"Elektron hökumət" portalı istifadəyə verildiyi tarixdən bu
günədək təqdim olunan elektron xidmətlərə müraciət sayı 23
milyondan artıqdır. Bu statistik rəqəmi portala yerləşdirilmiş
sayğac vasitəsi ilə hər bir vətəndaş real vaxt rejimində izləyə
bilər. Elektron xidmətlərdən bəhrələnən bu istifadəçi dinamikası
ölkəmizdə "Elektron hökumət" ideyasının sürətlə gerçəkləşməsini
təsdiq edir. Portalın təqdim etdiyi 424 sosial xidmət, 12 elektron
arayış, 250 növ ödəmələri özündə birləşdirən elektron ödənişlər
sistemi və bank xidmətlərindən istifadə sayının saniyələrlə
artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür. "Elektron
hökumət"i meydana gətirən təməl ünsürləri dövlət qurumlarının,
təşkilatların elektronlaşması ilə yanaşı, vətəndaşların da
"elektronlaşmasıdır". Artıq elektron xidmətlərdən istifadə etmək
vərdişinə yiyələnən vətəndaşların say çoxluğu xidmətlərin rəqəmsal
mühitə daşınmasının zərurət olduğunu bir daha sübut edir.