Əlaqə Arxiv
news Image
2016.02.18
14:07
| A A A
"Zika" virusu Rusiyadan Azərbaycana keçə bilərmi?-Rəsmi açıqlama
Süleyman Məmmədov: "Bu virusu yayan ağcaqanadlar nə Rusiyada, nə dəki, Azərbaycanda var"

"Zika" virusunun Rusiyada qeydə alınması bu təhlükəli infeksiyanın sərhədlərimizə doğru yaxınlaşdığından xəbər verir. Rusiya ilə Azərbaycan arasında isə iqtisadi əlaqələr və gediş-gəliş var. Bəs görəsən Rusiyada və digər ölkələrdə qeydə alınmış "Zika" virusunun Azərbaycana keçmə ehtimalı nə dərəcədə yüksəkdir? Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, "Zika" virusunun Rusiyadan və digər ölkələrdən Azərbaycana keçmə ehtimalı demək olar ki, yoxdur: "Ümumiyyətlə insanların "Zika" virusunun yayılması, bir ölkənin vətəndaşında qeydə alınıbsa, digərinə keçməsi barədə təlaşı lüzumsuzdur. Çünki, bu xəstəlik hava-damcı yolu ilə yayılmır. Bu virusu yayan ağcaqanadlar var. O ağcaqanadlar isə subtropik ölkələrdə yaşayır. Rusiyada "Zika" viruslu  xəstə də məhz həmin ölkələrdə bu virusa yoluxub. Yəni, Rusiya vətəndaşının bu virusa Rusiya Federasiyasında yoluxması mümkünsüzdür. Eləcə də Azərbaycanda. Çünki, bu virusu yayan ağcaqanadlar nə Rusiyada, nə dəki, Azərbaycanda var. Bu virusa ancaq insanlar subtropik ölkələrdə, ərazilərdə yoluxa bilərlər. "Zika" virusu ancaq "Albo- Pictus" və "Aedes aegypti"  ağcaqanadları vasitəsilə yayılır. Bu ağcaqanadların vətəni isə subtropik ərazilərdir".

S. Məmmədov  deyir ki, bu ağcaqanadlar xəstə insanı sancdıqda, virus onun tüpürcək vəzinə toplanılır. Həmin ağcaqanad təkrar başqa sağlam insanı sancdıqda virus həmin insana yoluxur. Şöbə rəhbərinin sözlərinə görə, hətta "Zika" virusuna yoluxmuş xəstəni sancdıqda həmin virus ağcaqanadın yumurtalığına da toplanır: "Bilirsiniz ki, ağcaqanadlar isə yumurta qoymaqla çoxalır. Belə halda o yumurtadan çıxan ağcaqanadlar da "Zika" virusunun daşıyıcıları sayılır. Yəni artıq onlar yumurtadaykən "Zika" virusuna yoluxmuş ağcaqanadlar hesab olunur".  

S. Məmmədov "Zika" virusunun əlamətlərinin qriplə oxşar olduğunu söyləyir. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı da, qripdə olduğu kimi, yüksək hərarət, əzginlik, baş ağrıları müşahidə olunur: "Hamilə qadın bu virusa yoluxduqda onun dünyaya gətirdiyi uşaq "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulur. Yəni, ağcaqanadlar yolu ilə keçən "Zika" virusu hamilə qadınlara yoluxduqda, ana bətnindəki dölün beyninin inkişafını ləngidir. Hamilə ikən bu virusa yoluxan qadınların dünyaya gətirdiyi uşaq qüsurlu olur.Bu virus ilk dəfə 1947-ci ildə müəyyən edilib. Hamilə olmayan qadınlara və əks cinsin nümayəndələrinə keçdikdə isə xəstəlik müalicə olunmasa ağır fəsadlar verə bilər. Necə ki, qrip ağırlaşır, bu virusun da elə əlamətləri olur. Xəstəlik dərhal müalicə olunarsa, heç bir ciddi fəsadı qalmaz". 

S. Məmmədov deyir ki, virus ilk dəfə Afrikada makaka-rezus cinsli meymunda aşkarlanıb: "Bu virusun yayıcıları olan ağcaqanadlar bizdə olmadığından narahatçılığa da əsas yoxdur. Azərbaycan vətəndaşının yalnız bu ağcaqanadların vətəni olan subtropik bölgələrə səfəri zamanı "Zika" virusuna yoluxması mümkündür". 

Qeyd edək ki, hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Xatırladaq ki, Avropada ilk "Zika" virusuna yoluxma hadisəsi Danimarka xəstəxanalarının birində baş verib. Xüsusən hamilə qadınlar üçün təhlükəli olan virusa bundan öncə Mərkəzi və Cənubi Amerikada rast gəlinib. Körpə uşaqlar arasında ağır fiziki qüsurlar yaradan bu xəstəlik səbəbindən bu günə kimi dörd minə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub. 


Sizin Reklam Yeriniz