiyyələrinin ərazisində inşa edilən yarmarkalarda satışa çıxarılacaq. Yəni, bu istiqamətdə ilkin addımlar atılır.

Güman edirəm ki, bu işdə bələdiyyələrə dövlətin də dəstəyi laızmdır. İşlər maliyyə tələb edir. İlk növbədə dövlət bu istiqamətdə güzəştli kreditlər ayırmalıdır. Əlbəttə ki, bələdiyyələr də öz növbələrində müəyyən təşəbbüslər irəli sürməlidirlər. Konkret layihələr təklif etməlidirlər ki, dövlət də həmin layihələrə vəsait ayıra bilsin".



Sizin Reklam Yeriniz