Əlaqə Arxiv
news Image
2012.11.28
11:31
| A A A
Neft çirklənmələrinin fəsadları

Bu cür ərazilərdə yaşayanların maariflənməsinə ehtiyac var

                                 

Movqe.az xəbər verir ki, "Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyi "Neftlə çirklənmiş  ərazilərə yaxın  yerlərdə yaşayan gənclərin ekoloji  yöndə  maarifləndirilməsi " adlı layihə üzrə növbəti tədbirini keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  baş tutub.

Layihənin koordinatoru Şaban Nəsirov öncə Sabunçu və Suraxanı rayonunda neftlə çirklənmiş ərazilər barədə məlumat verib. Qeyd edib ki, Abşeron yarımadasının 235 min hektar ərazisindən 30 min hektarı qismən, 15 min hektar isə ifrat dərəcədə çirklənməyə məruz qalıb. Bu da ilk növbədə həmin ərazilərdə yaşayan insanların sağlamlığına ciddi ziyanlar vurur, insanlarda bir çox xəstəliklərin yaranmasına səbəb olur:  "Statistika göstərir ki, bu cür ərazilərdə yaşayanlar arasında xəstəlik faizləri daha çox olur. Adını çəkdiyim rayonların əhalisinin böyuk əksəriyyətinin daha çox sosial baxımdan az təmin olunduğu nəzərə alınarsa, onların müalicə olunmaq imkanlarının nə dərəcədə oluduğu aydın olar. Yerli əhali arasında bununla bağlı heç bir maarifləndirmə işləri aparılmır. Neftlə çirklənmiş ərazilərdə yaşayan əhalinin bu ziyanlardan xəbərsiz olması təhlükəni daha da artırır".

Ş.Nəsirov layihənin davamlı olacağının nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, neftlə çirklənmiş ərazilərin siyahısı, həmin ərazilərin insanlara və təbiətə ziyanları barədə informasiyaların yerləşdirildiyi, ümumilikdə bu problemlərin əksini tapdığı saytın hazırlanması üzərində iş ararılır. Bu ideyanın realaşması üçün dövlət təşkilatlarının dəstəyinə ehtiyac var.

Tədbirdə iştirak edən ekoloq Babək Nəcəfov neft çirklənmələrinin torpağın qatlarına ziyanları barədə danışıb. Qeyd edib ki, tullantıların təmizlənməməsi, torpağın münbit qatının səhralaşmasına gətirib çıxarır. Bu da həmin ərazilərdə kənd təsərrüfatı mallarının yetişdirilməsinin qarşısını alır, əhalinin əkin-bikin imkanlarını məhdudlaşdırır.  

Həkim Rüfət Süleymanov  isə məsələnin tibbi tərəflərinə diqqəti yönəldib. Onun sözlərinə görə, günəşin təsirindən neftin tərkibindəki kimyəvi maddələr havaya qalxaraq, insanın nəfəs orqanlarına dolur. Bunun nəticəsində də kanserogen mənşəli xəstəliklər yaranır. Neft  çirklənmələri o cümlədən ağciyər, bronxit, astma, mədə-bağırsaq, anemiya və digər xəstəliklərin yaranmasına səbəb olur. 

Tədbirdə iştirak edən Suraxanı və Sabunçu  rayon sakinlərinin sualları cavablandırılıb. Onlara layihə çərçivəsində hazırlanan "Neft çirklənmələri: ekoloji və tibbi fəsadlar" kitabı paylanılıb. 

Sizin Reklam Yeriniz