Azərbaycanda yeni doğulan körpələrə qoyulan adlar arasında əcnəbi adların olması birmənalı qarşılanmır. Hər kəs o adların milliyətcə azərbaycanlı olan uşaqlara verildiyini düşünür. Ədliyyə Nazirliyinin məlumatlarına görə, bu ilin yanvar ayı ərzində Azərbaycanda doğulan 5 qıza Milana, 14 qıza Miray, 20 qıza isə, Nilay adı verilib. Bundan başqa yanvar ayında qız uşaqlarına qoyulan adların siyahısında Nur (21), Banu (37), Aysu (32), Əsma (26), Damla (18), Əsnad (13), Duyğu (12), Mehin (11), Sevgi (11), Məsumə (11), Elif (8), Safiya (7), Sofiya (7), İlknur (6), Nihan (6), Selin (6), Səmra (6), Emiliya (5), Emilya (5) kimi adlar yer alıb. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova isə Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əcnəbi adların qoyulduğu uşaqlar milliyətcə azərbaycanlı ola bilməz: "Azərbaycanda, milli ad sistemi var. Valideynlər uşaqlarına ad seçərkən həmin sistemdən yararlansalar yaxşı olar. Amma elə valideynlər var ki, övladına bizim soy kökümüzlə bağlı olmayan, əcnəbi adlar qoymağa cəhd edirlər. Hətta uşağına gülünc ad qoymaq istəyənlər də var. Amma bu hallara qətiyyən yol verilmir. ASAN Xidmətdən bizə hər gün yenidoğulmuşlara verilən adlarla bağlı məlumat daxil olur. O adların arasında, azərbaycanlı uşaqlara əcnəbi adların verilməsi halları qeydə alınmayıb".
S. Sadıqova deyir ki, Azərbaycanda uşaqlara qoyulan adların siyahısında olan dəyişikliklər və qadağalar yalnız milliyyətcə azərbaycanlı olan şəxslərə aiddir. Azərbaycan vətəndaşlığını qəbul edən, başqa millətin nümayəndəsi olan şəxslər üçün bu qadağalar keçərli deyil: " Azərbaycanda milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri də yaşayır. Hər bir xalqın da öz ad sistemi var. Azərbaycanda yaşayan yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, ləzgilər, udilər, ruslar, molokanlar, ingiloylar və digər xalqlar təbii ki, öz uşaqlarına öz soy köklərinə bağlı olan ad verməlidirlər. Baxmayaraq ki, onlar Azərbaycan vətəndaşı sayılırlar, amma öz millətlərinə məxsus adları övladlarına qoya bilərlər. Amma bu, azərbaycanlılara aid deyil. Məsələn, milliyətcə rus olmayan birinin öz uşağına Pavel adı qoymasın nə dərəcədə düzgündür. Belə hal olanda valideynlər məhkəməyə versə də, ASAN Xidmət uşağa bu cür adların qoyulmnasına azərbaycanlılara icazə vermir".
S. Sadıqova bununla
bağlı Nazirlər kabinetinin müvafiq qərarı olduğunu, ASAN Xidmətin
həmin qərara istinad etdiyini söyləyir: "Nazirlər Kabinetinin
qərarında da milli ad sisteminin qorunmalı olduğu, gülünc doğuran
adlardan istifadənin yolverilməz olduğu qeyd olunub. Ona görə də,
ASAN Xidmət ad qoyularkən bu qərara istinad edir. Əcnəbi adların
azərbaycanlı uşaqlara qoyulmasına yol verilmir. Elə adlar var ki, o
adları ancaq rus, ispan, yəhudi, fars, gürcü və sair xalqların
nümayəndələri öz öz övladına qoya bilər. Ona görə də, valideynlər
həmin adlara qadağa ilə bağlı məhkəməyə müraciət edəndə biz onlara
başa salırıq ki, bu adlar bizim milli ad sistemində yoxdur".
S. Sadıqova azərbaycanlı uşaqlara əcnəbi adların qoyulmadığını iddia etsə də, bu yaxınlarda ana olan həmkarlarımızdan biri, Fəridə Abdıyeva öz övladına Orli adını verib.
Movqe.az-a açıqlamasında
Fəridə ötən ilin dekabr ayının 22-də dünyaya göz açan qızına bu
adın veilməsində, uşağa doğum haqqında şəhadətnamə alarkən, heç bir
problemlə qarşılaşmadıqlarını söylədi: "Qızımın gələcəyini
xaricdə qurmağı düşünürük. Həmçinin istəyirdik ad odla, işıqla
bağlı olsun. Odur ki, axtarış apardıq, bəyəndik. Bu adın mənası
mənim işığım deməkdi. Hesab edirəm ki, uşağa əcnəbi ad qoymaqla onu
millilikdən uzaqlaşdırmırıq. Əsas odur ki, onu vətənpərvər,
adətlərimizə uyğun böyüdəcəyik. Orlinin atası da azərbaycanlıdır.
Qızım Orli Mahmud adını daşıyır. Elə hesab edirəm ki, genetik kod
da öz sözünü deyəcək. Xalqımızın uzun illər qoruduğu, gələcək
nəsillərə ötürdüyü vacib adətlər, dəyərlər var ki, biz də həmin
dəyərləri qoruyacaq, öz övladlarımıza ötürəcəyik. Həyat yoldaşım
da, mən də vətənpərvər, öz torpağımızı sevən, xalqımızla fəxr edən
insanlarıq. Bu uşaqların tərbiyəsinə, azərbaycanlı kimi
formalaşmasına təsirini göstərəcək".
Orli başqa millətin adını daşıyan yeganə azərbaycanlı övladı deyil. Təxminən üç ay öncə başqa bir azərbaycanlı ailəsi, yenicə dünyaya gələn qız övladlarına Aden adını veriblər.
Millət vəkili Fazil Mustafa isə adın elə də önəm daşımadığı fikrindədir: "Düzdür, azərbaycanlı öz övladına milli ad qoysa daha yaxşı olar. Amma son vaxtlar əsasən türk və dini adların qoyulmasına daha çox rast gəlinir. Hansı ki, o adların qoyulması, artıq normal qəbul olunur. Türk mənşəli adların verilməsində heç bir problem yoxdur. Elə bəzi dini adlar da var ki, insanların dinimizə inancı, sevgisi ilə qoyulur. Yəni milli və dini sevgi ilə bağlı olaraq qoyulan adlar son vaxtlar daha çoxalıb. Düzdü, indi əcnəbi adlar da qoyan var. Amma məncə əsas uşağın öz milli dəyərlərinə, vətəninə sevgi ilə böyüdülməsidir. Onun təhsilli, Azərbaycanın adına layiq böyüdülməsi, gələcəkdə öz vətənini layiqincə təmsil edən bir şəxsiyyətin yetişdirilməsidir. Əsas buna diqqət etmək lazımdır. Ad xarici olsa da, uşaq milli ruhda böyüdülməli, savadlı yetişdirilməlidir ki, Azərbaycanın adını xarici ölkələrdə layiqincə təmsil edə bilsin".