Bakı üçün ən aktual problemlərdən biri tıxaclarla bağlıdır. Vəziyyətdən çıxış yolu kimi çoxsaylı dayanacaqların tikilməsi və buraya özəl sektorun da cəlbi də vacib sayılır. Tıxacları yaradan səbəblər və onlarınaradan qaldırılmasına əgəlincə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı Mövqe.Az saytına aşağıdakıları bildirib: " Bakı şəhərində yaranan tıxaclar nəinki vətəndaşları, eləcə də biz Dövlət Yol Polisi əməkdaşlarını çox ciddi narahat edir. Tıxacların yaranmaması üçün bir neçə amillər var, xüsusi ilə də kompleks tədbirlər görülməlidir ki, bu və ya digər xoşagəlməz hallar qeydə alınmasın. Paytaxtın inzibati ərazisinə düşən bir neçə mərkəzi yollarda avtomobillərin dayanması üçün çoxmərtəbəli dayanacaqlar tikilib istifadəyə verilməlidir ki, heç deyilsə, problemin bir tərəfi öz həllini tapsın. Füzuli küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı böyük bir ərazidən Füzuli heykəlinə qədər olan əraziyə qədər avtomobil dayanacağının tikintisi davam etdirilir. Bu dayanacaqda 4 minə yaxın avtomobilin saxlanılmasına şərait yaradılacaq. Azadlıq meydanında da avtomobil dayanacağının tikintisi davam etdirilir. "Kömürçü" bazarında artıq istifadəyə verilən dayanacaq var. Bunların olmasına baxmayaraq, dayanacaqların daha çox tikilməsinə ehtiyac var. Bu istiqamətdə işlər görülür. Bu kimi tədbirlərin görülməsi tıxacın aradan qaldırılmasına yardım edəcək. Bakı şəhərinin küçə və yollarının uzunluğunun 2500 km-ə qədər olduğunu, 630-a yaxın yol ayırıcılarının, 170-ə yaxın işıqforla kəsişən yol birləşməsinin, gün ərzində paytaxta 50 min avtomobilin daxil olmasını, qaçqınlarımız və məcburi köçkünlərimizə məxsus avtomobillərin də paytaxtda idarə olunmasını qeydə aldıqda, bu, çox sayda avtomobil edir.
Düzdür, təkcə dayanacaqların tikilib-istifadəyə verilməsi ilə məsələ həll olunmur. Sürücülər tərəfindən saxlanma qaydaları düzgün yerinə yetirilərsə, problem qismən də olsa, öz həllini tapar. Dayanacağın özəl olub-olmamasından asılı olmayaraq avtomobillərin dayanacağı olmalıdır. Bu sahə özəl sektora verilsə, özəl dayanacaqlar olsa, belə artıq başqa narazılıqlar baş qaldıracaq. Belə olduqda insanlarımız qiymətin baha olmasında şikayətlənəcəklər".