Əlaqə Arxiv
news Image
2016.04.13
07:00
| A A A
Bakı və regionlarda yeni tikinti bumu başlanır
Rövşən Talıbzadə: “Daşınmaz əmlak bazarında belə bir agentliyin yaradılması və onun tərəfindən gələcəkdə bina inşasına başlanılması daşınmaz əmlak bazarının digər seqmentlərinə də müsbət təsir göstərəcək”

Prezident İlham Əliyev aprelin 11-də "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərman imzalayıb. Prezidentin Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə və Agentliyin strukturu təsdiq edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyənləşdirilib, Agentliyin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Fərmana əsasən, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq. Mənzil İnşaatı Dövlət Agentliyinə Cəmiyyətin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.Beləliklə vətəndaşlar artıq güzəştli mənzillər ala biləcək. Bəs bu hal Azərbaycanda yenidən tikinti bumunu başlada bilərmi? Həmçinin belə vəziyyət məşğulluq səviyyəsinə nə vəd edir?

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin fikrincə, belə bir agentliyin yaradılması və ona verilən funksiyalar tikinti sektoru ilə bağlı olan sahələrdə canlanmaya səbəb olacaq: "Prezidentin məlum Fərmanı ilə bildiyiniz kimi Mənzil İnşaatı Dövlət Agentliyi yaradılacaq. Belə bir agentliyin yaradılması əsasən çoxmənzilli yaşayış binaların tikintisini nəzərdə tutur. Hansı ki, bu binalardan vətəndaşlar güzəştlə mənzil əldə etmək imkanı əldə edəcəklər. Bu da aztəminatlı ailələrin mənzilə olan tələbatının əlçatanlığının təmin edilməsinə hesablanmış addımdır. Dövlət Agentliyinin tərkibinə daxil ediləcək torpaq sahələri, maliyyə vəsaiti dövlət tərəfindən ayrılır. Məhz həmin ərazilərdəki torpaq sahələrində çoxmənzilli binaların tikilməsi nəzərdə tutulub.

Bu addımın tikinti bumu və ümumiyyətlə bazarda canlanmanın yaranmasına göstərəcəyi təsirə gəldikdə, aydındır ki, prosesə müəyyən dərəcədə müsbət təsir göstərəcək. Digər tərəfdən burada məqsəd əsasən aztəminatlı ailələrin mənzillə təmin olunmasından ibarətdir. Yəni bu vaxta kimi gənc ailələr onlar üçün yaradılan ipoteka proqramından yararlanırdılar. Bu yolla onlar mənzilə sahib ola bilirdilər. Amma ölkədə aztəminatlı, gəlirləri orta və ondan da aşağı olan təbəqələr mövcuddur. Hansı ki, onların ipoteka proqramından istifadə etməsi qeyri-mümkündür. Yəni. bu layihədən onlar demək olar ki, yararlana bilmirlər. Nəticədə onların mənzilə olan tələbatı bu günə kimi ödənilmirdi.

Sözügedən agentliyin yaradılması isə sırf həmin ailələrin mənzilə olan tələbatını ödəmək xarakteri daşıyır. Burada isə artıq alqı-satqı olmayacaq. Çünki sırf mənzilə ehtiyacı olan insanlar həmin binalardan uzun müddətli kredit şərtləri ilə mənzillə təmin olunacaq. Bunun isə dolayısı ilə tikinti materialları və daşınmaz əmlak bazarın digər seqmentlərinə müsbət təsiri olacaq. Təbii ki, bu binaların tikintisi zamanı inşaat materiallarına böyük tələbat yaranacaq. Həmin materiallardan istifadə isə onların daha geniş çeşiddə istehsalına rəvac verəcək. Bu kimi minvalla proses 20-dək inşaat sektoru sahəsi inkişaf edəcək, bu sahələrdə aktivlik yaranacaq.

Həmçinin bu proses işsizliyin də azalmasına müsbət təsir edəcək. Çünki tikinti prosesinə çoxsaylı insanların cəlb olunması məşğulluq məsələsinin də müəyyən dərəcədə həlli deməkdir. Amma demək olmaz ki, həmin addım bazarda qiymətlərin hansısa formada stabilləşməsi və alqı-satqının canlanmasına birbaşa təsir edəcək. Bununla belə daşınmaz əmlak bazarında belə bir agentliyin yaradılması və onun tərəfindən gələcəkdə bina inşasına başlanılması daşınmaz əmlak bazarının digər seqmentlərinə müsbət təsir göstərəcək. Deməli, dolayısı ilə bazarda digər sahələr inkişaf edəcək, işsizlik azalacaq".



Sizin Reklam Yeriniz