Əlaqə Arxiv
news Image
2016.04.04
17:12
| A A A
Prezidentə məktublar: "Biz Ali Baş Komandanımıza inanırıq"

Azərbaycan Respublikası Prezidentinin saytına son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan vətəndaşlar tərəfindən müxtəlif səpkili məktublar ünvanlanır.


X X X


Əziz və hörmətli Prezident!


Bütün ailəmiz adından Sizi və xalqımızı ordumuzun düşmənə sarsıdıcı zərbə endirməyə başlaması münasibətilə təbrik edirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında nəhayət ki, ata-baba torpaqlarımız mənfur düşməndən azad ediləcək və Qələbə sevincini bütün xalqımızla birlikdə Şuşada Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcəyik. Şəhidlərimizin ruhu şad olsun!


Bu çətin və şərəfli işinizdə Sizə böyük uğurlar arzu edirik. Tanrı Sizi qorusun.


Hörmətlə,

Əhmədov Hümeyir, akademik.

Azərbaycan Respublikası, Bakı şəhəri.


X X X


Hörmətli cənab Prezident!


Dünən cəbhədə qazandığımız qələbə münasibətilə xalqımızı təbrik edirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah əsgərlərimizi qorusun. Biz ordumuzla fəxr edirik. İnşallah, tezliklə Qarabağımızı da düşmən tapdağından azad edəcəyik.


Allaha əmanət ol, Vətənim!


Hörmətlə,

Piriyeva Xalidə Rafiq qızı.

Ukrayna Respublikası, Xarkov şəhəri.


X X X


Cənab Ali Baş Komandan!


Azərbaycanda güclü ordu quruculuğu, yürütdüyünüz uğurlu xarici və daxili siyasət nəticəsində qazandığınız nailiyyətlərə və qələbəyə görə Sizi təbrik edirik. Biz Sizinlə fəxr edirik. Allah bütün işlərinizdə Sizə kömək olsun. Uğurlarımızın, qələbələrimizin sayı çox olsun.


Xalqımız kimi biz cəlilabadlılar da həmişə Sizinləyik.


X X X


Hörmətlə,

Nağdızadə Həsən Maqsud oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.


Hörmətli cənab Prezident!


Bir Azərbaycan vətəndaşı olaraq bu məktubu ailəm adından Sizə yazmağı özümə borc bildim.


Güclü iqtisadiyyatı və yüksək mədəniyyəti ilə öyünən, başqalarına dərs keçməyə çalışan dünya ölkələrinin hazırda düşdüyü vəziyyəti, onlarda yaşanan böhranı, əhaliyə qarşı törədilən vəhşilikləri görəndə insanlarda fərqli düşüncələr yaranır. Düşünürəm ki, həmin ölkələr Azərbaycanda yaradılan əmin-amanlıqdan, sabitlikdən nümunə götürsələr, dərs çıxarsalar daha yaxşı olardı.


Möhtərəm Prezident, xalqımıza göstərdiyiniz diqqətə, insanların gözəl və firavan yaşayışının təmin edilməsinə görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirik. Biz Sizin üçün Allaha həmişə dua edirik.


Hörmətlə,

İmanov Yamən Xosrov oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaynaq kəndi.


X X X


Cənab Ali Baş Komandan!


Aprelin 2-də baş verən hadisələr bizim çoxdan gözlədiyimiz və düşmənimiz ermənilərə verilmiş layiqli cavabdır. Allah bu əməliyyat zamanı şəhid olan əsgərlərimizə rəhmət eləsin. Vətən sağ olsun!


Hörmətli cənab Prezident, biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Bunun üçün əmrinizi gözləyirik.


Hörmətlə,

Mehdiyev Ənvər Məcid oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.


X X X


Hörmətli cənab Prezident!


Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə hazıram. Torpaqlarımızı azad etmək üçün əmrinizi gözləyirik.


Biz Sizin siyasətinizi tam olaraq dəstəkləyirik. Allah Sizə möhkəm cansağlığı versin.


Dərin hörmətlə,

Qəribov Emin Rizvan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.


X X X


Cənab Ali Baş Komandan İlham Əliyev!


Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş silahlı toqquşmalar nəticəsində həlak olmuş həmvətənlərimizin doğmalarına və Sizə 75 min üzvü, 95 illik tarixi olan və 25 ildir ki, QHT kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti adından başsağlığı verir, hər zaman yanınızda olacağımızı və Sizə dəstəyimizi əsirgəməyəcəyimizi bildiririk.


Dərin hörmətlə,

Qasımova Bahar Komandir qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.


X X X


Hörmətli cənab Prezident!


Sizi səmimi qəlbdən salamlayıram. Mən müxalifətyönlü gənc olaraq Sizinlə qürur duyuram. Aprelin 1-2-də cəbhədə baş verən savaşla bağlı bildirirəm ki, mən Sizin siyasətinizi dəstəkləyirəm. Bir gənc olaraq Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etməyə hazıram. Ürəyim qürur hissi ilə döyünür, fikirlərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu gündən etibarən Sizi dəstəkləyirəm, Sizinlə fəxr edirəm.


Allah Sizi bizim millətə çox görməsin!


Hörmətlə,

Kazımov Nəvai Kərimbala oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.


X X X


Möhtərəm cənab Prezident!


2016-cı il aprelin 1-dən 2-nə keçən gecə azğın ermənilərin xislətlərinə xas olaraq xaincəsinə mövqelərimizə hücum etməsi bizi çox həddətləndirmişdir.


Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz düşmənin layiqli cavabını verdi. Biz hər zaman Sizinləyik! Biz hər zaman ordumuzlayıq! Hər an əmrinizi gözləyirik, cənab Prezident! Uca Tanrı Sizi və xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.


Hörmətlə,

Quliyev Azadi Sabir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Sizin Reklam Yeriniz