Əlaqə Arxiv
news Image
2016.04.13
16:22
| A A A
Arzusu şəhid olmaq idi... Reportaj+Fotolar

Uğrunda canını verdiyi üçrəngli bayraq, artıq bir neçə gündür ki, onun  böyüyüb boya-başa çatdığı məhəllədə dalğalanır. Uşaqdan böyüyə, hər kəs bu küçədə, bir igid böyüdüyündən, onun bu Vətən uğrunda şəhid olduğundan danışır… Artıq adı dillərdə dastan olub Eminin… Bu küçədə böyüyən uşaqlar da Eminə oxşayacaqlarını, onun kimi böyüyəndə qəhrəman olacaqlarını söyləyirlər. Deyirlər ki, illər, qərinələr keçəcək, amma bu məhəllədə Eminin şərəfinə dalğalanan  üçrəngli bayraq heç vaxt əskilməyəcək… Elə son dörd günlük savaşda düşmənin hərbi qərargahını partladaraq qəhrəmancasına şəhid olan Emin Bağırovun yaşadığı evə də, bizi bayraq dalğası aparır… 

Movqe.az-ın əməkdaşı Binəqədi rayonu, Binəqədi qəsəbə sakini şəhid Emin Bağırovun evindən hazırladığı reportajı oxuculara təqdim edir:

Hər iki tərəfindən bayraq asılmış dəmir darvazadan içəri keçib Eminin doğulduğu, böyüdüyü, əsgər getdiyi evə doğru addımlayıram. Dərin süküt köçmüş evdə səssizliyi, içəridən eşidilən boğuq hıçqırtı səsləri pozur... Bu istəkli nəvəsinin boyunu oxşayaraq ağlayan Xanımzadə nənənin səsi idi…

 

 "Axırıncı zəngi qəfil oldu…"

 

Deyir ki, şəhidlik zirvəsinə yüksələn Emin evin sonbeşiyidir: "Nə deyim, nədən başlayım, nəvəmin hansı sözünü yadıma salıb ağlayım heç bilmirəm. Atası yaxınlıqda yenicə bir mağaza götürüb işlədirdi. Balam bayrağımızı o qədər sevirdi ki, atasına da irad tuturdu ki, dükana niyə bayraq asmamısan. Əsgərlikdən evə zəng edəndə deyirdim ki, Emin sağ-salamat hərbi xidməti başa vur evə dön. Atan, anan xəstədi. Bilirdim ki, arzusu hərbiçi olmaq idi. Deyirdi ay nənə sən məndən nigaran olma, mən burda qalıb işləyəcəm, əsgərlərin başının üstündə olacam… O qədər vətənpərvər, dövlətini sevən oğul idi ki, yanında artıq-əksik heç nə danışmaq olmurdu. Axırıncı zəngi qəfil oldu. Sevincindən qanadı olsaydı uçardı Eminimin. Atasına dedi ki, hansısa təpəni ələ keçirmişik, qalib gəlmişik, irəliləyirik. Çox sevincək idi. Bu balamın bizimlə son danışığı oldu. Bir az keçdikdən sonra təkrar o nömrə ilə əlaqə saxladıq. Dedilər narahat olmayın Emin burdadı. Sonra nə qədər həmin nömrə ilə əlaqə saxlasaq da zəng çatmadı. Sən demə balam qəhrəmancasına şəhid olubmuş…"

 

 "deyərdi ki, ordan da bir qız alıb evlənəcəm"

 Sədaqət xanım isə övlad itkisi ağır olsa da, ona yeganə təsəllinin oğlu Eminin ucaldığı zirvə olduğunu söyləyir: "Elə uşaq vaxtından deyirdi mən əsgər olacam. Hamı maşınla oynayanda, Emin taxtadan düzəltdiyi avtomatla oynayırdı. Anayam, hər dəfə danışanda deyirdim Emin özünü qoru. Bu sözümdən acığı gəlirdi. Deyirdi elə demə. "Mən özümü qoruyum, o biri qorusun, bəs Vətəni kim qorusun?". Mənə deyirdi ki, mən orda sizi qoruyuram ki, siz evdə rahat yatasınız. Həmişə belə deyərdi: "bu torpağı qorumaq lazımdır. Hər kəs özünü fikirləşsə, erməni bura gəlib çıxar, ana-bacılarımızın başına nələr gətirdi ermənilər görmədiniz?".

Eminin anası onun uşaqlıqdan Vətənə bağlı olduğunu söyləyir: "Uşaqlıqdan arzulayırdı ki, Naxçıvanskini (Cəmşid Naxçıvanski adına hərbi lisey) oxuyacam. Balaca idi, deyirdi ki, sonra da Naxçıvana gedib orda hərbidə çalışacam. Hələ zarafata salıb deyərdi ki, ordan da bir qız alıb evlənəcəm".

Bu dəm söhbətə Xanımzadə nənə müdaxilə edir: " Mən də gülürdüm. Deyirdim buralarda qız tapmadın, gedib çıxdın Naxçıvana? Balam bir toyun yaraşığı idi".

 

 "Bu Eminin ən böyük arzusu idi"

 Eminin anası oğlunun həm vətənpərvər, həm də ailəcanlı olduğunu söyləyir: "Ali məktəbə sənəd vermişdi. Bir neçə balı çatmadı İdman İnstituna qəbul olmağa. Ondan sonra da əsgər getdi. Sən demə bizdən xəlvət müqavilə bağlayıb 3 illik orduda qalmaq üçün. Bu Eminin ən böyük arzusu idi. Deyirdi gedəcəm, döyüşüb şəhid olacam. Hərdən acıqlanırdım ki, elə demə, mən neyləyərəm səniz? Sözü bu olardı ki, bəs bir oğlunu əsgərə, döyüşə göndərənlər, övladı şəhid olan analar neyləsin? Həmişə deyirdi ki, sənin üç oğlun var, elə analar var ki, bir balası şəhiddi. Qoy mən də şəhid olum… Elə bil allah onun bu diləyini eşitdi. Arzusuna çatdırdı balamı…".

 

 

"Emin kükrəyərək düşmənin üzərinə yeriyib"

Söhbətimizin bu yerində Eminin kiçik əmisi Abdulla da otağa daxil olur. Eminin  uşaqlıqdan idmana, hərbiyə meyilli olduğundan söz açır: "Uşaqlıqdan cəsarətli, döyüşkən ruh vardı onda. Kikboks idman növü ilə məşğul olurdu. Çalışırdı bütün yarışlara qatılsın. Yarışlardan da əliboş geri dönmürdü. Medal, diploma gətirirdi. Ürəyi Vətən eşqi ilə çırpınırdı. Sözü o idi ki, şəhid olacam".

Eminin əmisi deyir ki, elə əsgərlikdə də, Emin könüllü kəşfiyyatçı olmuşdu: "Evə məzuniyyətə gələndə deyirdim ki, Emin kəşfiyyatçı olmaq elə də asan deyil. Amma o heç nədən qorxmurdu. Elə döyüşdə də qorxmayıb. Əsgər yoldaşları deyir ki, Emin kükrəyərək düşmənin üzərinə yeriyib. 10-dan çox ermənini məhv edib Emin. Əsgər yoldaşları deyir ki, komandiri sonuncu döyüşə Eminin də getməsinə icazə verməyib. Amma Emin yenə sinəsini irəli verib. Əsgərdəki dostlarının sözlərinə görə, Emin səhərə qədər yoldaşlarının silahını, çəkmələrini təmizləyib ki, komandir onun növbəti döyüşə girməsinə razılıq versin.  Axır ki, komandirini razı salıb. Onların dediyinə görə, komandiri Eminə həm də ona görə, növbəti döyüşə girməsinə icazə verməyib ki, onun həqiqi hərbi xidməti başa vurmasına iki gün qalıb. Amma Emin razı olmayıb. Deyib ki, mütləq döyüşdə şəhid olan əsgər yoldaşlarının intiqamını almalıdır. Hər dəfə hücuma keçəndə Emin qəhrəmancasına döyüşüb. Bunu Eminin hüzürünə gələn əsgər yoldaşları da söylədilər. Elə hərbi hospitalda kimə Eminin şəklini göstəririksə, adyalı üzünə çəkib ağlayır, onun qəhrəmanlığından danışır. Yoldaşları deyir ki, Emin sonuncu dəfə vurulan komandirinə yardım etmək, onu döyüş bölgəsindən çıxartmaq üçün özünü "güllə yağışı"nın altına atıb. Komandirini xilas etsə də, özü naqis gülləsindən yayına bilməyib… Arzuladığı şəhidlik zirvəsinə yüksəlib. Əsgər yoldaşlarının dediyinə görə, elə yüksəkliyə bir neçə addım qalmış, "Lələ təpə"nin başına çatmağa az qalmış Emin qəhrəmancasına həlak olub"…

 

Əmisi deyir ki, Eminin atasına da son sözü elə şəhidliklə bağlı olub: "Atası deyir ki, mənə Emin söhbətimizdə dedi ki, "ata səni elə zirvəyə qaldıracam ki, Prezidentimiz sənin əlini sıxsın. Emin bizə Vətəni necə sevmək lazımdır onu öyrətdi. Özündən sonrakı nəsilə örnək oldu. Vətən uğrunda şəhid oldu. Biz Eminlə fəxr edirik".

 

qəhrəman şəhidin ilk müəlliməsi ilə söhbət...

Elə Eminin orta təhsil aldığı məktəbdə də hər kəs ondan danışır, onun bu məktəbin məzunu olması, göstərdiyi şücaətlə fəxr edir. Bakının Binəqədi qəsəbəsində yerləşən 182 saylı məktəbin direktoru Ziynət Tağıyeva da Eminin onların qürur yeri olduğunu söyləyir: "Emin bizim məktəbimizin fəxridir. Özü cismən aramızdan getsə də, ucaldığı zirvə onu daim bizim qəlbimizdə yaşadacaq. Bu sözlər pafoslu səslənsə də, Emin üçün bütün məktəb qürur duyur. Bizim məktəbimizin şagirdlərinə vətənpərvərliyi təbliğ etmək üçün daha kitaba, şeirə ehtiyac yoxdur. Emin bu məktəbin şagirdlərinə, Azərbaycan gəncliyinə Vətəni sevməyi aşılayan canlı örnəkdir".

Elə məktəbdə ikən Eminə ilk dəfə qələm tutmağı, Vətən sözünü yazmağı öyrədən ilk müəlliməsi Sevda Əliyeva ilə də görüşdük. Gəlişimizin məqsədinin Eminlə bağlı olduğunu eşidən kimi kövrəldi Sevda müəllimə. Gözündən axıb yanağına diyirlənən yaşı sildikdən sonra onunla söhbətə başlaya bildik. Əlini uzadıb "üçüncü partada otururdu" sözlərini güclə deyə bildi. Axan göz yaşlarına hakim olmağı bacarmayan Sevda müəllimə Eminin elə uşaqlıqdan əsgər olmağı arzuladığını söylədi: "Sinifdə hamıdan soruşurdum ki, böyüyəndə kim olacaqsınız? Uşaqların əksəriyyəti polis, həkim demişdi. Bircə Emin əsgər olacam dedi. Çox vətənpərvər uşaq idi. Bir az dəcəl olsa da, çox şirin, özünü istədən şagird idi Eminim… Vətənə aid şeirləri elə oxuyurdu ki… Məktəbdə "Mizan tərəzi" tamaşasını hazırladıq. O tamaşada Emin şah rolunu canlandırırdı. O tamaşa ilə "Gənc Tamaşaçılar Teatrı"nda birinci yeri tutduq. Emin çox gözəl ifa etdi öz rolunu. Məktəbdə də ictimai işlərdə fəal idi. Dostcanlı idi. Sinif yoldaşlarına qarşı kobud davranmazdı".

Sevda müəllimə qəhrəman şəhidimiz Emin Bağırovla son görüşünü belə xatırlayır: "Sonuncu dəfə məni yolda görəndə zənbilimi zorla əlimdən alıb kömək elədi evə qədər… Bu mənim sevimli şagirdim Eminimlə son görüşüm oldu. Amma Emin mənim qəlbimdə daim yaşayacaq. Ağıllı, tərbiyəli bir şagird olaraq, bu Vətən uğrunda canından keçən şəhidolaraq…."

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz