"Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası builki qəbul kampaniyasına başlayıb. Hazırda
magistraturaya qəbul davam edir".Movqe.az xəbər verir ki, bunu
fevralın 19-da Şamaxıda vətəndaşları qəbul edən TQDK sədri Məleykə
Abbaszadə APA-ya açıqlamasında deyib. O, bakalavrların öz
ərizələrini qeydiyyata alaraq təsdiqləmələri üçün fevralın 19-nun
sonuncu gün olduğunu bildirib: "Fürsətdən istifadə edib
bakalavrlara müraciət edərək bildirmək istəyirəm ki, əgər onlar
magistratura təhsili almaq istəyirlərsə öz elektron ərizələrini bu
gün gecə saat 00:00-dək təqdim edərək təsdiqləsinlər. Bakalavr
pilləsinə qəbul imtahanlarını başlamazdan əvvəl biz sınaq
imtahanlarını həyata keçirəcəyik. Sınaq imtahanlarının cədvəli
artıq TQDK-nin internet saytına yerləşdirilib. İlk sınaq imtahanı
aprel ayında olacaq".
Məleykə Abbaszadə bu ilki qəbul qaydalarının yaxın günlərdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınacağını da qeyd edib: "Biz bununla bağlı müvafiq sənədləri artıq nazirliyə göndərmişik. Bakalavr pilləsinə qəbul olmaq istəyən abituriyentlər narahat olmamalıdır. Qəbul qaydaları qeydiyyata alınan kimi çalışacağıq ki, onları "Abituriyent" jurnalının 2016-cı ilə aid olan birinci nömrəsində dərc edək. Qəbul qaydaları, testlər, qəbul proqramı yarım il ərzində elmi-metodiki seminarlarda müzakirə edilib və biz onları abituriyentlərin istifadəsi üçün hazırlamışıq, həmin materiallar yaxın günlərdə "Abituriyent" jurnalında dərc olunacaq".
Komissiya sədri ilk dəfə olaraq bu il rus bölməsində oxuyan və Azərbaycan dili üzrə qəbul imtahanı verəcək abituriyentlərin xeyrinə bir yeniliyin olacağını da bildirib: "Belə ki, yeni qaydaya görə, onların imtahanı məqbulla qiymətləndirilərsə və bu il ali məktəbə qəbul olunmazlarsa, gələn il onlar həmin imtahanı yenidən verməyəcək və aldığı məqbul qiymət iki il nəzərə alınacaq. Bundan başqa builki bakalavr qəbulunda heç bir dəyişiklik olmayacaq".