Əlaqə Arxiv
news Image
2016.04.05
13:51
| A A A
“Beynəlxalq hüququn gücü işləmirdi, ona görə də gücün hüququ işləyəcəkdi”
“Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb”

"Biz Ermənistanla heç vaxt imitasiya xatirinə danışıqlara getməyəcəyik, konkret olaraq, erməni silahlıları torpaqlarımızdan çıxmalıdır".Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında sədrin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.Z. Əsgərov bildirib ki, 1994-cü ildən indiyə qədər bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib, daim təxribatlarla Azərbaycanı təhdid edib: "Hər gün cəbhədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi faktları olub. Bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar aparırdılar. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar, cəzasızlıq vəziyyətindən istifadə edirdilər. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdi. Xüsusilə də ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədr əslində ermənilərə dayaqdırlar. Təəssüf ki, bu belədir, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Üzr istəyirəm, yəni "donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır".Z. Əsgərovun sözlərinə görə, düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü: "Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb. Xalqımız da ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif tamamilə sabun köpüyü kimi əriyib, getdi. Bir daha sübut etdik ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil ordusu və silahı yoxdur. Onlar sadəcə, kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Baxacağıq, beynəlxalq təşkilatlar bundan sonra nə iş görəcəklər. Bunun üçün də ayrıca qiymətimiz olacaq. 10 milyona yaxın hər bir insan dövlətin və prezidentin ətrafında sıx birləşib. Hər bir kəs bilir ki, onun güclü ordusu, dövləti xalqın keşiyindədir. Digər məsələ isə odur ki, güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı, yüksək səviyyədə aparıldı. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm  ki, Minsk Qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb, qiymət versinlər. Çünki onlar bilir ki, kim günahkardır. Əvvəldən də məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq, bunu birdəfəlik bilsinlər".

Sizin Reklam Yeriniz