Əlaqə Arxiv
news Image
2016.04.21
09:45
| A A A
Əmək bazarının ixtisaslı kadr problemi
Vüqar Bayramov: “Əmək bazarıın ixtisaslı kadrlarla təmini sahəsində yaşanan problemlər bir çox məqamlardan qaynaqlanır” Yaşar Əsədov: “İxtisaslı kadr olmaq üçün təkcə ali məktəbi bitirmək kifayət deyil”

Azərbaycanda əmək bazarının yetərincə ixtisaslı kadrlarla təmin edilməsi sahəsində hələ də müəyyən problemlər var. Bir sıra sahələr üzrə ixtisaslı kadrlar hətta lazım olduğundan da artıqdır. Amma elə sahələr də var ki, orada lazımı qədər ixtisaslı kadrlar tapmaq qeyri-mümkündür. Məsələn, kənd təsərrüfatı sahəsində bir çox vacib kadrlar üzrə ixtisaslı mütəxəssislər çox azdır.

Kadr sahəsində yaşanan bu boşluqlar istər-istəməz həmin sahədə müəyyən çatışmamazlıqların da yaranmasına səbəb olur.

İqtisadi və Sosial inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, əmək bazarıın ixtisaslı kadrlarla təmini sahəsində yaşanan problemlər bir çox məqamlardan qaynaqlanır:

"Ölkədə ixtisas seçimi və onun müəyyənləşdirilməsilə bağlı planlaşdırmada səhvlər var. Bəzi hallarda ixtisasa tələbin və əmək bazarının öyrənilməsində təəssüf ki, optimal metodlardan istifadə olunmur. Praktik olaraq, bir sıra hallarda tələb olunmayan ixtisaslar üzrə daha çox məzun olduğunu müşahidə edirik.

Bəzi hallarda tələb olunan ixtisaslar üzrə əmək bazarının tələbindən az məzun yetişdirilir. Bunun bir səbəbi də düzgün planlaşdırılmanın aparılmamasıdır. Planlaşdırılmanın düzgün aparılmaması əmək bazarında tələbin ödənilməsinə imkan vermir. Bazarlarda bir sıra hallarda mövcud kadr potensialı yetərincə deyil ki, bütün ixtisaslar üzrə lazımı qədər ixtisaslı kadrlar hazırlamaq mümkün olsun. Müəyyən ixtisaslar üzrə kadr potensialının zəifliyi əmək bazarında həmin ixtisaslar üzrə tələbin ödənilməsinə imkan vermir. Ona görə də vacibdir ki, müəyyən ixtisaslar üzrə təlimlər təşkil edilsin. Eyni zamanda ali məktəb müəllimlərinin müxtəlif təlimlərə göndərilməsinə, onların burada iştirak etməsinə ehtiyac vardır. Belə addım onların ixtisaslarını artırmağa imkan verər.

Eləcə xarici universitetlərlə əlaqələrin gücləndirilməsi, bəzi ixtisaslar üzrə mübadilə proqramlarının təmin edilməsinə ehtiyac var. Təəssüf ki, hazırkı reallıq müxtəlif ixtisaslar üzrə tələbin ödənilməsində problemlər mövcuddur və onların aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Bəzi ixtisaslar üzrə iş tapılmamasının səbəbi həmin ixtisasların hazırlanmaması ilə bağlıdır. Bəzi hallarda isə vətəndaşlar elə ixtisaslar var ki, ona maraq göstərmirlər. Nəticədə, həmin ixtisas üzrə ixtisaslı kadrları demək olar ki, tapmaq da çətin olur. Bu, xüsusən də peşə təhsil sisteminin ölkəmizdə zəif inkişafı ilə əlaqədardır. Bəzi ixtisaslar üzrə universitetlər ona maraq az olduğundan həmin sahələr üzrə ixtisaslı kadrlar hazırlamırlar. Ölkəmizdə peşə məktəbləri də demək olar ki, fəaliyyət göstərmir. Onların olmaması da sözsüz ki, həmin ixtisaslar üzrə təcrübəli mütəxəssislərin az olmasına gətirib çıxarır. Ona görə təcili olaraq peşə məktəblərinin təşkil edilməsi, onlar vasitəsilə tələbin ödənilməsinə ehtiyac var".

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, bəzi ixtisas sahələrində perspektiv görünmədiyindən insanlar həmin sahələrə maraq göstərmirlər: "Universitetləri bitirən məzunlar prinsip etibarı ilə formal cəhətdən baxanda hamısı ixtisaslı kadrlardır. Hamısı hansısa konkret ixtisas üzrə təhsil alıb, təcrübə və praktika keçiblər. Yəni formal cəhətdən onların hamısı öz konkret sahələri üzrə tam hazırlıqlı mütəxəssislərdir. Lakin gerçəklikdə ixtisaslı kadr olmaq üçün təkcə ali məktəbi bitirmək kifayət deyil, gərəkdir ki, hansısa sahədə işləyəsən. Nəzəri cəhətdən toplanılan bilikləri praktikada tətbiq etmək lazımdır. Lakin ölkəmizdə bu istiqamətdə böyük çatışmazlıqlar var.

Bir çox hallarda görürük ki, universiteti bitirənlər öz ixtisası üzrə iş tapa bilmir, yaxud da həmin iş onu qane etmədiyindən, məcbur olur başqa sahədə çalışır. Ölkədə ali təhsil almış o qədər kadrlar var ki, öz ixtisası üzrə deyil, başqa sahələrdə çalışırlar. Peşə məktəblərinə gəldikdə, burada struktur cəhətdən nöqsanlar var. Müstəqilliyin ilk illərində bütün peşə məktəbləri institutlara, institutlar universitet və onlar da akademiyalara çevrildi. Nəticədə praktiki olaraq peşə məktəbləri yox oldu. Yalnız son illər, Təhsil Nazirliyində rəhbərlik dəyişəndən sonra görürük ki, peşə məktəblərinə diqqət bir qədər artırılıb. İnsan adətən çalışır ki, gələcək perspektivi olsun. Bir sıra hallarda görür ki, bu və ya digər peşənin perspektivi yoxdur, ona görə də ona maraq göstərmir. Nəticədə də həmin sahədə ixtisaslı kadr qıtlığı yaranır. Amma bu ilin yanvarında Prezident qeyri-neft sektoru üzrə daxili istehsalın artırılması ilə bağlı tapşırıqlar verdi. Güman edirəm ki, həmin tapşırıqdan irəli gələn qərarların yerinə yetirilməsi nəticəsində bir sıra ixtisaslı kadrlar üzrə perspektiv yaranacaq. Bu da həmin sahələrin bacarıqlı kadrlarla təminatında mühüm rol oynayacaq".

Sizin Reklam Yeriniz