Əlaqə Arxiv
news Image
2016.04.26
09:45
| A A A
Yolların qəniminə çevrilən yük avtomobilləri
Azər Allahverənov: “Bütün rıçaqları işə salmaqla bu sahədə ciddi irəliləyişlər əldə etmək olar” Şəmsəddin Əliyev: “Qaydaları pozan yük avtomobillərin sahibi olan şirkətlərə daha çox cərimə və təzminatlar tətbiq edilməlidir”

Bakı şəhərının mərkəzınə ağır tonnajlı yük maşınlarının girişinə gündüz saatlarında qadağa qoyulub. Amma aparılan araşdırmalar göstərir ki, bir çox hallarda bu qadağaya məhəl qoyulmur. Paytaxt yollarında belə avtomobıllərə günün istənilən vaxtlarında rast gəlmək mümkündür.

Qadağan olunmasına baxmayaraq, günün istənilən vaxtında paytaxtın avtomobil yollarında ağır ağırtonajlı yük avtomobıllərı sərbəst şəkildə hərəkət edir. Ekspert Azər Allahverənov düşünür ki, bütün rıçaqları işə salmaqla problemin həllinə nail olmaq olar: "Ağır tonajlı yük maşınlarının gündüz saatlarında qadağalara baxmayaraq, şəhərin mərkəzinə daxil olması problemi izahını geniş tələb edən bir məsələdir. Bu problem həqiqətən də kifayət qədər aktualdır.

Təəssüflər olsun ki, nəinki 5 tondan yuxarı yük götürmək qabiliyyətində olan maşınlar, hətta yüklənmiş şəkildə avtomobillərin də günorta saatlarında Bakı yollarında hərəkətdə olduğunun şahidi oluruq. Bu hal asfalt örtüyünə mənfi zərər vurur. Qarşıdan isti havalar gəlir. Havanın isti olduğu şəraitdə isə asfalt üzlüyündə bir qədər yumşalma baş verir və daha ağır tonnajlı yük maşınlarının təzyiqi altında deformasiyaya uğrayır. Digər tərəfdən, bu halda təhlükəli şərait də yaranır. Çünki yollar onsuz da kifayət qədər yüklənib. Belə bir vəziyyətdə yük maşınlarının sayının çox olması da yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına əngəl törədir. İstənilən halda bu məqam ondan qaynaqlanır ki, böyük ehtimalla prosesə nəzarət çox zəifdir. Ya da ki, görülən nəzarət tədbirləri kifayət etmir.

Şəhərdə müəyyən sayda yol-patrul xidməti əməkdaşları növbədə olurlar. Bakı şəhərində 200-dən bir qədər artıq yol-patrul xidməti ekipajı var. Bu isə şəhərin bütün perimetri üzrə küçələrdə nəzarəti həyata keçirə bilməyə kifayət etmir. Nəticə etibarı ilə ağır tonnajlı yük maşınlarının günün günorta çağlarında da şəhərin mərkəzində hərəkət etdiyinin şahidi oluruq. Digər qurumlar tərəfindən həyata keçirilən nəzarət də çox zəifdir. Hesab edirəm ki, bütün rıçaqları işə salmaqla bu sahədə ciddi irəliləyişlər əldə etmək olar. Amma hər şeydən öncə nəzarət gücləndirilməlidir. Bununla yanaşı, həmin yük maşınlarının sahibi olduğu şirkətlərin məsuliyyətini artırmaq gərəkdir. Müəyyən maarifləndirmə işlərinə də ehtiyac vardır. Çünki bəzi hallarda sürücülər pul qazanmaq üçün müəyyən risqlərə gedirlər ki, bu da müəyyən təhlükələr yaradır. Bu səpkidə işləri həyata keçirməklə problemin həllində müsbət nəzitələr əldə etmək də olar".

"Polisə dəstək" ictimai birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, qaydaları pozan yük avtomobillərin sahibi olan şirkətlərə daha çox cərimə və təzminatlar tətbiq edilməlidir: "Düşünürəm ki, avtomobillərin hərəkəti ilə bağlı qanunvericilik bazasına kifayət qədər dəyişiklik və əlavələr edilib. Hər dəfə də onu sərtləşdirməklə bu və ya digər neqativ halların qarşısını almağı güman edirik. Amma təəssüf ki, alınmır.

Sovet dönəmində şəhər daxilində hərəkət edən yük avtonəqliyyat vasitələrinə Bakı Dövlət Yol Polisi tərəfindən xüsusi icazə verilərdi. Belə bir icazə olmadan heç bir yük maşını şəhərdə hərəkət edə bilməzdi.

Hazırda qanunvericilikdə dəyişiklik edilir, cəzaları sərtləşdirilir, amma yenə də problem həllini tapmır. Bu əsasda düşünürəm ki, həmin yük avtomobillərin sahibi olduğu şirkətlər o yolların təmiri üçün təzminat ödəməlidirlər. Həqiqətən də yük maşınlarının hərəkət etdiyi zolaqda yolun tez bir zamanda dağıldığının şahidi oluruq. İri qabaritli maşınların şəhərin mərkəzi küçələrində icazəsiz, təyin olunmuş vaxtdan əvvəl hərəkət etməsinə görə onların sahibi olduğu şirkətlər aylıq təzminatlar ödəməlidirlər. Həmin cərimə və təzminatların tətbiq edilməsilə problemin həllinə nail ola bilərik. İnsanların özlərini də qanunlara, cəmiyyətə hörmət ruhunda tərbiyə etmək lazımdır. Deyilənə görə, sürücülərin də etik davranış qaydaları tətbiq ediləcək. Belə bir addımın atılması fikrimcə, sürücülərin yol hərəkəti qaydalarına əməl etmələrinə mühüm töhfə olacaq. Görünən odur ki, cəzaları sərtləşdirməklə ciddi nəticə əldə edə bilmirik. Ona görə də sürücülərin etik davranış qaydalarından keçməsi lazımdır".

Sizin Reklam Yeriniz