Movqe.az xəbər
verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının
sərəncamına əsasən Xocalı soyqırımının 24-cü ildönümünün
keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər
planında fevralın 22-26-sı günlərində, saat 10-da Heydər Əliyev
Mərkəzinin 3D kinozalında Masallı Rayon İcra Hakimiyyəti və
Mərkəzin birgə təşkilatçılığı ilə əlaqədar Elxan Cəfərovun "Dolu"
filmi təqdim ediləcəkdir.Film ilk dəfə 2013-cü ildə Masallı
sakinlərinə şəhər mədəniyyət evində təqdim olunmuşdu. Həmin gün
filmin yaradıcı kollektivi ilə görüş keçirilmiş, film haqqında
rəylər söylənilmiş və məziyyətləri qiymətləndirilmişdir.Masallı
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov filmin
yaradıcılarına uğurlar arzulayıb dedi:"Bu hadisələri o vaxt yaşamış
bir insan kimi deyirəm ki, hər şey reallığın təcəssümüdür, bədii
cəhətdən reallığı əks etdirir. Bir sözlə film alınıb. Bu təkcə
vətənpərvərlik filmi deyil, həm də vətən filmidir.Yaşadığımız ay
qürur ayıdır. Bu film də gənclərdə qürur hissi aşılayır, vətən
yolunda döyüşmək, torpaqlarımızı qorumaq, bu yolda şəhidlik
zirvəsinə yüksəlmək qürur və iftixardır. Bu qüruru Masallılar 5
Milli Qəhrəmanımıza, 200-dən argtıq şəhidlərimizə görə yaşayırlar.
Bu bizim qəhrəmanlıq salnaməmizdir. Qarabağda döyüşən qəhrəmanların
birinin burada iştirakı da bizi sevindirir".Qeyd edək ki, "Dolu" —
Elxan Cəfərov tərəfindən 2012-ci ildə çəkilən Azərbaycan
tammetrajlı bədii filmidir. Film Qarabağ müharibəsində Vətən
uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının
qəhrəmanlığından bəhs edir. Qarabağ müharibəsi mövzusunda istedadlı
qələm ustası, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar
İttifaqının üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1987)
("Ən yaxşı adam" kitabına görə), Azərbaycan Jurnalistlər Birliyinin
"Qızıl qələm" mükafatı laureatı (1993), "Məmməd Araz" adına ədəbi
mükafat laureatı (1994), "Dan ulduzu" (1993), "Yaddaş" və
"Zeynalabdin Tağıyev" mükafatları laureatı Aqil Abbasın eyniadlı
romanı əsasında "Azərbaycanfilm" kinostudiyasında
çəkilmişdir.Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil
Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı
Xalq Artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir
Əliyevdir.Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev,
Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları
çəkilmişlər.Filmin çəkilişləri İsmayıllı, Şəmkir, Ağdam və Ağcabədi
rayonlarında aparılmışdır.2013-ci ildə Bakıda Mədəniyyət və Turizm
Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis
etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində "Dolu"nun
yaradıcı heyətinə "Zirvə" mükafatı verilmişdir.Film Azərbaycanla
yanaşı, Rusiyada da nümayiş etdirilərək geniş tamaşaçı marağına
səbəb olmuşdur.