Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə qaçan miqrantlar Yunanıstan üçün əməlli-başlı problemə çevrilib. Makedoniya sərhədlərini bağlayandan sonra 20 min miqrant Yunanıstana yönəlib.
Movqe.az BBC-yə istinadən bildirir ki, ölkədəki futbol stadionları miqrantlar üçün müvəqqəti sığınacaq yerlərinə çevrilir.
Dünən paytaxt Afinanın mərkəzi meydanında isə iki miqrant sərhədlərin bağlanmasına etiraz əlaməti olaraq özlərini asaraq intihar etmək istəyib.
Miqrant böhranı ilə bağlı kəskin fikir ayrılığı fonunda Yunanıstan Avstriyadakı səfirini geri çağırıb.
Bundan əvvəl Avstriya miqrasiya mövzusunda Balkan ölkələrilə keçirdiyi görüşə Yunanıstanı dəvət etməyib.
Rəsmi Afina Vyananın bu addımını "soyuq hərəkət" kimi dəyərləndirib.
Yunanıstan səfirinin "məsləhətləşmələr" üçün çağırıldığını bildirir.
Avropa İttifaqı və Balkan ölkələrindən olan nazirlər Brüsseldə görüşərək miqrant böhranı ilə bağlı fikir ayrılığını həll etməyə çalışırlar.
Avstriya, Serbiya və Makedoniya miqrantların girişini məhdudlaşdırmaq üçün addımlar atıb.
Yunanıstan digər Avropa ölkələri tərəfindən nəzarətin gücləndirilməsinin miqrantların Yunanıstanda qalmasına gətirib çıxaracağından narahatdır.