Əlaqə Arxiv
news Image
2016.02.10
10:00
| A A A
Deputatdan banklara ittiham: "Bankın səlahiyyəti yoxdur ki..."

Banklara, lombardlara girov qoyub pul götürən vətəndaşların ödəməsi gecikdirildikdə banklar, lombardlar tərəfindən girov dəyər-dəyməzinə satışa çıxarılır. Buna səbəb isə bankların pul krediti verərkən müştərinin girovunu dəyərindən dəfələrlə aşağı qiymətləndirməsidir. Hazırda banklar və lombardlar müştərilərə yerindəcə girovun qiymətləndirilməsi xidməti ilə kredit təklif edirlər. Banka, lombarda pul üçün müraciət edən vətəndaşın girovunu bankın və lombardın özünün müəyyən etdiyi şəxs qiymətləndirir. Bu isə kreditdə gecikmə yarandıqda bankın, eləcə də lombardın vətəndaşın girovunu dəyər-dəyməzə satışa çıxartması ilə nəticələnir. Belə ki, banklar, lombardlar vətəndaşın girovunu real qiymətdən dəfələrlə aşağı qiymətləndirdiklərindən, girovu dəyər-dəyməzinə satdıqda belə heç nə itirmirlər. İtirən isə sadə vətəndaş olur. 

Millət vəkili Xanhüseyn Kazımlı Movqe.az-a açıqlamasında bildirib ki, girovun bankın müəyyən etdiyi şəxs və şirkət tərəfindən qiymətləndirilməsi düzgün deyil. X. Kazınlı deyir ki, Azərbaycanda "Qiymətləndirmə Fəaliyyəti Haqqında "qanun 1998-ci ildə qəbul edilib: "Bu Ulu Öndərin diqqətində olan qanunlardan biri olub. O qanunun əsas aparıcı müəllifi mən olmuşam. Çünki, mənim sahəm iqtisadiyyatın qiymət və qiymətlədirmə sahəsidir. Bu qanunu qəbul etdikdən, bir müddət sonra MDB üzrə yalnız Rusiya bu barədə qanun qəbul etdi. Azərbaycan bu sahədə qanunvericilikdə MDB-də ən birincisi oldu. Amma, Rusiyada bizdən 7-8 ay sonra qəbul olunan qanuna 20-30 dəfə əlavə dəyişikliklər etsə də, bizdə indiyədək heç bir əlavə dəyişiklik olunmayıb. Biz bununla bağlı təkliflər hazırladıq. Bir neçə dəfə bu əlavə dəyişikliklərə baxıldıqdan sonra təklif oldu ki, bu qanunu yenidən işləyək. Qanunda indiyədək əlavə-dəyişikliklər edilmədiyindən, biz də yeni qanun layihəsi hazırladıq. Bir neçə il öncə qanun layihəsi komitədən keçsə də, indiyədək həmin qanun unudulub. Yəni göz ardına verilib. İstər "Qiymətləndirmə Fəaliyyəti Haqqında "qanunu, istər də, 2002-ci ildə qəbul olunan "Tənzimlənən qiymətlər haqqında" qanunu o vaxt Ulu öndər imzalasa da tətbiqi unudulub. Bu qanunu bir neçə dəfə mən Milli Məclisdə müzakirəyə çıxartmışam.  Yəqin ki, "Qiymətləndirmə Fəaliyyəti Haqqında "qanuna yenidən baxılacaq. İndiki şəraitdə hər iki qanuna baxılması vacibdir. "Qiymətləndirmə Fəaliyyəti Haqqında " qanunun 5 və 10-cu maddələrində yazılır ki, qohumluq əlaqəsində olan və hər hansı şirkətin üç dəfədən bir girovu qiymətləndirməsi yolverilməzdir. Amma buna baxmayaraq banklar girov dəyərini müəyyənləşdirmək üçün özləri istədikləri şəxsə və şirkətə müraciət edirlər. Onlar isə girovun qiymətini dəyərindən qat-qat aşağı qoyur. Ona görə də sahibkar müflisləşdikdə, banklar əmlakı müsadirə edərək satışa çıxardır. Əmlakın bazar dəyəri 300 mindirsə, ona 70-80 min dəyərdə qiymətləndirirlər. Üstəlik 40 min manat da 30 faizlə müştəriyə kredit ayırırlar. Halbuki sahibkar çətinliyə düşsə, o evi dəyər-dəyməzə satışa çıxartmaqla o əmlakın satışından əldə etdiyi pulla vəziyyətdən çıxmağı bacara bilərlər. Heç bir bankın  səlahiyyəti yoxdur ki, öz nəzdində bir filial, idarə yaradıb girovu qiymətləndirməyi ona həvalə etsin. Çünki, bankın burada marağı var. Qanunda da göstərilib ki, marağı, olan qohumluq əlaqəsi olan qiymətləndirməni apara bilməz!".

X. Kazımlı bildirir ki, hazırda banklar vətəndaşların qarşısında şərt qoyur ki, ancaq qiymətləndirməni onun müəyyən etdiyi şəxs və idarə aparmalıdır. Bu da banka imkan verir ki, sabah vətəndaş ödəmədə çətinlik çəkəndə girovu dərhal satışa çıxartsın. Nəticədə sahibkarlar bank sistemindən, hökumətdən narazı qalırlar. Ona görə də qanunda göstərildiyi kimi, girovun qiymətləndirməsini qanunla heç kəsin tərəfini saxlamayan müstəqil ekspert aparmalıdır".

Deputat deyir ki, yeni qanunun qəbulundan sonra banklara tövsiyyə olacaq ki, öz maraqlarını təmin edən şəxslərə, idarəyə qiymətləndirməni həvalə etməsinlər.


Sizin Reklam Yeriniz