Dərsi yaxşı mənimsəmədiyinə görə, məktəbdə müəlliməsi, evdə isə valideyni tərəfindən danlanan uşaqların aqibəti necə olmalıdır? Əminik ki, bu sual ətrafında düşünən valideynlərin sayı kifayət qədərdir. Dərs yükünün artdığı, tədris proqramının günü-gündən qəlizləşdiyi bir dönəmdə bu məsələ valideynləri daha çox narahat edən, düşündürən aktual problemə çevrilib. Hələ aşağı siniflərdən dərsi mənimsəmə qabiliyyəti aşağı olan, zəif şagirdlərin hazırki tədris proqramı ilə ayaqlaşması üçün valideynlər müxtəlif yollara əl atırlar. Bu problemdən çıxış yolu əsasən uşaqların dərsdən sonra müəllim yanına hazırlığa göndərilməsidir. Elə müəllimlər də valideynlərə dərsi tam mənimsəyə bilməyən, proqramdan geri qalan şagirdləri repetiror yanına göndərməyi məsləhət görürlər. İbtidai sinifdən şagirdlərin müəllim yanına hazırlığa göndərilməsi, tədricən ənənə halını almaqdadır. Sovet dövündə isə hazırki hazırlığı məşğələlər, dərsdən sonra müəllimin əlavə saatları əvəzləyirdi. Həmin dövrdə müəllimlər xüsusilə ibtidai siniflərdə dərsi tam qavramayan, sinifdəki şagirdlərlə müqayisədə bir qədər götürmə qabiliyyəti zəif olan şagirdlərə əlavə vaxt sərf edir, onlara məşğələlər keçirdilər. İndi isə bu ənənə demək olar ki, aradan qalxıb. Hətta sinif müəlliməsi belə digər uşaqlarla müqayisədə qavrama qabiliyyəti zəif olan uşaqları pul müqabilində hazırlaşdırır. Bakı məktəblərində sıxlığın olduğunu əsas gətirən müəllimlər dərsi tam qavraya bilməyən şagirdlərə əlavə vaxt ayırmağa imkan olmadığını da etiraf edirlər. Bəs görəsən bu vəziyyətdə problemdən çıxış yolu nədir?
Əməkdar müəllim Asif Cahangirov deyir ki, bu problemin həlli nə valideynin nədəki, şagirdin boynuna düşür: "Məsələ,qanunla həll olunmalıdır. Mütləq "Təhsil Haqqında" qanuna minimal standartlar məsələsi əlavə olunmalı idi. Hazırda qanuna müvafiq olaraq bir standart var. Müəllim də o standarta uyğun olaraq dərsini keçir. Yəni sinifdəki bütün şagirdlərə eyni standrt tətbiq olunur. Halbuki, bu yalnışdır. Pedoqoji baxımdan səhvdir. Hər bir mövzu üzrə şagirdlərə verilən minimal tələblər olmalıdır. Minimal tələblərdə nə ilə kifayətlənə bilərik sualına cavab verilməlidir. İndi məktəbdə proqram üzrə hamıya eyni standartlar tətbiq olunur. Halbuki bu belə olmalı deyil. Bir qədər çətin tapşırıqlar dərsi daha tez və yaxşı qavrayan şagirdlərə şamil olunmalıdır. Qavrama qabiliyyəti həmin şagirdlərdən aşağı olanlara isə minimal standart tətqbiq edilməlidir. Hansı ki, həmin həcmdə bilikləri o şagird gələcək həyatda istifadə etməyə qadir olsun. Yüksək standartlar isə qavrama qabiliyyəti iti olanlara şamil edilməlidir. Biz şəxsiyyətyönümlü təhsildən danışırıq, amma bunu reallaşdırmırıq. Hələki, şəxsiyyətyönümlü təhsilə ən aşağı səviyyədə nail ola bilmişik".
A. Cahangirovun sözlərinə görə, son vaxtlar müəllimlər bilikli uşaqlara daha çox diqqət göstərir, tədris etdiyi proqramın məhz həmin uşaqlar tərəfindən mənimsənilməsinə çalışır: "Bu tamamilə səhv metodikadır. "Oxumayan uşaq, onsuz da oxumayacaq", "dərsi başa düşməyən, onsuz da qavramayacaq" deməklə keçmək olmaz! Əksinə, müəllim sinifdəki 20 şagirdə sual verdikdə əli qalxan 19 uşaqdan daha çox, əli qalxmayan 1 şagirdə daha çox vaxt ayırmalıdır. Sovet dövründə belə idi ki, müəllim şagird dərsi qavramamış ondan əl çəkmirdir. Yəni, dərsdən sonra iki-hətta üç saat həmin zəif şagirdləri saxlayıb əlavə məşğul olurdu. İndi isə bunu edən müəllim barmaqla sayılacaq qədər azdır. Bizdə bu ənənə demək olar ki, aradan qalxıb. Fransada hələ də bu cür metodlardan istifadə edilir. Qavrama qabiliyyəti zəif uşaqları, dili bilməyən, ölkəyə qaçqın statusunda gələn şagirdləri dərsdən sonra saxlayıb onlara məşğələ keçmək üçün, dövlət layihələr həyata keçirir, buna maliyə ayırır. Nəzərə almaq lazımdır ki, təbiət hamımızı eyni yaratmayıb. Bir şagirdin qavrama qabiliyyəti itidir, zehni yaxşı inkişaf edib, digərində bu proses zəif gedir. Ona görə də dünya ölkələrində minimal təhsil standartları tətbiq edilir. Bununla şagirdə dərs proqramı mənimsədilir. Amma ayrı-ayrı standartlarla. Şagirdlərin qavrama qabiliyyəti nəzərə alınaraq daha iti zehni olanlara yüksək, zəif olanlara isə minimal standartlarla proqram tədris edilir. Biz də bu cür metoddan istifadə etməliydik. Çox təəssüf ki, "Təhsil Haqqında" qanuna təklif versək də, bir standart salındı. Minimal standart salınmadı".
Təhsil üzrə ekspert Əjdər Ağayev isə deyir ki, artıq müəllimdən şagirdə əlavə vaxt ayırmasını, dərsdən sonra məşğələ keçməsini gözləmək yersizdir: "Hər şeyi münasibətlər tənzimləyir. O vaxt sosializm idi, indi kapitalizm. Sovet dövründə müəllim 19-20 ci saatın da əmək haqqını alırdısa, indi müəllim ancaq dərs keçdiyi saatın maaşını alır. O vaxt sosialist münasibətləri vardı, indi kapitalizmin münasibətləri qüvvədədir. Ona görə də, müəllim şagirdə pulunu aldığı saatın dərsini keçir. Əlavə hazırlıq üçün isə şagirdin valideynindən pul tələb edir. Bu münasibəti artıq dəyişmək mümkün deyil".
Ə. Ağayevin sözlərinə görə, tədris proqramının çətin olduğu bu vaxtda əlac qalır yenə də düzgün tədris metodikasını seçməyə: " Dərsliklərə salınan mövzular uşaqların fiziki, psixi inkişafına və yaşına görə qavrama qabiliyyətinə uyğun deyil. Müəllifdən soruşanda deyir ki, dərsliyi yazanda alman təcrübəsindən bəhrələnmişəm. Açıb baxırsan ki, Alman təhsil sistemində o mövzu 1-ci sinifdə yox, 5-ci sinifdə tədris olunur. Yəni, uşağın zehnini vaxtından tez itiləşdirməyə cəhd edirlər. Nəticədə nə olur? Uşağın zehni vaxtından tez kortalır. Dərs uşağa çətindən asana yox, asandan çətinə öyrədilməlidir. Bizdə isə yeni seçdiyimiz kurikulum üsulu çətindən asana doğru öyrədir. Bu isə bir müddət sonra uşağın fiziki, psixi, zehni yorğunluğuna səbəb olur. Axı uşağın fiziki, psixi, zehni inkişafı onun öz yaşına uyğun qavramaq imkanı verir. O imkandan artıq olduqda uşaq zehni yüklənir, gələcəkdə bu onun qavramasında kütləşməyə gətirib çıxardır. Ona görə də, mən də onun tərəfdarıyam ki, təhsildə minimal standartlar tətbiq edilməlidir. Qavrama qabiliyyəti güclü olan uşağa proqram daha yüksək standartla, zəif olana isə minimal standartla tədris olunmalıdır ki, hər ikisi öz imkanı daxilində bu proqramı əxz edə bilsin. İndiki halda bütün şagirdlərə eyni standartda bilik vermək sonucda müsbət nəticə vermir. Valideynlər imkan daxilində çalışırlar ki, bu proqramı bir standartla hazırlıq hesabına uşağa mənimsətsinlər. Amma bu da bir müddət sonra əks effekt verir. Nəzərə almaq lazımdır ki, şagirdin zehni dərsi yüksək standartla mənimsəməyə imkan vermirsə, bu standartla zorla mənimsətməklə nəticə əldə etmək olmayacaq. Əksinə, ona aşağı, yəni minimal standartla alacağı bilikdən də məhrum etmiş olacağıq. Bu isə "Təhsil haqqında" qanunda səhvə yol verildiyini, minimal standartın bu qanuna salınmasının vacibliyini göstərir".