Əlaqə Arxiv
news Image
2012.11.22
11:57
| A A A
Küçə ticarətinin tənzimlənməsi İtaliya modeli əsasında həyata keçirilə bilər
Ruslan Atakişiyev: “Bizdə küçə ticarətində Türkiyə təcrübəsindən istifadə etmək olar” Sevgim Rəhmanov: “Hansısa model olması üçün qanunvericilik bazası olmalıdır”

Məlumdur ki, bu gün ölkəmizdə qanunla səyyar küçə ticarətinə icazə verilmir. Odur ki, həmin yerlərdən alınan məhsulların nə keyfiyyət göstəricisi məlum olur, nə də qazancdan dövlət büdcəsinə vergi ödənilir. Amma qanunla tənzimlənməyən bu cür ticarət növünə hər an və çox yerdə rast gəlmək mümkündür. Xüsusilə də metro stansiyalarının çıxışı, əhalinin gur yaşayış yerlərində küçə ticarəti çoxluq təşkil edir.

Məlumat üçün xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, küçə ticarəti ilə məşğul olmaqla bağlı inzibati xətaya görə 10 manatdan 30 manatadək miqdarda cərimə tətbiq edilir. Amma İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsinə görə həmin cərimənin məbləği 80 manat müəyyən olunub. Lakin müşahidələr göstərir ki, bu cür ticarətin qarşısını inzibati yolla almaq çətin məsələdir. Odur ki, dünya praktikasında mövcud olan modellərdən istifadə etməyi təklif edirlər. Məsələn, İtaliyada küçə ticarəti ilə günün müəyyən saatlarında - 17:00-dan, 21:00 -a qədər məşğul olmaq olar. Bu modellər müxtəlif ölkələrə görə də müxəlifdir. Bəs görəsən, ölkəmizdə də bu cür modellərin tətbiqi nə qədər real görünür?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirir ki, bu model müxtəlif dövlətlərə görə dəyişir: "Müşahidələr onu göstərir ki, bizdə küçə ticarəti daha çox saat 10:00-dan 16:00-a qədər olur. Bu, mövsümə görə də dəyişə bilir. Qışda həmin göstərilən vaxtda meyl olursa, yayda əhali günün sonuna qədər alış - verişdə iştirak edə bilirlər. Bu baxımdan bizdə Türkiyə təcrübəsindən istifadə etmək olar. Türkiyə təcrübəsində səyyar yarmarkalar müxtəlif məhəllə üçün həftənin müxtəlif günlərində təşkil olunur. Bunu da bizdə səhər saat 9-dan axşam saatlarına kimi etmək mümkündür. Bizdə bu saatlarda iş vaxtı olmasına baxmayaraq, həmin vaxtı da alış - veriş olur. Çünki, həmin vaxtlarda qadınların əksər hissəsi evdə olduqlarına görə, satış yerlərinə də daha çox qadınların getməsini nəzərə alaraq bunu etmək mümkündür. Amma İtaliyada küçə ticarətinin həmin vaxtda olması işdən sonra alış - verişə getməsindən irəli gəlir".

Ekspert bildirir ki, küçə ticarətində daha çox xırdavat, ucuz geyim, yüngül sənaye məhsulları və kənd təsərrüfatı məhsulları satılır: "Ona görə də küçə ticarətinin vergiyə cəlb olunmasını müxtəlif yollarla etmək olar. Bunlardan biri fiziki şəxs qismində həmin satıcıların vergilərinin qeydiyyatdan keçirilməsidir. Bu vaxtı onlar ümumi gəlirlərinin 4%-ni, regionlarda fəaliyyət göstərirsə, 2%-ni verəcəklər. Yaxud da sadəcə, işin təşkilinə görə, yerpulu vasitəsi ilə də etmək olar. Yaxşı olar ki, bunu bələdiyyələr həyata keçirsin. Təşkilatçılığının bələdiyyələr tərəfindən olmasının bir sıra əhəmiyyəti var. Onlardan biri ondan ibarətdir ki, həmin ticarət müvafiq yerlərdə olacaq. Hamının da həmin yerdən məlumatlı olmasına görə əhalinin geniş şəkildə ora getməsinə şərait yaranacaq. İkinci tərəfi isə bir sıra ölkələrdə səyyar çadırlar qururlar. Çadrlar qurulduğundan orada səliqəlilik də hökm sürəcək. Üçüncü tərəfi isə ondan ibarətdir ki, satıcılar əlavə qeyri -qanuni ödənişlər verməyəcəklər. Bu da bələdiyyə vergilərinə şamil olunacaq. Həm də bu işin təşkili əhalinin aztəminatlı hissəsinin işlə təmin olunması və xırda ticarətin inkişafı baxımından da əhəmiyyətlidir. Çünki, sahibkarlıq bizdə prioritet sahələrdən sayıldığı üçün xırda ticarət də sahibkarlığın bir növüdür".

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov qeyd edir ki, hazırda dünyada bu sahədə bir çox modellər var: "Ölkəmizdə tətbiq olunacaq bu modellər hansısa qanuna söykənməlidir. Amma bu gün Azərbaycanda ticarət haqqında qanun yoxdur. Ticarət qanunu olmalıdır ki, ona da digər hissələr əsasnamələr vasitəsi ilə daxil olsun. Bu gün bizdə küçə ticarətini yerli icra nümayəndələri öz bildiyi kimi həll edir. Bu iş isə ticarət haqqında qanundan çıxan əsasnamələrlə həll olunmalıdır. Bu gün qanunvericilikdə küçə ticarəti ilə məşğul olan sahibkarlar hansı sənədləri toplayıb, necə fəaliyyət göstərmələri barədə məlumat yoxdur. Qanun olmamasında isə ən başlıca istehlakçılar uduzur. Ona görə də hansısa model olması üçün qanunvericilik bazası olmalıdır. Bundan sonra iqlim şəraitinə görə Azərbaycan öz modelini tərtib edə bilər. Lakin bu gün səbəb gətirirlər ki, kapitalist ölkəsində ticarət haqqında qanun olmamalıdır. Bəyəm Türkiyə kapitalist ölkəsi deyil, ya da Almaniya? İngiltərə də bu qanun var".

Sevgim Rəhmanov onu da qeyd etdi ki, bu gün Nazirlər Kabineti küçə ticarəti qaydaları haqqında sənəd verməlidir: "Sonra da bu, ticarət haqqında qanuna əlavə oluna bilər. Burada da rüsumlar hansısa formada təyin oluna bilər. Amma görünür, ticarət haqqında qanunun qəbul olunması uzun çəkəcək. Ona görə hazırda Nazirlər Kabineti küçə ticarəti ilə məşğul olmaq üçün hansısa sənədləri verə bilər".

Sizin Reklam Yeriniz