Qaçaqmal yolu ilə ölkəyə dərman preparatlarının gətirilməsinə cəhdlər hələ var. Fevralın 15-də Dövlət Sərhəd Xidməti Azərbaycana Gürcüstandan qaçaq yolla iri həcmdə dərman vasitələrinin keçirilməsinin qarşını alıb. Qaçaqmalçılardan 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatları götürülüb. Bundan əvvəl Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük məntəqəsində "Mercedes" markalı avtombilin yük yerində Azərbaycana qaçaq yolla dərman vasitələrini keçirməyə cəhd edən şəxsi saxlayıblar. Həmin şəxs Azərbaycan vətəndaşı olub və dərman vasitələrini kommersiya məqsədi ilə gətirirmiş. Onun gətirmək istədiyi dərmanlar arasında "Essensiale Forte", "Espumizan" kimi pereparatlar olub.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, əslində, reyesterə düşməyən dərmanların ölkə ərazisinə gətirilməsinə cəhdlər həmişə olub: "Düzdür, əksər zamanlarda qaçalmalçılığın qarşısı alınır. Amma qaçalmalçılıqla mübarizə məsələsindən çıxış yolu bu deyil. Problemdən çıxış yolu normal farmakopiyanın yaranması və Azərbaycan ərazisində istifadəsinə icazə verilən dərman maddələrinin hər birinin tərkibinin, istehsal yerinin dəqiq müəyyən edilməsidir.
Lakin bu gün bəzən dərman maddəsinin üstündən yazılan yerlər tanınmır. Ona görə də qaçaqmalçılıqla mübarizənin qanuni yollarını tapmaq lazımdır. Farmakopiyanın yaranacağı təqdirdə, bu cür halların sayı kəskin azalacaq".
Ekspert bildirir ki, qaçaqmalıçılıq yolu ilə gətirilən dərmanlar keyfiyyətli ola bilər: "Amma qaçaqmalıçılığın özü cinayət əməlidir. Odur ki, qaçaqmalıçılıq yolu ilə gətirilən dərmanların keyfiyyəti haqqında nəsə demək çətindir".
Adil Qeybullanın fikrincə, idxalda da problemlər yaşanır: "Sahibkara sərf etməyən dərmanların idxalı prosesi dayanıb. Çünki, Tarif Şurasının tənzimləməsindən sonra bəzi dərmanlar dövriyyədən yoxa çıxıb. Odur ki, qiymətlərin tənzimləməsi müvəqqəti tədbir olmalıdır. Tamamilə başqa üsul tapılmalıdır. Daha çox istifadə olunan dərmanlar icbari tibbi sığorta paketinə daxil edilməlidir. Qalan dərmanların satışı isə sərbsət buraxılmalıdır. Onlar həkim reseptinə uyğun istifadə oluna bilər".
Sabiq polis rəisi Mahmud Hacıyev bildirir ki, qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin ölkə ərazisinə gətirilməsi maddi maraqdan irəli gəlir: "Əgər həmin maddələr ancaq müalicə xarakteri daşıyırsa, maddi maraqdan başqa maraq ola bilməz. Çünki, qaçaqmalçılıq yolu ilə gətirilmiş dərmanlar daha çox gəlir gətirir. Bundan başqa, elə dərmanlar var ki, sifariş əsasında tərkibinə bəzi komponentlər vurulmur. Bununla da onun müalicə əmsalı aşağı düşür. Həmin dərmanlar xaricdə çox ucuz başa gəlir. Onu da qaçaqmalçılıq yolu ilə gətirmək daha çox gəlir deməkdir. Ancaq onların müalicəvi xarakteri çox aşağı səviyyədədir. Müalicə üçün heç bir keyfiyyəti olmur".