Bu günlərdə Milli Məclisdə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bələdiyyə üzvlərinin sayının azaldılması və birləşməsi məsələsi gündəmə gəlib. Deputat Siyavuş Novruzov bildirib ki, ölkədə bələdiyyə üzvlərinin və bələdiyyələrin sayı azaldılmalıdır: "Türkiyədə bir kənddə bir muxtar seçirlər, ancaq biz 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçirik. Bu, nəyə lazımdır?"
Öncə qeyd edək ki, ölkədə yeni institut olan bələdiyyələr yarandıqları tarixdən indiyədək bir neçə dəfə birləşiblər. Azərbaycanda yerli özünü idarəetmə orqanı yarananda
bələdiyyələrin sayı 3000-ə yaxın idisə, hazırda 1600-dən bir qədər çoxdur. Bəs görəsən bələdiyyələrin yenidən birləşməsi və üzvlərinin sayının azalması yerli özünü idarəetmə orqanları üçün hansı imkanlar açacaq?
Mütəxəssislər dövlətin çevik idarəetmə mexanizminə keçdiyi bir ərəfədə bələdiyyələrin birləşdirilməsinin effekt verəcəyini söyləyirlər. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov Movqe.az-a açıqlamasında bildirib ki, bələdiyyələrin birləşməsi yerli özünü idarəetmə orqanlarına yığcam, mərkəzləşmiş idarəetmə mexanizmi ilə işləmək imkanı verəcək: "Hazırda elə bələdiyyələr var ki, vergi yığa bilmirlər. Belə bələdiyyələrin birləşməsinin elə onların özünə də xeyiri var. Bu operativ, çevik idarəetmə mexanizminə keçiddə bələdiyyələrin işinə yarayacaq. Tutaq ki, hansısa əhalisi az sayda olan iki qonşu kəndin hərəsinin ayrı-ayrı bələdiyyəsi var. Onların biri ümumiyyətlə, vergi toplayıb heç bir gəlir əldə edə bilmir. Belə bələdiyyələrin birləşməsinin nəyi pisdir ki? Əgər həmin bələdiyyələrin hərəsinin 9-11 üzvü varsa, ikisi birləşsə, ikisinin üzvlərinin birgə sayı 11 olacaq. Bu isə bələdiyyənin öz üzvlərinə əmək haqqı verməsi ilə bağlı xərcləri azaldacaq. Tutaq ki, əvvəl iki bələdiyyədə birgə 6 nəfərə əmək haqqı ödənilirdisə, birləşdikdə 3 nəfərə əmək haqqı ödəniləcək. Bu isə bələdiyyələrin gəlirindən israfla istifadəyə, həmin vəsaitin bələdiyyənin gəlir əldə etməsi üçün hansısa layihəyə yönəltməsinə imkan yaradacaq".
H. Hüseynov böyük bələdiyyə tarixi olan qardaş Türkiyə ilə müqayisədə Azərbaycanda bələdiyyələrin sayının çox olduğunu deyir. Onun sözlərinə görə, əhalisinin sayı 80 milyon olan Türkiyədə bələdiyyələrin sayı Azərbaycandakı bələdiyyələrin yarısı qədərdir. Ölkəmizdə isə 10 milyona yaxın əlalinin payına 1607 bələdiyyə düşür. Yarananda isə bu say 3 minə yaxın idi.
Həmsöhbətimiz deyir ki, ümumiyyətlə bələdiyyələrin birləşməsi qanuna zidd deyil: "Bələdiyyələrin məcburi şəkildə birləşməsindən söhbət gedə bilməz. Zaman-zaman da, bələdiyyələr birləşdirilib. İndi də bələdiyyələr istəsə sərbəst şəkildə birləşməklə bağlı qərar verə bilərlər".
O ki qaldı bələdiyyə üzvlərinin sayının azaldılmasına, H. Hüseynov bunun da günün tələbi olduğunu deyir: "Düzdür, bələdiyyələrin üzvlərinin heç də hamısı əmək haqqı almır. Üzvlərinin sayı 9-11 olan bələdiyyələrin 3, 13-15 olduqda 4, 17-19 olduqda 5 üzvü əmək haqqı alır. Amma bu da o demək deyil ki, bələdiyyələrin gəlirindən ancaq əmək haqqına xərclənir. Əgər əhali sayına görə az olan iki kəndin bələdiyyəsi birləşsə, onlar təkcə üzvlərə əmək haqqı verməkdən deyil, eyni zamanda, mühasibatlı və sair üçün çəkdikləri xərci də azaltmış olarlar. Həmin vəsaiti isə sosial layihələrin həyata keçirilməsinə xərcləməklə, maliyə imkanlarını genişləndirə bilərlər".
Bələdiyyə məsələləri üzrə ekspet İlqar Hüseynli hesab edir ki, 5 il öncə də bələdiyyələrin birləşməsi prosesi baş verdi. Həmsöhbətimiz deyir ki, ümumiyyətlə, bələdiyyələrin yenidən birləşməsi nəzəri baxımdan heç də pis olmaz. Ekspertin fikrincə, bu, bələdiyyələrin yığımlarından daha səmərəli istifadəyə gətirib çıxardacaq: "Dövlərin çevik idarəetmə mexanizminə keçdiyi vaxtda bələdiyyələrin də birləşməsi onların xərclərini azaltmaq hesabına, gəlirlərindən səmərəli istifadəyə yol açacaq. Bələdiyyələr artıq inzibati, ofis və sair xərclərdən də xilas olacaqlar. Təcrübə də göstərdi ki, birləşmə, bələdiyyələrin işinə yaradı. Əvvəl ayrılıqda hansısa proqramın icrası mümkün olmadığı halda, iki,üç bələdiyyə birləşdikdən sonra gəlirlər artdığından, həmin proqramların icrası gerçəkləşdi".
Amma bununla belə, İ. Hüseynli bələdiyyələrin sayının əhalinin sayına görə müəyyənləşmiş kvotası olduğunu söyləyir: "Bələdiyyə seçkilərində mütləq əhalinin sayına görə müəyyənləşmiş kvota həddini gözləmək lazımdır. Bələdiyyələrin şuralarındakı üzvlərlə yanaşı, bələdiyyə qulluqçuları var. Bələdiyyələrin çoxunda komissiyalar fəaliyyət göstərir. Bu komissiyalar təhsil, səhiyyə və sair məsələlərlə bağlı fəaliyyət göstərir. Mütləq həmin komissiyanın üzvlərinin işini görəcək şəxslər olmalıdır. Ola bilər ki, o komissiyaların üzvlərinin işini komissiya rəhbərləri özləri görsünlər. Bu məsələlər mütləq bələdiyyələr birləşdirilərkən, üzvlərinin sayı azaldılarkən diqqətdə saxlanılmalıdır. Amma ümumiyyətlə, nəzəri baxımdan bələdiyyələrin birləşməsi, üzvlərinin sayının azaldılması səmərə verə bilər".
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyava Movqe.az-a açıqlamasında bildirib ki, bələdiyyələrin birləşməsi, üzvlərinin sayının azaldılması barədə parlamentdə səsləndirilmiş təklif reallığa çevrilərsə, bu zaman bələdiyyələrin də fəaliyyəti daha səmərəli ola bilər: "Son vaxtlar dövlətin çevik idarəetmə mexanizminə keçməsi, bələdiyyələrin də işində təkmilləşdirməyə ehtiyac duyulduğunu önə çıxartdı. İki biri-birinə yaxın kəndin ərazisində ayrı-ayrı bələdiyyələrin fəaliyyəti o qədər də məqsədəuyğun deyil. Tutaq ki, bir kəndin 1000 nəfər seçicisi var. O kənddə bələdiyyənin vergidən topladığı gəlir bələdiyyənin xərclərinə belə bəs eləmir. Yaxud da, 500-600 sakin olan kənddən əmlak, torpaq vergisi toplamaq üçün bir bələdiyyənin 11 üzvünün, xeyli sayda qulluqçusunun olmasına nə ehtiyac var?
Nəzərə alanda ki, əhalinin çoxu əmlak və torpaq vergisini əsasən ilin son iki ayında, yəni il tamam olmağa iki ay qalmış ödəyir, bu zaman bələdiyyələrdə iki ay üçün bu qədər işçi saxlaması izafi xərc deməkdir. Onsuz da bələdiyyələrin gəliri çox aşağı səviyyədədir. Ona görə də, bələdiyyələr çalışmalıdırlar ki, özlərinə dayanıqlı maliyə mənbələri yaratsınlar. Bunun üçün isə gəlirlərindən səmərəli istifadə etməlidirlər. Bunun da bir yolu bələdiyyələrin birləşdirilməsindən və bələdiyyə üzvlərinin sayının azaldılmasından keçir. Çünki, bələdiyyələr gəlir olmadıqda belə işçilərin sayına müvafiq olaraq Dövlət Sosial Müdafiə Fonduna ödəmələr etməlidirlər".
A. Əliyeva bununla belə, bələdiyyələr birləşdirilərkən rayona, əraziyə görə statistik təhlil aparılmasının vacib olduğunu vurğulayır.