Əlaqə Arxiv
news Image
2012.11.28
12:01
| A A A
Şadlıq evləri müəyyən olunmuş standartlar əsasında fəaliyyət göstərəcək
Fazil Talıblı: "Ekspertiza şöbəsində şadlıq evlərinin standartlarına dair layihə üzərində iş gedir"

Azərbaycanda şadlıq evlərilə bağlı standartların qəbul olunması gözlənilən idi. Toy mərasimlərinin təşkili sahəsində hökm sürən xaosdan əslində bütün tərəflər narazılıq edirdilər, təkcə restoran sahiblərindən başqa.

Bu arada xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti şadlıq evlərilə toy sahibi arasında müqavilənin bağlanmasının vacibliyini önə çəkib. Qurumun təmsilçisi Əbülfət İmanov toy edən şəxsləri şadlıq sarayları ilə müqavilə bağlamağa çağırıb: "Şadlıq saraylarının çoxunda menyu, təsdiqlənmiş normativlər yoxdur. Bu məsələdə diqqətli olmaq lazımdır. Digər tərəfdən, 250 nəfərlik zala niyə 500 nəfər yerləşməlidir. Bəzən televiziya reklamlarında 50 adda salat təqdim edildiyi bildirilir. Belə ola bilməz! Aşbazlar istədikləri qədər bu salatlara xammal əlavə edirlər, reseptura, normalar yoxdur. Salatları istədikləri cür hazırlayırlar".

Qeyd edək ki, şadlıq evlərində keçirilən toylar, xidmətlərlə bağlı standartların layihəsi üzərində iş gedir. Standartların icrası ilə bağlı real addımların nə vaxt atılacağı hələ bəlli deyil. Qeyd edək ki, Azərbaycan toylarında şadlıq evlərilə istehlakçılar arasında müqavilələrin bağlanılmaması sonradan tərəflər arasında pozulan münasibətlərin hüquqi həllinə ciddi maneə törədir. Milli Məclisin sosial-siyasət komissiyasının sədri Hadı Rəcəbli daha öncə qəzetimizə açıqlamasında bildirib ki, şadlıq evlərilə istehlakçılar arasında müqavilənin şərtləri hazır olmasa da, bu müqavilənin bağlanılmaması anlamına gəlməməlidir. Şadlıq evləri göstərilən xidmətlər müqabilində istehlakçıya qəbz ödəməlidir, qidaların keyfiyyətinə dövlət təminatı olmalıdır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan toylarına xərclənən vəsaitin həcmi, çağırılan qonaqların sayı imkan verir ki, bu sahədə hüquqi normativ sənədlərə əməl orlunsun: "Yaxın vaxtlarda bu məsələyə parlamentdə baxılacaq. Şikayətlər sırasında toyda musiqinin səs tonu məsələsi də var. Nazirlər Kabinetinin ictimai-iaşə obyektlərində səs tonu ilə bağlı normativlərinə əməl olunmalıdır. Bütün bu məsələlərə baxılacaq".

Qeyd edək ki, Məhərrəmlik ayı ilə bağlı olaraq hazırda ölkədə toy mərasimlərinə fasilə verilib. Yanvar ayından sonra yenidən ölkədə toy mövsümü başlayacaq. Yeni toy mövsümü həm də vətəndaşların yeni problemlərinin başlanğıcı deməkdir. Ailənin bir aylıq toy xərcləri orta aylıq gəlirdən bir neçə dəfə çox olur. Xərclənən pullar bir yana, göstərilən xidmət ürəyimizcə olmur. Həm iştirakçılar, həm də toy sahibləri özləri də bilmədən restoran, şadlıq evlərinin yiyələrinin maraqlarının qulu olurlar. Nəmər olaraq toya saldığımız pulun 99 faizi şadlıq evinin sahibinin cibinə gedir. Gözlənilir ki, şadlıq evlərilə bağlı standartların icrasına başlanandan sonra şad günündə çəkdiyimiz qəm yükü yüngülləşəcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, şadlıq evlərilə bağlı standartın layihəsi üzərində iş gedir: "Ekspertiza şöbəsində şadlıq evlərinin standarlarına dair layihə üzərində iş gedir. Layihədə bir çox məsələlər, o cümlədən, şadlıq evinin akustikası, xidmət, işçi heyəti, ərazığın saxlanılması, qidaların saxlanılması və s. məsələlər üzrə standartlar nəzərdə tutulub. Yəqin ki, bu ilin sonuna qədər layihə hazırlanıb komitəyə təqdim olunacaq. Komitə sədri şadlıq evlərilə bağlı standartı təsdiqlədikdən sonra onun icrasına başlanılacaq".

Sizin Reklam Yeriniz